Yerevanda vəkillər birgünlük tətil keçiriblər

Vəkillərin mətbuat konfansı Fotonun müəllifi news.am
Image caption Tətil edən vəkillərin jurnalistlərlə görüşü

Bu gün bir il əvvəl Yerevanda polis keşikçi-patrul xidməti alayı binasına hücum etmək və girov tutub saxlamaqda ittiham olunan "Sasna tsrer" silahlı dəstənin vəkillərinin tətil elan etdiyi səbəbindən cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Silahlı dəstəni məhkəmədə müdafiə edən 15 vəkillə birlikdə çərşənbə günü keçirilən etiraz aksiyasına Ermənistanın 180-dən çox vəkili qatılıb.

Məhkəməyə sədrlik edən hakim Artuş Qabrielyan prosesin sentyabrın 20-nə kimi təxirə salındığını elan edərək, "məhkəmənin işini əngəlləyən vəkillərə qarşı sanksiyalar" tətbiq ediləcəyinə işarə edib.

Tətillə bağlı vəkillərin yaydığı bəyanatında deyilir ki, vəkilləri öz "toxunulmazlığının pozulması və peşə səlahiyyətlərinin yerinə yetirilməsinə maneələr törədilməsi kimi hallara qarşı" etiraz bildirirlər.

Sözügedən cinayət işi üzrə artıq üçüncü ay davam edən məhkəmə prosesində irəliləmə yoxdur, vəkillər məhkəmə zalının girişində üstləri və çantalarının yoxlanılmasına etiraz edir, məhkəmə zalına buraxılmır və ya məhkəmə sədrinin sanksiyalarına məruz qalırlar.

Onlar məhkəmə prosesində iştirak edən digər - ittihamçı - tərəfinin bu kimi "təhqiranə davranışa" məruz qalmadığını qeyd edir.

"Biz peşə vəzifələrimizi yerinə yetirmək üçün gəlib, bütün iş günü məhkəmə binasının yanında yaxud dəhlizində keçiririk. Üstümüzü yoxlayan icraçıların protokolları əsasında məhkəmənin sanksiyalarına məruz qalırıq", - jurnalistlərə vəkil Araik Papikyan gileylənib.

O, bu məsələyə nə Məhkəmə Departamenti, nə Vəkillər Palatası, nə də nə başqa səlahiyyətli orqan tərəfindən "hüquqi həll" verilmədiyini bildirir.

Etiraz iştirakçıları məhkəmələrdə "vəkillərin əyni və əşyalarının yoxlanılmasına son qoymağı" tələb edirlər.

"Sasna tsrer" ("Sasunlu çılğınlar") silahlı dəstə 2016-cı il iyulun 17-də Ermənistan paytaxtında polis keşikçi-patrul alayının binasını ələ keçirib iki həftə saxlamışdı.

İyulun 30-da qiyamçılar girovları sərbəst buraxıb, sabahısı gün özləri də hakimiyyət orqanlarına təslim olublar.

Keşikçi-patrul xidməti alayının ələ keçirilməsi işi üzrə 47 nəfər ittiham olunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş