İran hökuməti BBC Farsca xidmətinin əməkdaşlarının əmlakını dondurub

Iran Fotonun müəllifi BEHROUZ MEHRI/ Getty

BBC, İran hökumətinə müraciət edərək öz işçilərinin İrandakı əmlakının dondurulması barədə qərara yenidən baxılmasını tələb edib.

BBC Dünya Xidmətinin direktoru Francesca Unsworth bildirib ki, bu, BBC Farsca xidmətinin işçilərinə, keçmiş işçilərinə və onunla əməkdaşlıq edən bəzi şəxslərə "qarşı hücumdur".

Xanım Unsworth əməkdaşlarının daşınmaz əmlak, avtomobil və digər məhsulları alıb-satmasına qoyulmuş qadağaya yenidən baxılmasını tələb edib.

BBC Farsca İranda qadağan edilib və onunla əməkdaşlıq qanunsuzdur.

Son illər ərzində xidmət əməkdaşları və onların ailə üzvləri İran rəsmiləri tərəfindən təcavüz və təhdidlərə məruz qalıblar.

BBC Farsca xidmətinin 152 işçisi, keçmiş işçisi və onunla əməkdaşlıq edən şəxslərə məxsus əşyaların İran ədliyyəsi tərəfindən dondurulduğu məlum olub.

Qərar Tehranın Evin həbsxanasında yerləşən Şahid Moğadas məhkəməsində verilib.

Məhkəmə qərarı ilə bağlı BBC-ə məlumat verilməyib və yalnız BBC Farsca xidmətinin işçilərindən birinin qohumu ona məxsus əmlakı satmağa çalışarkən məlum olub.

İran ədliyyəsi məhkəmə qərarı ilə bağlı heç bir açıqlama verməyib.

"Biz BBC Farscanın işçilərinə, keçmiş işçilərinə və onunla əməkdaşlıq edən bəzi şəxslərə qarşı hücumu pisləyirik", xanım Unsworth bildirib.

"İnsanların BBC ilə əməkdaşlıq etməsinə görə hüquqi və maliyyə problemləri ilə üzləşməsi qorxunc haldır", o əlavə edib.

BBC Farsca xidmətinin rəhbərliyi bu qərarı İran ədliyyəsinin tərəfsiz jurnaliztikanı susdurmaq cəhdi kimi dəyərləndirib.

BBC Farsca xidmətinə rəhbərlik edən Əmir Əzimi bildirib ki, bütün dünyadakı farsdilli auditoriyaya müstəqil, tərəfsiz və etibarlı xəbər çatdırmaqda davam edəcəklər.

İrandakı qadağaya baxmayaraq, son rəqəmlərə görə BBC Dünya Xidmətinin İranda 13 milyonluq auditoriyası var.

Bu, BBC News üçün dünyada yeddinci ən böyük auditoriyadır.

Əlaqəli mövzular