Türkiyə: Baş Nazirlikdə və iki universitetdə “FETO əməliyyatları”: 115 həbs qərarı

Həbs qərarı çıxarılanlardan altısı nazirlikdə və ya nazirliyə bağlı qurumlarda işləyirlər Fotonun müəllifi DHA
Image caption Həbs qərarı çıxarılanlardan altısı nazirlikdə və ya nazirliyə bağlı qurumlarda işləyirlər

Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində Ankarada Baş Nazirlikdə və İstanbuldakı Boğaziçi və Mədəniyyət universitetlərində əməliyyatlar həyata keçirilib.

Ümumilikdə 115 nəfər haqqında həbs qərarı çıxarılıb. Həbs olunan 42 nəfər arasında alim Koray Çalışkan da var.

BBC türk xidmətinin Ankara Respublika Baş Prokurorluğundan aldığı məlumata görə, nazirlikdə və nazirliyə bağlı qurumlarda həyata keçirilən əməliyyatlarda "Bylock istifadəçisi olduqları" səbəbiylə 43 nəfərin həbs edilməsinə qərar verilib.

Bu insanlardan 6-sı hələ də vəzifə başındadır.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyatlarda isə Boğaziçi Universitetindən biri professor olmaqla 8 nəfər, Mədəniyyət Universitetindən isə tibb fakultəsindən 19 müəllim daxil olmaqla 64 nəfərin həbs olunması barədə qərar qəbul edilib.

Universitetlərdə haqqında həbs qərarı çıxarılan 72 nəfərin "FETO/PDY (Fethullah Gülen Terror Qrupu/Paralel Dövlət Qurulması) akademik quruluş içində yer aldıqları, ByLock tətbiqindən istifadə etdikləri və FETO imamlarıyla təşkilati fəaliyyət göstərdikləri" iddia edilir.

Fotonun müəllifi TWITTER/@OGUZKSALICI

Çalışkan evində həbs olundu

Universitetlərə qarşı aparılan əməliyyatlar zamanı həbs olunanlar arasında Boğaziçi Universitetinin siyasət elmi və beynəlxalq əlaqələr fakultəsinin müəllim üzvü, dosent Dr. Koray Çalışkan da var.

Koray Çalışkan səhər saatlarında İstanbuldakı evində həbs olunub. Çalışkanın həbs olunduğunu Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Oğuz Kaan Salıcı Twitter-də yazıb.

Salıcı şəxsi hesabından paylaşdığı mesajda "Koray Çalışkan bir az əvvəl evində həbs olundu. Səbəbi məlum deyil, yeri bəlli olan alim bir dəfə də olsun ifadə verməyə dəvət olunmayıb" deyib.

Alimlikdən başqa müxtəlif qəzetlərdə guşə yazıları yazan Çalışkan 2015-ci ilin noyabr seçkilərindən əvvəl CHP-dən millət vəkili seçilmək üçün universitetdəki vəzifəsindən istefa vermişdi. Millət vəkili seçilmədiyi üçün o, vəzifəsinə geri qayıtmışdı.

Bu barədə daha geniş