Ermənistan hökümətinin 5 illik fəaliyyət proqramında nələr var?

Ermənistan parlamenti Fotonun müəllifi Gov.am
Image caption Ermənistan parlamenti hökümətin yeni 5 illik proqramını bəyənsə də, müxalifət narazı qalıb

Ermənistan parlamenti baş nazir Karen Karapetyanın başçılıq etdiyi Ermənistan hökumətinin beşillik fəaliyyət proqramını qəbul edib.

Proqramın lehinə parlamentdə çoxluq təşkil edən hakim Respublikaçılar Partiyası və bu partiya ilə koalisiyaya daxil olan Daşnaksutyun fraksiyasının 64 üzvü səs verib.

Proqramın əleyhinə 31 səslə "Tsarukyan" və "Çıxış" parlament fraksiyalarının üzvləri çıxış edib.

Proqramın məqsədi nədir?

Hökumətin 2017-2022-ci il fəaliyyət proqramını Milli Məclisə təqdim edən Baş Nazir Karen Karapetyan başçılıq etdiyi Nazirlər Kabinetinin "bu iddialı proqramı həyata keçirmək üçün işləməyə hazır" olduğunu bəyan edib.

125 səhifəlik proqram dörd əsas hissədən ibarətdir: dövlət idarəçiliyi və hüquq sistemi, xarici siyasət və müdafiə, iqtisadi tərəqqi və sosial sahə.

Proqram üzrə beş il ərzində ÜDM-də ixracat hissəsinin 40 faiz, minimal əmək haqqının 25 faiz artırılmasını və yoxsulluq səviyyəsinin 12 faiz ixtisar edilməsini nəzərdə tutulur.

Hazırda ÜDM-də ixracatın payına 16 faiz düşür, yoxsulluq səviyyəsi isə, rəsmi statistikaya əsasən, 30 faizdən artıq təşkil edir.

Proqramı kim həyata keçirəcək?

Bəzi millət vəkillərinin hökumət proqramının məzmunundan daha çox 2018-ci ildən sonra kimin Baş Nazir vəzifəsində olacağı məsələsi maraqlandırırdı.

Müxalif "Yelk" ("Çıxış") parlament fraksiyası hesab edir ki, hökumət, proqramını müzakirəyə çıxarmaqdan əvvəl kimin 2018-ci ildən sonra Nazirlər Kabinetinə başçılıq edəcəyini bilmək vacibdir. Çünki beşillik hökumət proqramının gerçəkləşdirilməsi Baş Nazirin kimliyindən asılıdır, "Çıxış" fraksiyasının üzvü Edmon Marukyan deyir.

Müxalifət hazırkı Baş Nazirin 2018-ci ildə vəzifədən azad edilib, onun yerini ikinci və Konstitusiyaya əsasən, son prezidentlik müddəti başa çatmış Serj Sarkisyanın tutacağını ehtimal edir.

Baş nazir Karen Karapetyan isə müxalif millət vəkillərinin buna dair sualına birmənalı cavab vermir.

"Biz kimin növbəti Baş Nazir olacağı sualımıza cavab gözləyirik. Siz olacaqsınızsa, deyin, indidən məlum olsun. Yox, əgər belə deyilsə, siz, gələn ilin aprel ayında artıq yeni Nazirlər Kabineti tərəfindən parlamentə yeni proqram təqdim ediləcəyini bilə-bilə, beşillik proqramın həyata keçiriləcəyini necə təsəvvür edirsiniz?" - deyə,Marukyan Baş Nazir Karapetyana müraciət edib.

Proqrama kimlər etiraz edib?

Fotonun müəllifi Gov.am
Image caption Müxalifət Baş Nazir Karen Karapetyanın planını "geriləmə" adlandırıblar

"Çıxış" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan isə hökumət proqramının əleyhinə səs verdiklərini onunla izah edib ki, bu proqram Hökumətin deyil, Ermənistan Respublikaçılar Partiyası (ERP) və onun lideri, "ölkədə bütün uğursuzluqlar üçün cavabdeh olan Serj Sarkisyanındır".

"Bizə deyirlər: sizin üçün nə fərqi var, 2018-ci ildə kim Baş Nazir olacaq? Fərqi var! Çünki siz prosesləri elə yeridirsiniz ki, Serj Sarkisyanı Baş Nazir edəsiniz... Bəli, Ermənistan Respublikasında bütün uğursuzluqlar üçün bir nömrəli cavabdeh Serj Sarkisyandır", - Nikol Paşinyan bəyan edib.

Müxalif millət vəkili hakim ERP təmsilçilərinin Ermənistanın təhlükəsizliyi ilə bağlı çıxışlarını da tənqid edib: "Nə təhlükəsizlikdən danışırsınız ki, hər həftə ön xətdə itkilər verir, hektarlarla ərazilər itiririk?".

Respublikaçıların parlament seçkilərində əhalinin etimadını qazandıqları barədə iddialarına qarşı duraraq, "Çıxış" fraksiyasının rəhbəri hakim partiyaya bunun üçün nə qədər pul xərclədiklərini açıqlamağı məsləhət görüb.

"Bu etimadı əldə etmək üçün neçə 10 minlik dramlar payladığınızı deyin", - Paşinyan sual edib.

Əleyhdarlar başqa nədən narazıdır?

Hökumət fəaliyyət proqramının əleyhinə səs verən "Tsarukyan" fraksiyasının üzvü, parlament sədrinin müavini Mikayel Melkumyan bu proqramın 2012-2017-ci il proqramı ilə müqayisədə "geriləmə" adlandırıb.

Onun sözlərinə görə, "iqtisadi artım, investisiyalar həcmi, minimal əmək haqqı ilə bağlı bütün müddəalar uğursuzdur".

"Əvvəlki proqramlar müvəffəqiyyətsizliyə uğrayıbsa, bunun da əqidəsinin eyni olacağında şübhələnməyə nə əsas var?"

"Tsarukyan" fraksiyasının üzvü Naira Zohrabyan da hökumətin iqtisadi inkişaf və korrupsiya ilə mübarizəyə dair vədlərinin yerinə yetirilmədiyini xatırladıb.

İnvestisiya proqramlarının yerinə yetirilmədiyi isə, xanım Zohrabyanın sözlərinə görə, "vergi təzyiqi və korrupsiya" mane olur.

Müxalif millət vəkili hökumətin minimal əmək haqqının artırılması və yoxsulluq səviyyəsinin aşağı salınması planlarının da yerinə yetiriləcəyində şübhələnir.

"Büdcə üzrə nəzərdə tutulan illik 4 faiz qiymət artımı şəraitində yoxsulluq problemini həll etmək mümkün deyil", - Naira Zohrabyan deyir.

O deyir ki, 2012-ci ildə qəbul olunmuş hökumət proqramı yerinə yetirilsəydi, minimal əmək haqqı indiki 55 min dram deyil (təxminən 115 dollar), artıq bu gün 2022-ci il üçün nəzərdə tutulan səviyyədə olmalı idi.

Bu barədə daha geniş