Namazı zamanı huşunu itirən prezident Erdoğan daha sonra Qətər barədə danışıb

Erdogan Fotonun müəllifi Getty Images

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ramazan bayramının son günü namaz qılarkən huşunu itirib, Türkiyə mətbuatı bildirib.

Bazar günü namazdan sonra mətbuat konfransı keçirən cənab Erdoğan Körfəz ölkələrinin Qətərdən Türkiyənin hərbi bazasını bağlamaq tələbini "qəbuledilməz" adlandırıb.

Cümə günü Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn sanksiyaların qaldırılması üçün Qətərə, Al Jazeera dövlət yayım şirkətinin bağlanması və ölkədəki Türkiyənin hərbi bazasının qapadılması da daxil olmaqla 13 şərt təqdim ediblər.

Qətər sanksiyaları "qanunsuz blokada" adlandırıb və təqdim edilən şərtləri rədd edib.

Prezident Erdoğan Qətəri bu mövqeyində dəstəklədiyini deyib, Sabah qəzeti yazıb.

Türkiyə prezidenti, həmçinin Səudiyyə Ərəbistanında da hərbi baza açmağı təklif etdiyini, lakin təklifinə hələ cavab almadığını bildirib.

O, Körfəz ölkələrinin Türkiyənin Qətərdəki bazasının bağlanılması tələbini "Türkiyəyə qarşı hörmətsizlik" adlandırıb.

Namaz qıldıqdan sonra huşunu itirdiyini təsdiqləyən cənab Erdoğan, bunun səbəbinin qanındakı şəkər azlığı olduğunu izah edib, Sabah qəzeti bildirib.

"Bu gün xüsusilə şəkər səbəbindən təyziq artımından başım gicəllənib. Həmd olsun qısa müddətə keçib. İndi vəziyyətim yaxşıdır", o, deyib.

Bu barədə daha geniş