İran parlamenti hərbi müdafiə xərclərini 520 milyon dollar artırmağa səs verib

Sayyad-3 missiles on display at an undisclosed location in Iran, 22 July 2017 Fotonun müəllifi Getty Images
Image caption İran yeni qanun layihəsinin 2015-ci il nüvə sazişinə zidd olmadığını deyir

İran parlamenti raket müdafiə sistemləri və xarici hərbi əməliyyat proqramlarına xərclənən məbləği 500 milyon dollardan artıq məbləğlə artırmağa səs verib.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan sonra təqdim olunan qanun layihəsi İran parlamentinin böyük çoxluğunun dəstəyini qazanıb.

ABŞ yeni sanksiyaları İranın yanvar ayında keçirdiyi ballistik raket sınağına cavab olaraq tətbiq etdiyini deyib.

İran yeni sanksiyaların 2015-ci ildə ABŞ və İran arasında əldə edilmiş nüvə sazişini pozduğunu deyib. ABŞ prezidenti Donald Trump isə sələfi Barack Obamanın dəstəklədiyi sazişi "ən pis razılaşma" adlandırıb və ləğv etməklə hədələyib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün onu ikinci səsvermədən keçməsi lazımdır.


Həmçinin oxuyun:


İran Milli Məclisinin spikeri Əli Laricaninin səsvermənin nəticəsini elan etməsindən sonra iranlı millət vəkilləri "Amerikaya ölüm" şuarları səsləndirdilər.

Səsvermədə iştirak edən 244 millət vəkilinin 240-ı yeni layihənin lehinə səs verib.

Yeni qanun "raket proqramının inkişafı" üçün hökumətin 260 milyon dollar əlavə xərc ayırmasını təklif edir. Qanun həmçinin İran İnqilab Keşikçiləri Korpusunun bir qolu olan, Qüds qüvvəsinin büdcəsinə də eyni məbləğdə artım təklif edir, rəsmi dövlət xəbər agentliyi İrna deyib.

Milli Məclis spikeri bu addımın ABŞ-ın Yaxın Şərqdəki "terrorçu və macəraçı fəaliyyətlərinə" cavab olduğunu deyib.

27 maddəlik qanun layihəsi həmçinin regionda ABŞ hərbi və kəşfiyyat rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

İranı nüvə danışıqlarında təmsil edən baş təmsilçi Abbas Araqçı, yeni qanun layihəsinin 2015-ci il nüvə sazişinə zidd olmadığını deyib.

Nüvə sazişinin məqsədi İranın nüvə proqramını məhdudlaşdıraraq, ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Saziş nəticəsində İrana qarşı tətbiq edilən sərt iqtisadi sanksiyalar qaldırılıb.

Cənab Trump seçki kampaniyası dövründə sazişi ləğv edəcəyini desə də, son zamanlar bu mövqedən uzaqlaşıb.

Keçən həftə İran prezidenti Həsən Ruhani cənab Trump-a xəbərdarlıq edib ki, əgər o, nüvə sazişini ləğv etsə, onu siyasi intihar təhlükəsi gözləyir.

Bu barədə daha geniş