Ermənistanda yezidilərin yas mərasiminə basqın: 4 ölü, 8 yaralı

Yas mərasimi Fotonun müəllifi News.am

Ermənistanın Aştarak şəhəri yaxınlığındakı yezidilərin məskunlaşdığı Şamiram kəndində silahlı hücum nəticəsində azı 4 nəfər ölüb, səkkiz nəfəri yaralanmışdır.

Hadisə çərşənbə axşamı, avqustun birində kənd qəbiristanlığı ərazisində matəm mərasimi keçirildiyi zaman baş verib.

Şahidlərin jurnalistlərə dediyinə görə, "Niva" markalı avtomaşınla qəbiristanlığa gələn naməlum şəxs matəm mərasimi keçirilən zala daxil olub və ov silahından mərasim iştirakçılarını atəşə tutub.

Ölən və yaralananların hamısı kişilərdir. Yezidilərin adətlərinə görə, matəm mərasimində qadınlar iştirak etmir.

İlkin məlumatlara görə, silahlı hücum etməkdə şübhəli bilinən şəxs də milliyyətcə yeziddir, lakin Şamiram kəndindən deyil.

Polisə yaxın mənbələrdən sızan məlumata görə, qanlı qalmaqalın səbəbi pul borcu olub.

Deyilənə görə, kənd sakinləri hər il Rusiyaya mövsüm işlərinə getmək üçün silahlı hücumda şübhəli bilinən şəxsdən borc pul alıb, lakin qaytarmamışdılar.

Ermənistan KİV-lərinə görə, zərərçəkənlərin bir neçəsi dəfn mərasimində iştirak etmək üçün Rusiyadan gəlibmiş.

Hadisə yerində istintaq qrupu işləyir.

Polis cinayəti törətməkdə şübhələnən şəxsi saxlamaq üçün axtarış tədbirləri keçirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş