"İşçilər tələb olunur" filminin afişası iranlıları çaşdırdığı deyilib

İranda "İşçilər tələb olunur" filminin afişası Fotonun müəllifi ILNA
Image caption Məlum olub ki, əslində, Bəhmən kinoteatrına işçi tələb olunmur

Zəncanda bir kinoteatr nümayiş etdirilən filmin afişasına aldanan camaatın işə düzəlmək xətrinə həmin kinoteatra iş üçün kütləvi müraciətləri barədə media xəbərlərini təkzib edib.

Yerli mətbuatın verdiyi məlumata görə, Zəncan şəhərində "İşçilər tələb olunur" adlı filmin afişası asılandan sonra camaat həmin şəhərdəki Bəhmən adlı yeganə kinoteatra iş dalınca müraciət etməyə başlayıb, Fars xəbər agentliyi bildirib.

Güman edildiyinə görə, filmin afişasını bəziləri kinoteatrda işə qəbul elanı kimi başa düşüblər.

Filmin özündə isə Tehrana iş axtarmağa yollanan 3 kişinin əhvalatı misalında İran cəmiyyətindəki sinfi təbəqələşmədən söhbət gedir.

Lakin, bu iddianı kinoteatrın direktoru Pərviz Azadi təkzib edərək ILNA xəbər agentliyinə bildirib ki, xəbərlərin əksinə olaraq, heç kəs afişanı işə qəbul elanı saymayıb.

Onun təbirincə, filmin populyarlıq qazanmasına baxmayaraq, əslində, küçədən kinoteatra iş dalınca gələnlərin sayında artım olmayıb.

"Film nümayiş etdirilməzdən əvvəl də kinoteatra iş axtarmağa gələnlər həmişə olub, necə ki, təxminən bərabər sayda digər yerlərə də iş dalınca gedənlər olub", - direktor izah edib.

Mühafizəkar mediada yer almış bu xəbər, İranın sosial şəbəkə istifadəçilərinə mötədil prezident Həsən Ruhani hökümətini ölkədə işsizliyin yüksək səviyyəsinə görə lağa qoymağa əsas verib.

İranda işsizlik hazırda 12,6% səviyyəsindədir, bu isə təxminən 3.3 milyon iş qabiliyyətli insanın işsiz qalması deməkdir.

Amma dövlət mediası hazırkı mənzərəyə nikbin boyalar qatmağa çalışır.

Hökümət ümid edir ki, nüvə razılaşması çərçivəsində ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi iqtisadiyyatın canlanmasına təkan verə bilər.

Bu barədə daha geniş