Moskvada söküntü: nə boyda yaşayış sahəsi söküləcək?

Moskvada "xruşşovka" sökülür Fotonun müəllifi EPA
Image caption Bu bina Moskvada oktyabr ayında sökülüb.

Rusiya paytaxtında "abadlıq" işləri indiyədək Moskvada görünməmiş miqyasda söküntü işlərinin aparılmasını nəzərdə tutur.

Moskva meri Sergey Sobyanin beşmərtəbəli "xruşşovkaları" sökmək istəyir.

Bu plan ümumilikdə 15 milyon kvadrat metr yaşayış sahəsinin təzələnməsini nəzərdə tutur.

BBC, Moskvada söküləcək sahənin miqyası barədə təsəvvür əldə etmək üçün, həmin ümumi sahənin dünyanın digər paytaxt şəhərlərinin mərkəzində yerləşdirilməsini modelləşdirib.

Təkliflər nədən ibarətdir və necə dəyişib

Moskva meriyası təkid edir ki, "abadlaşdırma" layihəsinin əsasında yaşayış şəraiti ilə bağlı nigaranlıq durur.

Lakin, Sergey Sobyaninin 8 mindən çox yaşayış binasını sökmək barədə ilkin planı sərt müqavimətlə qarşılandı.

Etirazlarla üzləşən şəhər höküməti planlarının miqyasını bir qədər kiçiltdi.

Eləcə də qərara alındı kı, yaşayış binasını sökmək üçün sakinlərin azı üçdə ikisi oradan köçməyə razı olmalıdır.

Sakinlərin köçürülməsi bu ilin payızında başlamalıdır.

Sökülən xruşşovkaların sakinlərinə yaxın 10-15 il ərzində yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarına köçmək təklif olunacaq.

Şəhər höküməti yüzminlərlə moskvalının köçürülməsini təmin etməlidir.

Hökumətə bu layihə niyə lazımdır?

Fotonun müəllifi Reuters
Image caption President Putin paytaxt meri Sobyaninin "abadlaşdırma" planını dəstəkləyib.

Sökülməsi nəzərdə tutulan binaların əksəriyyəti 1950-1960-cı illərdə Sovet lideri Nikita Xruşşovun dövründə tikilmişdi. O zaman SSRİ-də hamını mənzillə təmin etmək proqramı həyata keçirilirdi.

Həmin binaların inşasında diqqət gözəlliyə yox, binanın funksionallığına verilirdi.

"Xruşşovkalar" adı ilə məşhurlaşan həmin binalar vətəndaşlara mətbəxi və hamam otağı şərikli istifadə olunan kommunal mənzillərdən daha rahat, ayrıca tualeti və mətbəxi olan evlərə köçmək imkanı qazandırdı.

O zaman birinci yerdə duran davamlılıq yox, sürət idi.

Həmin kampaniyanın ilk dalğası dövründə tikilmiş mənzillərin keyfiyyəti aşağı idi.

İndi paytaxt hökuməti həmin mənzillərin yenilənməsinə ehtiyacın yarandığını bildirir.

Meriyanın bildirdiyinə görə, "abadlaşdırma" planına təkan verən, moskvalıların özlərinin yaşayış şəraitlərini yaxşılaşdırmaq tələbi olub.

Köçürülmə planının tərəfdarları 3.5 trilyon rubla ($62.1 milyard) başa gələcək bu layihənin həyati əhəmiyyət daşıdığını bildirir.

Rusiyanın sürətlə inkişaf edən paytaxtında 12 milyon əhali yaşayır.

Meriyanın məntiqinə görə, köhnə, az sayda sakini olan binalar sökülməsə, şəhərdə mənzil böhranı və ev kirayəsi haqqının artması qaçılmaz olacaq.

Nə tənqid edilir?

Fotonun müəllifi Reuters
Image caption Moskvada mayın 14-də keçirilmiş narazı sakinlərin mitinqində 5,000-dən 30,000-dək insan iştirak edib.

Etirazçılar hesab edir ki, bu planın arxasında duranlar Moskvanın mərkəzindəki bahalı ərazini ələ keçirmək, digər tərəfdən isə, paytaxtın kənarında tikilmiş lakin boş qalan yeni binaları sakinlərə sırımaq istəyirlər.

Çoxları mərkəzdən uzağa, ucqarda yerləşən göydələn binalara köçürüləcəyindən ehtiyat edir.

"Abadlaşdırma" layihəsinin əleyhdarları mülkiyyət hüquqlarının pozulmasını bildirir.

Bir çoxları, dövlət tərəfindən ədalətli kompensasiya verilməyəcəyindən qorxur.

Son aylar ərzində minlərlə moskvalı söküntü planlarına qarşı təşkil edilmiş mitinqlərdə iştirak edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş