Muğlada 6.6 bal gücündə zəlzələ: Kos adasında 2 nəfər həlak olub

OSMAN TURANLI/SOCIAL MEDIA VIA REUTERS Fotonun müəllifi OSMAN TURANLI/SOCIAL MEDIA VIA REUTERS
Image caption Zəlzələ nəticəsində Yunanıstanın Kos adasında 2 nəfər həlak olub

Boğaziçi universiteti Kandilli Rəsədxanası Araşdırma İnstitutunun müdiri professor doktor Haluk Özener Muğla rayonunda Türkiyə vaxtı ilə gecə 01:31 radələrində 13 kilometr dərinliyində 6,6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

İstanbulda jurnalistlərə açıqlama verən Haluk Özener zəlzələdən sonra təxminən 160 titrəyişin baş verdiyini və bunlardan ən şiddətlisinin 4,8 bal gücündə olduğunu qeyd edib.

O, həmçinin zəlzələ nəticəsində Bodrum sahilində 13 santimetrlik tsunaminin yarandığını bildirib.

Türkiyənin səhiyyə naziri Ahmet Demircan zəlzələdən sonra 358 nəfərin xəstəxanalara aparıldığını və 25 nəfərə müalicə verilməsinin lazım olduğunu deyib.

Yunanıstan rəsmilərinin məlumatına görə, Kos (İstanköy) adasında azı iki nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.

Məşhur turist məkanında azı 100 nəfərin yaralandığı bildirilir. Zəlzələ nəticəsində bəzi binalara ziyan dəyib.

Kos regional hökumət rəsmisi Giorgos Halkidios deyib ki, binalar dağılan zaman onlarla insan xəsarət alıb, onlardan bəzilərinin sümükləri sınıb.

Ordu xilasetmə işlərində fövqəladə xidmətlərinə kömək göstərir, deyə o əlavə edib.

Zəlzələnin böyüklüyünə dair Türkiyəli rəsmilər və beynəlxalq təşkilatlar fərqli açıqlamalar verib.

Fotonun müəllifi Reuters
Image caption Yunanıstanın Kos adasında binalar zərər görüb

Türkiyənin Kandilli Rəsədxanası bundan əvvəl zəlzələnin 6.2 bal, Fəlakət və Təcili Vəziyyət Rəhbərliyi Başçılığı (AFAD) isə 6.3 bal gücündə olduğunu deyib. ABŞ Geoloji Araşdırmalar Qurumu (USGS) isə zəlzələnin 6,7 bal gücündə olduğunu bildirib.

CNN Türk televiziyasına danışan Muğla bələdiyyə sədri Osman Gürün, ilk məlumatlara görə "can və mal itkisi olmadığını" söyləyib.

USGS-nin paylaşdığı məlumatlara əsasən, Bodrumdan 12 km uzaqlıqda meydana gələn şiddətli zəlzələdən sonra ölçüləri təxminən 2 və 5 bal arasında dəyişən çoxsaylı təkanlar hiss edilib.

Təkcə Bodrumda təxminən 70 nəfər yüngül yaralarla xəstəxanaya müraciət edib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin "kiçik miqyaslı bir sunamiyə" səbəb olduğunu deyib.

Kosa zəlzələnin episentrinə yaxın olub və ən ağır zərbəyə o məruz qalıb.

Anası ilə birgə Kosda məzuniyyətdə olan britaniyalı tələbə Naomi Ruddock zəlzələni hiss etdiyini deyib.

"Biz yatmışıq və otağın əsdiyini hiss etdik. Otaq hərəkət edirdi. Demək olar ki, hər şey hərəkət edirdi. Elə bil qayıqda idiniz, o sürətlə bir tərəfdən o tərəfə yırğalanırdı", o deyib.

Xanım Ruddock bildirib ki, otel əməkdaşları ona zəlzələnin bu sahədə ən dəhşətli zəlzələ olduğunu deyib.

EMSC Bodrum və Kos bölgələrində yaşayanları rəsmilərin xəbərdarlıqlarını izləməyə və zəlzələdən sonra yaranan təkanlara görə ziyan görmüş binalara daxil olmamağa çağırıb.

Fotonun müəllifi DHA
Image caption Təkcə Bodrumda təxminən 70 nəfər yüngül yaralarla xəstəxanaya müraciət edib

Zəlzələ İzmir, Aydın, Manisa və Dənizli bölgələrində də hiss edilib.

Fethiye və Datça kimi turist rayonlarilə yanaşı, Kos və Rodos kimi Yunan adalarında da insanların küçələrə axışdığı və bəzi binaların boşaldıldığı məlum olub.

Anadolu Agentliyinə danışan Muğla rayonunun valisi Esengül Civelek deyib ki, ilkin məlumatlara görə, şəhərdə can və mal itkisi, həmçinin dağılan bina yoxdur.

EMSC isə Twitter sosial şəbəkəsində insanlara sahillərdən uzaq dayanmaq barədə xəbərdarlıq edib.

Azərbaycanın XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktının "hələ ki qeydə alınmadığını" deyib.

Türkiyə və Yunanıstan sahillərində mütəmadi olaraq zəlzələlər baş verir.

Ən ölümcül zəlzələlərdən biri 1999-cu ildə Türkiyənin əhalisi sıx olan şimal-qərbində baş verib və bu zaman 17 min nəfər həlak olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş