Çin Ermənistanda region ölkələrinə rəqib ola bilərmi?

Tiyen Erluan (solda) və Edvard Nalbandyan Fotonun müəllifi mfa.am
Image caption Ermənistanın xarici işlər naziri Çin səfirilə birlikdə Çinin yeni diplomatik missiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Yerevanda bu həftə yeni Çin səfirliyi binasının təməlqoyma mərasimi keçirilib. Səfirlik üçün 40 hektarlıq sahə ayrılıb. Bu, Çin Xalq Respublikasının Avrasiya məkanında Rusiyadan sonra ikinci ən iri səfirlik binası olacaq.

Yerevanda səfirliyin genişlənməsini təhlilçilər Çin dövlətinin bu bölgəyə daha böyük əhəmiyyət verməsi və ticarət əlaqələrində maraqlı olması ilə bağlayırlar. Bu isə region ölkələrilə, xüsilə də Rusiya ilə rəqabət deməkdir.

Ancaq nə qədər Çin tərəfi Ermənistanla əməkdaşlığa hazır olsa da, Ermənistan Avrasiya İqtisadi İttifaq üzvü olaraq, azad ticarət zonası və ya tarif rejiminin dəyişməsi haqqında danışıqlar aparmaq iqtidarında deyil. Ermənistan Çinlə yalnız Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləyə bilər, Yerevan müxbirimiz Aleksey Manvelyan deyir.

Odur ki, Ermənistan hətta kifayət qədər inkişaf etdiyi spirtli içkilər istehsalı sahəsində Çin bazarlarında, məsələn, bu yaxınlarda Çinlə azad ticarət haqqında saziş imzalamış Gürcüstana rəqabət təşkil edə bilməz. Gürcüstan malları Çin bazarlarında daha rəqabətlidir, müxbirimiz qeyd edir.

Ermənstan xarici işlər naziri Edvard Nalbandyanın müşayiəti ilə tədbirdə iştirak edən Çin nümayəndə heyətinin başçısı, bu ölkənin Ermənistandakı səfiri Tiyen Erluan yeni səfirliyin bünövrəsinin qoyulmasını "böyük və sevindirici hadisə" adlandırıb.

"Çin səfirliyinin Ermənistanda yeni binası olacaq. Çin bu ölkədə daha yaxşı təmsil ediləcək. Və bu, əlbəttə, məntiqidir, çünki bizim əməkdaşlığımızın miqyası, əlaqələrimizin xarakteri sürətlə inkişaf edir. Təbii ki, bunun üçün daha çox səy, daha çox insan və deməli, daha böyük səfirlik binası tələb olunur", - səfir Tiyen Erluan jurnalistlərə deyib.

Ticarət dövriyyəsi

Ermənistanla Çin arasında ticarət dövriyyəsinin həcmi o qədər də böyük deyil, lakin Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin altı ayı ərzində ticarət dövriyyəsi təxminən 35 faiz artıb və 243,1 milyon dollar təşkil edir.

Bu göstəriciyə görə, Çin, Rusiya və Avropa İttifaqından sonra, Ermənistanın üçüncü ticarət partnyorudur.

Ticarət dövriyyəsinin böyük miqdarını Çindən Ermənistana idxalat təşkil edir. Ermənistanın Çinə ixracatını mis konsentratı təşkil edir.

İlkin hesablamalara görə, layihənin gerçəkləşdirilməsi üçün 500 milyon dollar tələb olunur. Çin tərəfindən layihəyə CITIC dövlət korporasiyası, Ermənistan tərəfindən "Valleks qrup" şirkəti cəlb olunublar.

Stabil münasibətlər

Yerevan Ermənistan-Çin münasibətlərinə yüksək önəm verir, müxbirimiz Ermənistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir.

Ermənistan XİN Asiya, Sakit okean və Afrika regionu departamentinin rəhbəri Areq Hovhannisyan xüsusilə münasibətlərin bütün istiqamətlərdə (siyasi, iqtisadi, ticarət, humanitar, mədəni, təhsil) sabit olduğunu qeyd edir.

2012-ci ildə Çin qrant proqramı çərçivəsində Ermənistan paytaxtına Higer-Bus şirkətinin istehsal etdiyi 249 avtobus təqdim edib.

Image caption Yerevanda 4-5 Çin restoranı fəaliyyət göstərir.

