Rusiya Azərbaycandan erməni əsilli vətəndaşlarına qarşı "ayrı-seçkiliyi dayandırmağı" tələb edib

hava limani

Rusiya Xarici İşlər nazirliyi Azərbaycandan Bakı hava limanına gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı ayrı-seçkiliyi dayandırmağı tələb edir, Qazeta.ru xəbər saytı "İnterfaks" agentliyinə istinadən yazıb.

İnterfaksın məlumatına görə, Rusiya XİN-i bu barədə dəfələrlə Azərbaycana bu təcrübəni dayandırmağı və Heydər Əliyev adına Beynəlxalq hava limanında vəzifəli şəxslərin davranışına layiqli qiymət verməyi tələb etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev çərşənbə axşamı keçirilən mətbuat konfransında deyib ki, məsələ ilə əlaqədar Azərbaycan tərəfinin mövqeyi Rusiya tərəfinə izah olunub.

O həmçinin Azərbaycanın multikulturalizm ənənənələrinə malik olduğunu qeyd edib, lakin əlavə edib ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib.

"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın silahlı qüvvələri tərəfindən qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb", o deyib.

Hikmət Hacıyev deyib ki, bəzi milliyyətcə erməni olan şəxslərin hələ də etnik zəmində təfriqəçiliyin yaranması istiqamətində işlər aparır və o səbəbdən də bu kimi tədbirlər həyata keçirilir.

Nazirlik nümayəndələrinin sözlərinə görə, soyadları, adları və ya ata adları erməni mənşəli olan Rusiya vətəndaşları Bakı hava limanında bir neçə saat davam etmiş gecikdirilməyə məruz qalıblar, bundan sonra isə öz hesablarına "zorla" ölkədən göndəriliblər.

Sayt yazır ki, nazirlik cari ilin əvvəlindən 25 Rusiya vətəndaşının Azərbaycana daxil olmasının əngəlləndiyini bildirib.

Nazirliyin nümayəndələri bu halı "iki ölkə arasındakı dostluq münasibətləri ilə uyuşmaz" adlandırıblar.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. İki ölkə arasında 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

Bu barədə daha geniş