Yerevan: polis snayperi bir qızı girov götürən gənci öldürüb

Polis binası Fotonun müəllifi Police.am

Ermənistan polisi çərşənbə günü axşamı paytaxt Yerevanın bilyard barlarından birində bir qadını girov tutan gəncin "zərərsizləşdirildiyi" haqqında məlumat yayıb.

Günün ikinci yarısında Ermənistan mediasında Yerevanın "Weekend" bilyard barında cavan qızın təxminən 30 yaşlı bir gənc tərəfindən girov götürüldüyü haqqında məlumat yayılmışdı.

Ermənistan polisinin rəsmi saytında yerləşdirilən görüntülərdə girov qızın azad edilməsi üçün onu saxlayan gəncin snayper gülləsi ilə vurulduğu məlum olur.

Polisin videosunda gəncin vurulması məqamı göstərilmir, lakin müxtəlif qəza halları və polis əməliyyatlarının foto və video çəkilişinə xüsusi imkanlara malik fotojurnalist Qaqik Şamşyanın saytındakı videoda snayperlərin mövqe tutması aydın görünür və girov saxlayan gəncin "zərərsizləşdirilməsi" zamanı iki atəş səsi aydın eşidilir.

Polisin mətbuat xidmətinin rəsmi məlumatına görə, Yerevanın Erebuni rayonunda yerləşən evlərdən birində "saat 15:30 radələrində bir kişi bir qızı girov tutub".

Fotonun müəllifi Police.am

"Bir saat davam edən danışıqlardan sonra onun heç bir güzəştə getməyəcəyi və girovun həyatına təhlükə təhdid etdiyi, eləcə də bu yolla təhlükəni aradan qaldırılmağın mümkünsüzlüyü aydın olduqda, onun zərərsizləşdirilməsi qərarı qəbul olunub", - məlumatda qeyd edilir.

Həm girov, həm onu saxlayan gənc xəstəxanaya çatdırılıb.

Polis məlumatına görə, girov saxlayan gəncin 1986-cı il təvəllüdlü Qor Hakobyan olduğu aşkar edilib, zərərçəkən 23 yaşlı qız isə həkimlərin nəzarəti altındadır. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir, nazirliyin mətbuat katibi Anahit Haytayan öz Facebook səhifəsində qeyd edib.

Anahit Haytayanın məlumatına görə, "həkimlərin səylərinə baxmayaraq, xəstəxanaya çatdırılan sol çiynindən odlu silahla yaralanmış gənci xilas etmək mümkün olmayıb".

Əlaqəli mövzular