İran: Qadınların avtomobillərində baş örtüyünü çıxarması mübahisə doğurur

İran Fotonun müəllifi Getty Images

İranda qadınların avtomobildə baş örtüyünü çıxarması "avtomobilin şəxsi, yoxsa ictimai yer" olmasına dair mübahisələri yenidən gündəmə gətirib.

Guardian qəzetinin İran müxbiri Saeed Kamali Dehghan-ın verdiyi məlumata görə, İranda hakimlər və əxlaq polisləri avtomobillərin ictimai yer olduğunu hesab edirlər.

1979-cu ildə İran İnqilabından sonra qadınlar başlarını örtməlidir. Lakin qəzetin yazdığına görə, rəsmilər bu qərarı tətbiq etməkdə çətinlik çəkirlər.

Yay aylarında qadınlar və əxlaq polisi arasında məsələ ilə bağlı mübahisələrin sayı daha da artıb.

İran prezidenti Həsən Ruhani insanların şəxsi həyatlarına hörmətlə yanaşmağın lazım olduğunu bildirərək avtomobillərində baş örtüyünü çıxaran qadınlara qarşı müdaxilə əleyhinə olduğunu deyib.

Prezident 2015-ci ildə etdiyi çıxış zamanı demişdi ki, "mən ancaq onu deyə bilərəm ki, polis bir şey edə bilməz, çünki Allah belə buyurur. Bu polis işi deyil".

Ötən həftə İranın ən yüksək məhkəmə nümayəndəsinin köməkçisi Hadi Sadeghi "Avtomobilin görünməyən hissəsi, məsələn, baqajı özəl bir yerdir, amma bu maşının görünən yerlərini əhatə etmir" deyib. Bu fikirlər sosial mediada mübahisələrə səbəb olub.

Qadağalara baxmayaraq, İranda qadınların ictimai həyatda iştirakı gündən günə artır.

Bazar günü ölkənin beynəlxalq hava yollarına ilk qadın baş direktorunun təyin edildiyi məlum olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş