Mogherini ilə selfi çəkən İran millət vəkilləri tənqidlərlə üzləşiblər

European foreign policy chief Federica Mogherini attends a swearing-in ceremony for Iranian president Hassan Rouhani for a further term, at the parliament in Tehran Fotonun müəllifi Reuters

İran millət vəkilləri Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini ilə "qəribə" hərəkətlərinə görə tənqidlə uzləşiblər.

Prezident Həsən Ruhaninin şənbə günü keçirilən inaqurasiyası üçün İrana səfər edən xanım Mogherini gözlənilmədən məclisin diqqət mərkəzinə çevrilib.

Mərasimdə çəkilən şəkillərdə xanım Mogherinin ətrafında bir çox millət vəkilinin yığılaraq şəkil çəkdiyi görünür.

Ölkədə bir çox sosial şəbəkə istifadəçisi millət vəkillərinin hərəkətlərinin "alçaldıcı" olduğunu deyərək onları tənqid ediblər.

Sosial şəbəkə istifadəçiləri Fars xəbər agentliyinin paylaşdığı şəkildə xanım Mogherinin çox da rahat olmadığını və millət vəkillərinin hərəkətlərinin "qəribə" olduğunu deyib.

Bir millət vəkili, Əlireza Salimi, digər millət vəkillərinin hərəkətlərini "Qərbə mütilik" adlandıraraq millət vəkillərinin davranışını müşahidə edən məclis komitəsi tərəfindən araşdırıla biləcəyini deyib.

İnsan haqqları pozuntuları və ölkənin nüvə proqramına görə Aİ-nin İrana qarşı bir sıra sanksiyaları qüvvədədir.

Cənab Salimi millət vəkillərinin davranışını siyasi səbəbdən utandırıcı olduğunu desə də, sosial şəbəkə istifadəçilərinin böyük qismini ən çox narahat edən məqam xanım Mogherinin ətrafına yığılmış kişilər olub.

Bir Twitter istifadəçisi hadisəni Malena filmində bir çox kişinin aktrisa Monica Belluci-nin siqarətini yandırmaq üçün qaçdığı səhnə ilə müqayisə edib.

Başqa bir istifadəçi Disneyin Ağbəniz və yeddi cırtdan cizgi filmindən bir şəkli istifadə edərək eyni məqama toxunub.

Şəkildə görünən millət vəkillərindən biri, Əhməd Mazani Twitter-də yazıb ki, mərasimdə millət vəkillərinə xüsusi qonaqlarla əlaqə saxlamaq qadağan edildiyinə görə mərasim bitdikdə bir sıra millət vəkili xanım Mogherini-nin ətrafına yığışıb.

Bu izaha baxmayaraq, bir çox Twitter istifadəçiləri millət vəkillərini tənqid etməkdə davam ediblər.

Fotonun müəllifi EPA

Prezident Ruhaninin mədəniyyət məsələləri üzrə məsləhətçisi Hesam Aşena deyib: "Bu bir siyasi yox, mədəni problemdir. Bu selfilərdə çəkilən hər bir millət vəkilindən ciddi şəkildə müsahibə alınmalıdır."

Keçmiş prezident Məhəmməd Xətamiyə məsləhətçi olan Sadeğ Xərrazi isə hər bir İran millət vəkilinin "davranış qaydaları və universal mənəvi dəyərlər" üzrə təlim kursundan keçməsini tövsiyə edib.

İran və Aİ arasında daha sıx əlaqələrin qurulmasına səy göstərən xanım Mogherini İrana səfəri barədə bəyanat dərc edib, lakin İranda qalmaqala səbəb olan hadisə barədə məlumat verməyib.

BBC Monitoring bu hesabatın hazırlanmasınd kömək edib.

Bu barədə daha geniş