Mütəmadi olaraq, yüksək vəzifəli rəsmilərin səfərləri təşkil edilir. 2015-ci ildə prezident Serj Sarkisyanın Çin Xalq Respublikasına dövlət səfəri olub, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, baş nazirin birinci müavini Ermənistana rəsmi səfər edib, XİN nümayəndəsi deyir.

Çin Ermənistanla hərbi əməkdaşlığın fəallaşmasında da maraqlıdır. Aprel ayında yüksək vəzifəli hərbçi, kontr-admiral Guan Yufey Yerevanda Ermənistan müdafiə naziri Vigen Sarkisyan və baş qərargah rəisi ordu generalı Movses Hakobyan arasında danışıqlardan sonra Ermənistan Müdafiə Nazirliyi "əməkdaşlığın genişləndirilməsi və müdafiə sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi haqqında razılığa" nail olunduğunu bəyan edib.

İnvestor axtarışı

Areq Hovhannisyan deyir ki, Çin investorlarını layihələrə cəlb etmək istiqamətində də işləmək vacibdir. Onların əksəriyyəti Ermənistanla tanış deyil, region haqqında beynəlxalq KİV-lərdən aldıqları məlumat isə heç də bu layihələrə sərmayə qoymağa sövq etmir. Odur ki, Ermənistanın Çindəki səfirliyi investor cəlb etmək istiqamətində də işləyir.

Hazırda bir sıra iri korporasiyalarla Ermənistanda üç il əvvəl başlanmış Şimal-Cənub yolu tikintisinə cəlb edilməsi üçün danışıqlar aparılır.

1,5 milyard dollar qiymətləndirilən bu layihə üzrə Ermənistanın cənubu - İran sərhədindən, şimalı - Gürcüstan sərhədinə kimi və Qara dənizə çıxış təmin edən ümumi uzunluğu 556 kilometr təşkil edən yüksək keyfiyyətli beton yolunun tikintisi nəzərdə tutulur.

İndiyədək artıq 70 milyon dollar xərclənib və yolun cəmi 35 kilometri tikilib.

Turizm

Çindən Ermənistana səyahət edənlərin sayı, şübhəsiz, artmaqdadır, lakin kifayət deyil - Ermənistanın Çindəki səfiri Sergey Manasaryan EADaily internet nəşrinə müsahibəsində Çinli turistlərin Ermənistana cəlb edilməsi üçün müvafiq şərait hazırlamağın zəruriliyini qeyd edir.

"Burada mürəkkəb bir şey yoxdur. Bu, ilk növbədə, yol infrastrukturu, çin dilində danışan bələdçilərin hazırlanması, bizim bank sahəsinin çinli turistlərə xidmət göstərmək imkanıdır".

Bu şərtlər, onun sözlərinə görə, Çin partnyorları tərəfindən tərtib olunub və erməni tərəfinə verilib.

"Bildiyimə görə, indi çin dilini öyrənmək üzrə intensiv işlər aparılır. Bundan başqa biz qonşu Gürcüstan və İranla bir tur çərçivəsində iki ölkəyə səyahət təşkil etmək proqramını fikirləşirik", - səfir Manasaryan deyir.

Ermənistanda böyük Çin icması yoxdur. XİN nümayəndəsi Areq Hovhannisyanın sözlərinə görə, burada olan çinlilərin əksəriyyəti ya səfirliyin əməkdaşları, ya konkret hər hansı bir işə cəlb olunmuş mütəxəssislər, məsələn, Xarici Dillər Universitetinin müəllimi ola bilər.

Onlara Yerevanda fəaliyyət göstərən 4-5 Çin restoranı və Çin yeməkləri hazırlayan mətbəxlərin sahibi yaxud əməkdaşları qismində rast gəlmək olar.

Çin məktəbi

İki ölkə arasındamüştərək humanitar layihələrdən biri Yerevanda tikilən Çin məktəbidir. Burada 5-ci sinifdən başlayaraq çin dili tədris ediləcək.

Bu məktəbin regional xarakter daşıyacağı ehtimal olunur. Yay aylarında keçirilən dərslərdə qonşu ölkə təmsilçiləri də iştirak edə bilərlər.

Yeni səfirlik binasının inşaat işləri isə 2 ilə başa çatmalıdır, tikintidə Çin və Ermənistan inşaatçıları iştirak edəcək.

Bu ilin aprel ayında Ermənistanla Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin 25 ili tamam olub. Çin səfirliyi Ermənistanda 1992-ci il iyul ayından fəaliyyət göstərir. Ermənistan isə Pekində öz səfirliyini dörd ildən sonra, 1996-cı ildə aça bilmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş