Rusiya: feminist festivalı təşkilatçılarını həbs ediblər

Fəallar qadın haqlarının müdafiəsi üçün müntəzəm tədbirlər keçirirlər Fotonun müəllifi Leda Garina
Image caption Fəallar qadın haqlarının müdafiəsi üçün müntəzəm tədbirlər keçirirlər

Krasnodar diyarının Cuqba qəsəbəsində polis "Həvvanın qabırğaları" feminist festivalı təşkilatçılarının tutulub saxlanmasını turist bazası ərazisində iğtişaşlar barədə məlumatın alınması ilə izah edib.

"Həvvanın qabırğaları" festivalı avqustun 13-dən 20-nə kimi keçirilməli idi. Kino nümayişi, qadın ədəbiyyatı və iş yerlərində qadınların ayrı-seçkiliyə məruz qalması mövzusunda mühazirələrin keçirilməsi planlaşdırılırdı.

Lakin özlərini "kazak" kimi təqdim edən insanlar tərəfindən sosial şəbəkələr və telefon vasitəsilə hücumlarla hədələmələri səbəbindən tədbiri ləğv etməli olublar.

Oksana Vasyakinanın BBC Rus xidmətinə dediyinə görə, avqustun 14-ü səhər saat 6:40-da "Çayka" turbazasında dörd nəfər mülki geyimli şəxs qadınların yatdığı otağa soxulub. Sonradan onlardan birinin polis müfəttişi olduğu məlum olub.

Azərbaycanda qadınlar niyə tək kirayə ev tutmaqda çətinlik çəkir?

Saat 7-də qadınları Cuqba polis şöbəsinə aparıblar. Onları cinayət axtarış əməkdaşlarının kabinetinə gətirib, "rejim obyektində" olduqları üçün telefonlarını söndürməyi tələb edib, izahat verməyə məcbur ediblər.

Polislər qızlara bildiriblər ki, onların turbazada istirahət edənlərlə münaqişələrinə dair şikayət daxil olub, Vasyakina deyib.

Polis feminist hərəkatı fəalları Taisiya Simonova, Yelena İvanova, Leda Qarina, Oksana Vasyakina, Lolita Aqamalovanı və səkkizyaşlı uşağı həbs edib, Taisiya Simonovanın əri Semyona istinadən "OVD-info" xəbər yazır.

Fotonun müəllifi TASS
Image caption Feminist festivalı Qara dənizin sahillərində keçirilməli idi

Cuqba polis şöbəsindən də BBC Rus xidmətinə qadınların bu səbəbdən tutulub saxlanmasını təsdiqləyiblər.

"Deyirlər ki, onlar istirahət bazası ərazisində qalmaqal salır, dincələnlərə mane olurlar. Bu, məlumatlar təsdiqlənməyib, ona görə biz onları buraxacağıq", polislər deyib.

Hərəkat fəallarının sözlərinə görə, polis şöbəsində onlara deyiblər ki, barmaq izlərini vermək lazımdır, çünki şöbəyə düşənlərin hamısı belə edir. Amma, son nəticədə, barmaq izlərini almayıblar.

Polislər iki şahidin iştirakı ilə qadınların şəxsi əşyalarını müayinə ediblər. Vasyakinanın dediyinə görə, narkotik və silah axtarırmışlar.

Günortaya yaxın tutulub saxlanılanları buraxıblar. Polislər deyiblər ki, "Çayka" turbazası məşhurdur və fəalları başqa "qalmaqal qaldıran uşaqlı qadınlarla səhv salıblar".

Əlaqəli mövzular

Bu barədə daha geniş