Ukraynalılar üçün Rusiya vətəndaşlığının alınması sadələşdiriləcək

Pasport Fotonun müəllifi Viktor Bartenev/TASS

Öz ölkəsinin vətəndaşlığından imtina etdikləri barədə arayış təqdim edən ukraynalılara Rusiya pasportunu tezləşdirilmiş sürətdə almaq imkanı veriləcək.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, bu təşəbbüs Rusiyada yaşayan bir milyona yaxın ukraynalılara şamil ediləcək.

Rusiya Dumasının Dövlət Quruculuğu və Qanunvericilik üzrə komitəsi çərşənbə axşamı Rusiya vətəndaşlığını almaq istəyən Ukrayna vətəndaşları üçün əlavə imtiyazları təsbit edən düzəlişləri ikinci oxunuşda bəyənib.

Rusiya pasportunu almaq istəyən ukraynalıların bunun üçün Ukrayna vətəndaşlığından imtina barədə yazılı ərizəni DİN-ə təqdim etmələri kifayət edəcək.

Rusiya vətəndaşlığını adi və tezləşdirilmiş qaydada almaq mümkündür.

Adi qaydada pasportu alan ərizəçinin Rusiyada oturaqlıq haqqı olmalıdır və o, ölkədə ən azı, 5 il yaşamalıdır.

Düzəlişlərə əsasən, bundan sonra ukraynalılara yalnız Ukrayna vətəndaşlığından imtina etmələri barədə ərizə yazmaq, onu notariusda təsdiqləmək və DİN-ə təqdim etmək, Rusiya pasportunu almaq üçün kifayət edəcək.

Bu düzəlişlər digər ölkələrin vətəndaşlarına şamil edilməyəcək.

Ukraynalılar üçün nəzərdə tutlmuş düzəliş Rusiyada terrorçuluq və ekstremizmə görə vətəndaşlıqdan məhrumetmə qanunu çərçivəsində edilir.

Həmin sənəd aprelin sonunda Sankt-Peterburq metrosunda törədilmiş terror aktından sonra Dövlət Duması sədri Vyaçeslav Volodin və parlament fraksiyalarının liderləri tərəfindən irəli sürülüb.

Bu qanun layihəsi Rusiya vətəndaşlığını qəbul edən şəxsdən and içməsini nəzərdə tutur.

Sənəd iyulun 12-də ikinci oxunuşda qəbul edilməlidir. Qanunun sentyabrın 1-dən qüvvəyə minməsi gözlənilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş