Gürcüstan xaricilərə torpaq satılmasını niyə qadağan edib?

Fermerlər
Image caption Gürcüstanın bundan əvvəlki hakimiyyəti ümid edirdi ki, xarici fermerlərin təcrübə və investisiyaları ölkənin kənd təsərrüfatının canlanmasına kömək edə bilər

Bir vaxtlar bütün dünyadan fermerləri dəvət edən Gürcüstan indi torpağın əcnəbilərə verilməsinə məhdudiyyətlərin tətbiqinə başlayır. Kənd təsərrüfatı torpaqlarının əcnəbilərin mülkiyyətinə verilməsinə qoyulan moratorium artıq qüvvədədir, yaxın gələcəkdə isə ölkə konstitusiyasında təsbit olunacaq.

Kaxetiyada qızmar günəş altında kombaynların uğultusu pəncab dilində danışanların səsinə qarışıb.

Bir neçə il əvvəl onlarca hindistanlı burada torpaq alıb. Onlar ümid edirdilər ki, münbit torpaq və mülayim iqlim buralarda sərfəli təsərrüfat yaratmağa imkan verəcək.

"Hindistanda əhalinin sayı əkinçilərdən çoxdur. Gürcüstanda isə o vaxtlar torpaq almaq mümkün idi. Biz də buna görə burada torpaq alıb təsərrüfat yaratdıq. Biz Gürcüstana gələndə burada boş, istifadəsiz torpaq çox idi", - deyir Kaxetiyada 2002-ci ildə 50 hektar torpaq almış Qurpit Sinqh Brar.

Brar o vaxtkı qərarından peşman deyil və deyir ki, yaxşı məhsul alıb yerli bazarda satır.

Lakin xaricilərə torpaq satışına qoyulmuş moratorium o deməkdir ki, o artıq yeni torpaq sahələri ala bilməyəcək.

Yeni Konstitusiya

Gürcüstanın bundan əvvəlki hakimiyyəti ümid edirdi ki, xarici fermerlərin təcrübə və investisiyaları ölkənin kənd təsərrüfatının canlanmasına kömək edə bilər.

Amma bu gün hökumət deyir ki, adambaşına 0, 24 hektar torpaq düşən ölkədə belə sərbəst satışa haqq qazandırmaq olmaz və bu, milli maraqlara ziddir.

Kənd təsərrüfatı torpaqlarının xaricilərə satılmasına iyunun 16-da parlamentdə təcili qaydada qəbul edilmiş moratorium hələ Konstitusiyanın yeni redaksiyası qəbul edilmədən qüvvəyə minəcək.

Hindli fermerləri

Image caption Hindli fermerlər deyirlər ki, Gürcüstanda özlərinə qarşı heç bir bədxahlıq hiss etmirlər

Bu müddətdə xaricilər kənd təsərrüfatı təyinatlı torpaqlarına sahibliyi qeydiyyata aldıra bilməyəcəklər. Eyni məhdudiyyətlər xarici hüquqi şəxslərə də şamil ediləcək.

Ədliyyə Nazirliyinin bildirdiyinə görə qanunvericilik dəyişiklikləri artıq torpaq sahibi olan xaricilərə tətbiq olunmayacaq.

Hökumət isə qeyd edir ki, Konstitusiyaya düzəlişlərdən sonra əcnəbilər torpaq ala bilməyəcəklər, torpaq icarəsi isə yalnız xüsusi hallarda mümkün olacaq.

Konstitusiyaya qəbulu bu payız gözlənilən dəyişikliklərə görə xüsusi əhəmiyyətli resurs olan torpaq yalnız dövlətin, Gürcüstan vətəndaşlarının və onların birliklərinin, habelə özünüidarə vahidlərinin mülkiyyətində ola bilər. Bu qanundan istisnalar da nəzərdə tutulacaq.

Müdafiə, yoxsa fobiya?

Hakim partiyada deyirlər ki, torpaqların xaricilərə satılmasına məhdudiyyətlərin qoyulması Gürcüstan əhalisinin tələbidir. Bundan başqa bu məsələ ölkənin milli təhlükəsizliyi ilə bağlıdır.

"Bizim çox spesifik geosiyasi mövqeyimiz var. Gürcücstanın xeyli böyük ərazisi işğal olunub. Buna görə də biz ehtiyat tədbirləri görməliyik. İlk növbədə milli təhlükəsizlik baxımından" - parlamentin aqrar məsələlər komitəsinin sədri Otar Daneliya BBC Rus xidmətinə bildirir.

Müxalifətin və ekspertlərin bir qismi məhdudiyyətləri haklimiyyətin populizmi adlandırır. Onların fikrincə bunun nəticəsi xarici investisiyaların və torpaq qiymətlərinin azalması olacaq.

Lakin hakim partiya bildirir ki, torpağın sərbəst satışı kənd təsərrüfatı sektoruna əhəmiyyətli birbaşa xarici investisiya gətirməyib.

"Belə siyasi azadlığa baxmayaraq kənd təasərrüfatına birbaşa xarici investisyaların kritik kütləsi qeydə alınmayıb. Bundan başqa dövlət kənd təsərrüfatını prioritet sektor elan etdikdən sonra səfərbər edilmiş yerli investisiyalar birbaşa xarici investisiyalardan bir neçə dəfə çox olub" - deyir Daneliya.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə birbaşa investisiyalar ötən il 1,64 milyard dollar təşkil edib. Bunun yalnız 10 milyon dolları kənd təsərrüfatına yatırılıb.

"Antikonstitusiya qadağanı"

Moratoriumun tətbiqi hakimiyyətin torpağın əcnəbilərə satışına məhdudiyyət qoyulması üçün etdiyi ilk cəhd deyil. Analoji qanuvericilik dəyişiklikləri 2013-cü ildə də qəbul olunub, lakin o vaxt bu dəyişikliklərin antikonstitusiya xarakterli olduğu bildirilib.

Transparency International təşkilatının Gürcüstan şöbəsi 2013-cü ildə bu dəyişikliklərdən şikayət vermişdi. İndi elan edilmiş moratorium eynən 2013-cü il dəyişikliklərini təkrar edir və eynilə antikonstitusiya xarakterli sayıla bilər.

Bu təşkilatın hüquqşünası Teona Zakaraşviliyə görə bu dəyişikliklər qəbul edilərkən onların iqtisadi nəticələri nəzərə alınmayıb.

Zakaraşvili qeyd edir ki, bu gün bütün Gürcüstanın kənd təsərrüfatı torpaqlarının yalnız 0, 8 faizi xaricilərin mülkiyyətindədir. Bunlar bütün əkinə yararlı torpaqların 5 faizini təşkil edir.

"Bu böyük təhlükələrdən, miqyaslı torpaq satışından danışmaq üçün olduqca kiçik rəqəmdir" - deyir hüquqşünas.

Bununla yanaşı xaricilərin Gürcüstanda torpaq alması heç də həmişə rahat olmayıb.

Image caption Kaxetiyada 50 hektarlıq torpaq almış Qurprit Sinqh Brar deyir ki, hindli fermerlər icarə üçün Gürcüstana gəlməyəcəklər

Bəzi hallarda xaricilərin əlinə düşən torpaqlar əvvəllər ümumi istifadədə olmuşdu. Belə hallarda yerli sakinlərlə münaqişələr və etirazlar olurdu.

"Belə hallarda torpaq dövlət tərəfindən satılırdı. Belə torpaqların yarısı dövlətin mülkiyyətindıədir. Bizdə belə hallar da olurdu ki, örüş yerini xaricilərə satırdılar, halbuki elə o sahənin yanındaca boş torpaqlar qalırdı. Ona görə də bu işdə dövlətin rolu böyükdür" - deyir hüquqşünas.

"İcarə etmək üçün bura heç kəs gəlməyəcək"

Hindistanlı fermerlərin torpaq sahələri aldıqları Kaxetiyanın Siqnaxi rayonunda torpağın xaricilərin mülkiyyətinə verilməsinə qoyulmuş moratorium demək olar heç kəsi biganə qoymayıb.

Burada torpağın əcnəbilərə verilməsinə qoyulmuş qadağaya qarşı çıxanlar yoxdur.

"Bu çox yaxşı xəbərdir. Əgər belə bir məhdudiyyət qoyulsa, gürcü xalqı rahat nəfəs alar. Biz torpağı az olan ölkəyik, heç Gürcüstan bayrağını sancmağa da yerimiz yoxdur. Gürcülərin bu qədər torpağı yoxdur. Torpağı necə xaricilərə satmaq olar! Mən şəxsən bunun tam əleyhinəyəm" - deyir Sakobo Şota Kanaşvili.

Onun həmsöhbəti Georgi Cibqaşvili deyir ki, sakinlər torpaqlarını ehtiyacdan satırdılar.

"Amma əcnəbilərə baxımsız və atılmış torpaqlar satılırdı. İndi bu torpaqlar becərilir. Lakin torpağı mülkiyyətə həmişəlik vermək başqa söhbətdir. Əgər icarəyə verilsə, məgər əcnəbi onu belinə alıb öz vətəninə aparacaq? Torpaq burda qalacaq" - deyir Georgi.

Qurpit Sinqh Brar deyir ki, heç bir narazılığı yoxdur və yerli sakinlərlə münaqişəsi olmayıb.

O əmindir ki, Pəncab fermerləri bu ölkənin kənd təsərrüfatına əhəmiyyətli töhfə verə bilərdilər. Onsuz da bu gün Gürcüstanın xeyli torpaqları istifadəsizdir.

Amma o öz ölkəsindən gələcəkdə kiminsə Gürcüstanda torpağın sahibi olmadan onu icarə etmək üçün gələcəyinə inanmır.

"Biz çox zəhmətsevər xalqıq, xüsusilə də fermerlikdə. Ona görə də hamımızın arzusu yeni torpaqlar alıb sahələrimizi genişləndirməkdir. Bu, qadağanın qüvvəyə minməsindən sonra mümkün olmayacaq, - deyir o, - Amma biz artıq burdayıq, torpağımız var və buna görə də sahəmizi genişləndirmək üçün torpaq icarəyə götürürük. Lakin bura yalnız icarəyə görə yeni fermerlər gəlməyəcək".

Əlaqəli mövzular

Bu barədə daha geniş