Əli Firuz: Özbəkistanlı jurnalistin deportasiyası təxirə salınıb

Əli Firuz

Özbəkistana deportasiya ilə üzləşən jurnalist Əli Firuz deyir ki, Rusiyadan zorla göndərildiyi təqdirdə onu "yavaş, iztirablı ölüm" gözləyir.

Rusiyada sığınacaq üçün müraciət edən Əli Firuz 2011-ci ildən Moskvada yaşayır.

O, ölkədən deportasiya edilmək hökmünə qarşı apellyasiya məhkəməsində olub.

Əli Firuzun sözlərinə görə o, təhlükəsizlik xidməti tərəfindən əməkdaşlığa məcbur edilmək üçün oğurlanıb, işgəncəyə məruz qaldıqdan sonra Özbəkistanı tərk edib.

Jurnalist açıq geydir. Bu, Özbəkistanda cinayət sayılır.

Onun işi hazırda Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) nəzərdən keçirilir. Rusiyalı hakim bu müddət ərzində deportasiya prosesini dayandırıb.

"Əminəm ki, onlar məni öldürəcəklər", - hökm gözləyən Firuz BBC-ə bildirib.

"Beynəlxalq hesabatlar Özbəkistandakı vəziyyəti və insanlara işgəncə verib öldürüldüyünü göstərir. Mənim qayıtmaq niyyətim yoxdu. Bundansa özümü öldürsəm yaxşıdır."

Özbəkistanlı diplomatlar hökmü eşitmək üçün məhkəməyə cəlb olunub.

Amnesty İnternational qrupu bildirib ki, Özbəkistanda gey və insan haqları fəalı olmaq "az qala ölümcül" kombinasiyadır. O, Özbəkistanda "işgəncə riskinin misli görünməmiş misalları" olduğunu bildirir.

Amnesty daha əvvəl risklərə rəğmən Rusiyadan Özbəkistana böyük sayda sığınacaq istəyənlərin göndərildiyini bildirib.

Ötən həftə Kremlin sözçüsü Dmitri Peskov Əli Firuzun işini "çox mürəkkəb" kimi dəyərləndirib.

O deyib ki, "hakimiyyət bır sıra pozuntulara göz yuma bilməz".

Image caption Məhkəmədə Özbəkistandan gələn Firuzun anası da olub.

Əli Firuzun vəkilləri təkid edirlər ki, o sığınacaq üçün verdiyi sonuncu ərizəyə cavab alanadək deportasiya edilə bilməz.

Əli Firuzun həqiqi adı Xudberdı Nurmatovdur.

O, Özbəkistanı 2008-ci ildə tərk edib və hazırda müxalif Novaya Gazeta qəzetində işləyir.

Avqustun 1-də immiqrasiya qaydalarını pozmaqda ittiham edilən Əli Firuz polis tərəfindən saxlanılıb. Daha sonra Moskva məhkəməsi onun deportasiyası barədə qərar qəbul edib.

Jurnalistin sözlərinə görə onun saxlanılması Özbəkistan seçkiləri barədə yazıdan sonra baş verib.

Bu həftə Avropa Məhkəməsi onun deportasiyasına qadağa qoyub. Çərşənbə günü hakim bu hökmə əməl edib.

Lakin onun qərarı ilə jurnalist saxlanılma məntəqəsinə göndərilib.

Əli Firuzun vəkilləri deyir ki, AİHM-də jurnalistin işi üzrə proses bir il çəkə bilər.

"Mən Özbəkistana göndərilmədiyimdən çox razıyam", - Əli Firuz məhkəmədəki jurnalistlərə bildirib.

"Bu artıq kiçik qələbədir!".

Əlaqəli mövzular

Bu barədə daha geniş