Yandeks və Uber Azərbaycan və bölgədə taksi xidmətlərini "birləşdirəcək"

moskvada iki taksi Fotonun müəllifi Getty Images

Cümə axşamı günü Yandex və Uber şirkətləri birləşərək Rusiya və bir çox keçmiş Sovet respublikalarında birgə taksi şirkəti təsis etmək niyyətində odluqlarını elan ediblər.

Yeni yaradılan şirkətə Yandex-in icraçı direktoru Tiqran Xudaverdyanın rəhbərlik edəcəyi bildirilib.

Azərbaycan mətbuatında yayılan məlumatlara görə, bu razılıq həyata keçirilərsə, yeni şirkətə erməni əsilli şəxsin rəhbərlik etməsinə görə Azərbaycanda fəaliyyət göstərməsinə icazə verilməyəcək.

BBC Azərbaycanca bu iddia barədə rəsmi mənbələrdən məlumat əldə edə bilməyib.

Hazırda qlobal taksi şirkəti Uber və Yandex-in YandexTaxi xidməti bir-birilərilə Rusiya və bir çox keçmiş Sovet respublikalarında qızğın rəqabətdədirlər.

Şirkətlərin razılığına əsasən, yeni taksi şirkətinin səhmlərinin 59,3 faizi Yandexə, 36,6 faizi Uber-ə və 4,1 faizi şirkətin işçilərinə aid olacaq.

Yeni şirkət, Uber və Yandex-in Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Belarus və Qazaxıstandakı bizneslərini birləşdirəcək.

Uber yeni şirkətə 225 milyon dollar Yandex isə 100 milyon dollar dəyərində yatırım qoymağı vəd ediblər.

Lakin yeni şirkətin formalaşması üçün Rusiyanın Federal Anti-monopoliya Xidməti (FAS) razılaşmanı təsdiqləməlidir.

FAS şirkətlərin birləşmə qərarına münasibətini hələ bildirməyib, lakin dövlət qurumu qərarını 3 ay ərzində verməlidir, Rusiya dövlət xəbər agentliyi TASS qeyd edib.

Təsdiqləndiyi halda iki şirkət arasında müqavilənin bu ilin dördüncü rübündə yekunlaşacağı gözlənilir, TASS deyib.