Rusiya: Mobil tanışlıq tətbiqi istifadəçilərini seçkilərə yönləndirir

Rusiyanın məhşur mobil tanışlıq tətbiqi Mamba seçicilərini səs verərkən tanış olması üçün yeni bir xüsusiyyət yaratdığını elan edib.
BBC Monitoring Xidmətinin xəbərinə görə, tətbiq istifadəçiləri digər istifadəçilərin fotoşəkillərinə baxarkən ekranda "Onunla birgə səs vermək istərdinizmi" sualı çıxır.
Əgər iki istifadəçi də birlikdə səs verməyə üstünlük verirsə, "Deyəsən bir-birimizi sevirik. 10 sentyabrda birlikdə səs verməyə gedə bilərik" ismarışını alırlar.
Mamba bundan sonra hər iki seçiciyə uyğun bir səsvermə məntəqəsini təklif edir.
Rusiyada yerli seçkilər 10 sentyabrda keçiriləcək. Tətbiq uğurla olarsa, ondan 2018-ci ildə keçiriləcək prezident seçkilərində də istifadə oluna bilər.
Bu Kremlin təşəbbüsüdürmü?
Mamba-nın meneceri Andrey Bronetski tətbiq barədə bir "tövsiyyə" aldığını açıqlayıb.
O, bu tövsiyyənin Kreml və yaxud da Mərkəzi Seçki Komissiyasından gəlməsi barədə sualı cavabsız qoyub.
Rusiyada yayınlanan Dojd kanalı "məsələdən xəbərdar olanlara" istinadən yaydığı məlumatda təşəbbüsün Kremldən gəldiyini bildirib.
Məqsəd - seçkilərdə iştirakı artırmaqdır.
Magic ictimai əlaqələr şirkətinin direktoru Platon Mamatovun fikrincə, Kremlin hədəfi gəncləri etirazlar əvəzinə səsverməyə cəlb etməkdədir.
- Sizinlə eyni şeylərə nifrət edən sevgili tapma proqramı
- Evlənmək üçün internetdə tanış olmaq niyə daha çox şans verir?