Ermənistan: "Nairit" zavodunda yanğın təcrid edilib, lakin tam söndürülməyib

Nairit yanğın Fotonun müəllifi Ermənistan FHX

Ermənistanın yeddi ildən artıq işləməyən, vaxtilə "kimya sənayesinin nəhəngi" hesab edilən "Nairit" zavodunda yanğın təcrid edilib, lakin səhərəcən yanğınsöndürmə işləri davam edib, Ermənistan Fövqəladə Hallar Xidmətinin səhər saat 9:00-a olan operativ məlumatında deyilir.

Yanğın haqqında məlumat FHX-nə bazar ertəsi saat 13 radələrində daxil olub. Xidmətin ilkin məlumatlarına görə, hələlik dəqiq müəyyən edilməmiş səbəbdən lak-etinol ehtiva edən dörd sistern alovlanıb. Yanğın başlamazdan əvvəl zavodun yaxınlığında partlayış səsi eşidilib. İlkin məlumatlara görə, sisternlərdə 50 tona yaxın etanol lakı olub.

Hazırda üç yanğın ocağı tam söndürülüb, sisternlərin birində "kiçik alışma təhlükəsi" mövcuddur, Ermənistan FHX bildirir.

FHX yanğının yenidən başlanması və yayılması təhlükəsini istisna edir.

Yanğına dair nikbin rəsmi məlumatlarla yanaşı, onun qarşısı alınması mübarizəsinə böyük qüvvələr cəlb edildiyi bildirilir.

Bazar ertəsi axşam saat 21:00-a olan məlumata görə, yanğınının söndürülməsində 13 dəstə, 120-ə yaxın xilasedici cəlb edilib.

İlkin məlumatlara görə, yanğının səbəbi kimyəvi maddələrin təhlükəsiz saxlanılma qaydalarına əməl edilməmə də ola bilər.

Lak-etanol nədir və nə dərəcədə təhlükəlidir?

Etanol lakı inşaat qurğuları və kimya avadanlığının çürüməkdən qorunması məqsədilə boyanması üçün istifadə edilir.

Sovet dövründə etanol lakı Ermənistandan "Nairit" zavodu istehsalatının əlavə məhsulu kimi ixrac edilirdi və məsələn, o zaman Leninqradda gəmiqayırma zavodunda gəmilərin suyabatan hissələrini suyun sızmasından qorunması üçün boyanmasında istifadə edilirdi.

Təbiətin Qorunması və Səhiyyə nazirliklərinin birgə məlumatına görə, "Nairit" zavodu ətrafında havanın çirklənməsi "insan həyatı üçün bilavasitə təhlükə kəsb etmir".

FHX Xilasetmə Xidmətinin şüa, kimyəvi və bioloji vəziyyətin monitorinqi qrupu hadisə yerində keçirdiyi yoxlamalar nəticələrinə görə, havanın tərkibində insan həyatı üçün təhlükəli maddə müəyyən edilmədiyini bildirir.

Fotonun müəllifi Ermənistan FHX

Səhiyyə Nazirliyi yanğın nəticəsində zərərçəkən və tibbi yardım üçün müraciət edən olmadığını bildirir.

Sonradan FHX Xilasedici Xidmətin rəhbəri, polkovnik Muşeğ Kazaryan tüstü səbəbindən üç yanğınsöndürənin səhhətinin pisləşdiyini bildirib.

Onların birinə yerində, ikisinə xəstəxanada ilk yardım göstərildikdən sonra, onlar yenidən yanğınsöndürmə işinə qatılıblar, FHX rəsmisi jurnalistlərə deyib.

"Nairit" zavodu

Zavod 2010-cu ildə, mart ayında dayanıb. "Nairit"in keçmiş işçiləri mütəmadi olaraq zavodun yenidən işə salınması tələbi ilə Ermənistan hökuməti və prezident sarayı qarşısında kütləvi aksiyalar keçirir. Ermənistan Hökuməti zavodun işə buraxılması üçün sərmayə qoymaq istəyən investor axtardığını bildirir.

Yerli mətbuatın məlumatlarına görə, mütəxəssislər bunun üçün 200-300 milyon dollar tələb olunduğunu deyirlər.

Ermənistanın Energetika Nazirliyinin hesablamalarına görə, "Nairit"in yenidən işə salınması zavodun ildə ən azı 10-12 min ton həcmində kauçuk istehsal etməsi təqdirində iqtisadi baxımdan faydalı sayıla bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş