Türkiyənin müxalif millət vəkilləri parlamentdə qalaraq etiraz edirlər

MECLIS Fotonun müəllifi DHA

Cümhuriyyət Xalq Partiyası (Cumhuriyet Halk Partisi/CHP) təmsil edən millət vəkilləri Türkiyə parlamentində (Türkiyə Büyük Millet Meclisi/TBMM) məclisin daxili qaydalarının müzakirəsi zamanı çıxışları üçün imkan verilmədiyinə görə yerli vaxtla saat 01:00-da parlamentin iş günü başa çatandan sonra da məclis zalında qalaraq etiraz edirlər.

Cümə axşamı günü TBMM-nin daxili qaydalarına təklif edilən 18 dəyişiklikdən 14-nün qəbul edilməsi ardınca iclas yekunlaşıb.

Lakin tələb etdikləri qaydada çıxışlarına imkan verilməyən CHP millət vəkilləri zalı tərk etməyəcəklərini deyiblər.

CHP qrup rəhbəri Özgür Özel partiyasının "məclisi tərk etməmək aksiyasına" başladığını bildirib.

"Səsi kəsilən millət vəkilləri üçün bir yol tapacağımızı söyləmişdik. Aksiyanın nə vaxt bitəcək sualına cavabımız: sonuncu millət vəkilimiz daxili qaydalar haqqında söyləyəcəyi son sözünü bitirmədən bu aksiya da bitməyəcək", o, deyib.

TBMM-nin spiker müavini Ahmet Aydın isə CHP millət vəkillərindən aksiyalarına son qoymalarını tələb edərək iclası yekunlaşdırıb.

İclasın sona çatması ardınca media lojası bağladılıb və jurnalistlər bayıra çıxarılıb.

İclasın bağlanılmasından sonra Özgür Özel və CHP sədr müavini Veli Ağbaba media lojasını təkrar açaraq jurnalistləri içəriyə buraxıblar.

Bundan sonra CHP millət vəkilləri gətirdikləri səs sistemini quraşdıraraq çıxış etməyə başlayıblar. Onlar kürsünü qara parça ilə örtüblər.

Millət vəkilləri çıxışlarını sosial media üzərindən canlı yayıblar.

Çıxışlarında bir çox millət vəkili "Ədalət Yürüşü" etiraz aksiyasında istifadə edilən "haqq, hüquq, ədalət" şuarından istifadə edib.

CHP və Xalqların Demokratik partiyası (Halkların Demokratik Partisi/HDP) Ədalət və İnkişaf partiyası (Adalet ve Kalkınma Partisi/ AKP) və Milliyətçi Hərəkət partiyasının (Milliyetçi Haraket Partisi/ MHP) təqdim etdikləri daxili qayda dəyişikliklərinə qarşıdırlar.

Onlar, dəyişikliklər nəticəsində müxalifətin TBMM-də layihələrin müzakirələrində çıxış haqqını əllərindən alındığını iddia edirlər.

Dəyişiklikləri müdafiə edənlər isə deyir ki, yeni qaydalar qanunların müzakirə müddətini qısaldaraq milli məclisi daha sürətli və effektiv edəcək.

Dəyişikliklər nədən ibarətdir?

TBMM prosedurları və səlahiyyətlərinin icrası 186 maddədən ibarət daxili qayadalarla tənzimlənir.

1973-ci ildən qüvvədə olan daxili qaydalara indiyədək 24 yeni maddə əlavə edilib, onun 111 maddəsi dəyişdirilib və biri ləğv edilib.

Anadolu Agentliyinin (AA) xəbərinə görə, AKP və MHP tərəfindən təklif edilən əlavələrin bəziləri bunlardır:

  • TBMM-nin spikeri və ya spiker müavinlərinin ənənəvi xələt geyinmə qaydası qaldırılacaq
  • Məşvərət Heyətinin təklifləri üzərində müzakirə keçirilməyəcək
  • Prosedur müzakirələrində təkliflərin lehinə və əlehinə çıxış edən iki millət vəkilinə ayırılan çıxış müddəti 10 dəqiqədən 3 dəqiqəyə endiriləcək
  • Təklif təqdim edən bir qrup millət vəkilini təmsil edən deputata 5 dəqiqəyə qədər çıxış etmək imkanı veriləcək

Əlaqəli mövzular

Bu barədə daha geniş