Türkiyə məktəblərində təkamül nəzəriyyəsi əvəzinə cihad tədris olunurmu?

Turkish schoolchildren (file pic) Fotonun müəllifi Getty Images
Image caption Yeni tədris proqramı beş, on və doqquzuncu sinif şagirdlərinə təsir göstərəcək

"Türkiyədə təhsil heç vaxt dünyəvi olmayıb. Siniflərdə icbari dini dərslər həmişə tətbiq olunub. Amma, cihad anlayışını təqdim etmək ağlasığmazdır."

Sentyabrdan Türkiyədə yeni tədris proqramı tətbiq olunmağa başlayacaq və bir çox valideynlər kimi bu 38 yaşlı ana da vəziyyətdən narahatdır. Dəyişikliklər birinci, beşinci və doqquzuncu sinif şagirdlərinə şamil olunacaq və məqsəd təkamül nəzəriyyəsini orta məktəblərdən yığışdırmaqdır.

Azərbaycanda Gülen hərəkatı və Erdoğanın müdaxiləsi

Türkiyə qərbdən uzaqlaşır - Erdoğandan sitatlar

"Siniflərdə doqquz-on yaşlı şagirdlərə Qurandan dualar əzbərlədilir. Məncə, dini təhsil məktəbdə yox, evdən verilməlidir," təhlükəsizlik səbəbi ilə adını vermək istəməyən qadın deyib.

Digər mübahisəli dəyişiklilərə Türkiyənin dünyəvi qurucusu Mustafa Kemal Atatürkün həyatı haqqında tədrisin azaldılması, cihad anlayışının təqdimi və din üzrə daha çox fənlərin tədrisi yer alır.

Fotonun müəllifi Reuters
Image caption Müasir Türkiyənin banisi Atatürkün həyatına daha az zaman sərf ediləcək

Ötən ilki çevriliş cəhdinə də yeni tədris proqramında geniş yer veriləcək.

Türkiyənin dünyəvi müxalifəti deyir ki, prezident Recep Tayyip Erdoğan və hakim AK partiyası ölkəni quruluş dəyərlərindən uzaqlaşdırmağa və daha çox İslam və mühafizəkar cəmiyyət qurmağa çalışır. Cənab Erdoğan dəfələrlə dindar nəsil yetişdirmək barədə istəyini dilə gətirib.

Təhsil naziri İsmet Yıldız BBC-ə bildirib ki, onlar proqramdan yalnız "gərəksiz, arxaik və darıxdırıcı fənləri çıxarıblar və yüz minlərlə dəyişiklik aparıldığı halda bir neçə xırda məsələni müzakirəyə çıxarmaq ədalətsizlik olardı".

Darvini məktəblərdən yığışdırmaq?

Cənab Yılmaz, təkamül nəzəriyyəsinin orta təhsildən tamamilə yığışdırıldığını təkzib edib.

"Biz təkamülə qarşı deyilik. Əgər elm bir şeyi deyirsə, ona müqavimət göstərmək mümkün olmaz. Həmçinin, irsiyyət, mutasiya, dəyişiklik və uyğunlaşma ilə əlaqədar fənlər hələ də təhsil proqramındadır. Bunlar hamısı təkamül nəzəriyyəsinin tərkibindədir," Cənab Yılmaz iddia edib.

"Bizim dediyimiz ancaq budur: Gəlin, fənni bu səviyyədə tədris etməyək, bakalavr pilləsinə saxlayaq," o əlavə edib.

Lakin, tənqidçilər insanın mənşəyi haqqında olan ilk fəslin proqramdan çıxarıldığını deyirlər. Bunsuz təkamül nəzəriyyəsinin digər hissələrinə keçmək qeyri-mümkündür deyə onlar bildirirlər.

Fotonun müəllifi Getty Images

"Şagirdlər mutasiya və ya uyğunlaşma kimi mərhələlərə keçməmişdən əvvəl təkamül nəzəriyyəsini qavramalıdırlar. Əgər təkamülün nə olduğunu öyrətmədən bu mövzulara keçsən, onlar da öyrənməyib əzbərləyəcəklər," Təhsil İslahatı Təşəbbüsü adlı qeyri-kommersiya təşkilatından Aysel Madra deyib.

Türkiyənin ən böyük müəllim birliklərindən biri olan Egitim-İs rəhbəri söyləyib ki, təkamül nəzəriyyəsinin ən vacib fəsli proqramdan çıxarılıb.

"Onlar insanın yaranmasını dini kitablarda yazıldığı kimi - hamının Adəm və Həvvadan törədiyini tədris etmək istəyirlər," Orhan Yıldırım deyib.

'Məktəblərdə cihadın normallaşdırılması'

O eləcə də, orta məktəblərdə cihadın təqdimini tənqid edib.

"Məsciddən çıxan istənilən birindən cihad sözünün mənasını soruşun - 99% cihadı Orta Şərqdəki müharibənin əsas səbəbi kimi təsvir edəcək. Biz hökumətin sözə yeni məna verməsinə və cihad anlayışının normallaşdırmasına izn verməyəcəyik," o deyib.

Türk Dili İnstitutunun lüğətinə əsasən, cihad ərəb sözü olub "dini müharibə" deməkdir.

Təhsil naziri İsmet Yıldırım sözün yanlış anlaşıldığını söyləyib və cəmiyyətə xidmət, rifahı artırmaq, sülh və bir-birinə qarşı sayğı duymaq mənasına gəldiyini deyib.

Təhsil nazirliyi proqramın 180 mindən artıq insanla məsləhət aparıldıqda sonra dəyişdirildiyini deyib.

Lakin, müxalif müəllimlər birlikləri deyir ki, onlarla müraciət olunmayıb və proqram layihəsi şəffaf olmayıb.

Orhan Yıldırım proqrama dəyişikliklərin ideoloji olduğunu iddia edib.

"Bu proqram, Türkiyə təhsilinə yönəlmiş çevrilişdir. Çevriliş etmək üçün silaha ehtiyac yoxdur. Bir ölkənin təhsili bu cür dəyişərsə, inkişaf edən ölkələrlə ayaqlaşmaq mümkünsüz olacaq," o deyib.