Erdoğanın çağırışı Almaniya suverenliyinə “misilsiz müdaxilədir”- Sigmar Gabriel

Sigmar Gabriel Fotonun müəllifi Reuters
Image caption Sigmar Gabriel RedaktionsNetzwerk media qrupuna verdiyi şərhində Türkiyə liderini tənqid edib.

Almaniyanın xarici işlər naziri Türkiyə liderini aparıcı alman siyasi qüvvələrinə səs verməmək çağırışına görə tənqid edib.

Cümə günü prezident Recep Tayyip Erdoğan Almaniyanın hakim siyasi qüvvələrini "Türkiyənin düşmənləri" adlandırmışdı.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Recep Tayyip Erdoğanın çağırışı Almaniyanın suverenliyinə misilsiz müdaxilədir.

"Erdoğanın Almaniyada seçki kampaniyasına müdaxiləsi alman xalqını qarşı-qarşıya qoymaq cəhdidir".

Erdoğanın sözlərinə Almaniyanın SPD (Sosial Demokrat Partiyası) lideri də reaksiya verib.

"Azadlıq və demokratik Türkiyə üçün mübarizə edənlərin daha çox yanında olacağıq", - Martin Schulz tvitində yazıb.

Fotonun müəllifi Reuters

Cümə günü prezident Recep Tayyip Erdoğan Almaniyanın hakim siyasi qüvvələrini türk əsilli almaniyalı seçicilər tərəfindən rədd edilməyə layiq olan "Türkiyənin düşmənləri" adlandırıb.

Almaniya parlament seçkiləri 24 sentyabra təyin olunub. Bu seçkilərdə iştirak etmək hüququna bir milyonadək türk əsilli almaniyalı malikdir.

Onların əksəriyyəti, o cümlədən prezident səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan aprel keçirilən referendumunda Recep Tayyip Erdoğan hökumətinin təşəbbüsünü dəstəkləyib.

"Almaniyadakı bütün soydaşlarıma deyirəm ki, ehtiyatlı olun, səhv edib nə Xristian Demokratlar [CDU], nə Sosial Demokratlar [Social Democrats], nə də ki, Yaşıllar Partiyasını dəstəkləməyin, bunların hamısı Türkiyənin düşmənləridir".

Prezident Erdoğan Almaniyanı bundan əvvəl də tənqid edib.

Hər iki ölkə yaxın iqtisadi partnyor və NATO çərçivəsində müttəfiqdir.

Fotonun müəllifi AFP

Berlin referendum ərəfəsində Türkiyə rəsmilərinə Almaniyada çıxış etməyə izn vermədi. Qəzəblənən Erdoğan bu addımı "nasistsayağı" davranış kimi dəyərləndirdi .

İki ölkə arasında gərginlik ötən ilin iyul ayındakı çevriliş cəhdindən sonra kəskinləşib.

Prezident Erdoğan Almaniyanı çevriliş cəhdinin hazırlanmasında ittiham etdiyi Fethullah Gülen tərəfdarlarına dəstəkdə ittiham edir.

ABŞ-da yaşayan ruhani Türkiyənin ittihamlarını rədd edir.

Cənab Erdoğan türk əsilli almaniyalılara İstanbulda, cümə namazından sonra müraciət edib.

"Türkiyə ilə düşmənçiliyə aidiyyatı olmayan partiyalara dəstək verin", - Erdoğan deyib.

"Birinci və ikinci partiya olmaları önəmli deyil. Onlara səs verin. Çünki bu, Almaniyada yaşayan bütün soydaşlarımın şərəf mübarizəsidir".

Almaniyanı kansler Angela Merkel-in mənsub olduğu mərkəzçi-sağ CDU partiyasının formalaşdırdığı koalisiya idarə edir.

Bu barədə daha geniş