Gürcüstanın Kumurdo kəndi: Qarşıdurma ardınca xüsusi təyinatlılar çağrılıb

Polis Fotonun müəllifi Getty Images

Gürcüstanın cənubundakı Axalkalaki rayonunun Kumurdo kəndində yerli sakinlərlə polis arasında qarşıdurma ardınca hadisə yerinə əlavə polis qüvvələri çağrılıb.

Mətbuata əsasən mübahisə yerli erməni sakinlərinin qədim kilsə ərazisində bərpa işləri vaxtı aşkar edilmiş insan qalıqlarının basdırıldığı yerdə xaç quraşdırmaq cəhdindən sonra başlayıb.

Mədəni irsə aid abidəni qoruyan polis adamların kilsə ərazisinə daxil olmasına izn verməyib. Buna görə başlayan mübahisə fiziki qarşıdurma ilə nəticələnib.

Gərginlik şəraitində hadisə yerinə əlavə qüvvə çağrılıb, Gürcüstan televiziyasının 1-ci kanalı xəbər verir.

İnsidentlə bağlı Kumurdoya baş çəkən daxili işlər naziri Georgi Mğebrişvili yerlə sakinlərlə görüşüb.

Daxili İşlər Nazirliyi qarşıdurma vaxtı polis əməkdaşlarının yaralandığını, bir neçə xidməti maşının zədələndiyini bildirir.

Nazirliyin saytında yerləşdirilmiş məlumata görə hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Kumurdo kəndindəki kilsə 10-cu əsrə aid mədəni irs obyektidir. Kilsədə bərpa işləri aparılır.

Onun ərazisində xaçın quraşdırılmasına icazənin verilməsilə bağlı danışıqlar aparılır, mətbuat bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş