Türkmanlar İD barədə: "Ailəsində əsgər olanları öldürürdülər"

Fotonun müəllifi Getty Images
Image caption 2016-cı ilin noyabrında Telafərdən qaçan mülkilər

"İŞİD insanlara Telafərdə çok zülm etdi. Pulu olanlar qaçdı, olmayanlar qaldı"

Kərkükün şərqində yerləşən Yəhyəva düşərgəsindəki Telafərdən olan türkmanlar başlarına gələnlərdən danışarkən bunları deyirlər.

Özünü İslam Dövləti adlandıran qruplaşma (mətndə - İŞİD) 2014-cü ildə Telafəri ələ keçirəndə bəzi türkmanlar şəhərdən qaçsa da, bəziləri heç yerə getməmişdilər.

Gedənlərin çoxu da İraqın başqa yerlərindəki düşərgələrdə yaşayırdılar.

Ya özləri, ya da yaxınları İŞİD-in hakimiyyəti altında yaşayanlar deyirlər ki, təşkilat 3 il müddətində düşərgədəki telafərlilərə böyük iztirablar verib.

İndi düşərgədə qalsalar da, İŞİD-dən canları qurtardığına sevinirlər.

Şahidlər bildirirlər ki, İŞİD yaraqlıları arasında müəyyən sayda Telafər türkmanları da vardı.

"Ailəsində əsgər olanları öldürürdülər"

Nehle və arvadı Rafi Kasapoğlu İŞİD gələndə ilk qaçanlardandır.

Rafi deyir ki, cihadçılara yalan deməklə qaça biliblər:

"Biz İyaziyədənik. Bura bir türkman bölgəsidir. İŞİD gələndən 15 gün sonra biz ordan çıxdıq. İŞİD-in adamlara verdiyi zülmü bildiyimizə görə oradan qaçdıq.

Mən ailəmin və uşaqlarımın başına bir iş gələcəyindən qorxurdum. Bizi tutub öldürəcəklərindən qorxurdum. Adamları tutub öldürürdülər. Mən də ailəmi götürüb qaçdım…"

"Niyə öldürürdülər axı" sualına belə cavab verir:

"Kimin ailəsində əsgər vardısa, onları öldürürdülər".

Fotonun müəllifi Getty Images
Image caption 2014-cü ilin baharında İŞİD hücumundan sonra yurdlarından didərgin düşən Mosul və Tel-Afər sakinləri

"Pulu olmayanlar qaça bilmədilər"

Nehle Kasapoğlu İŞİD-dən necə qaçdıqlarını belə nəql edir:

"Evdən səhər çıxdıq, qoymadılar. "Qayıdın" dedilər. Axşam saat 10-da çıxdıq. "Hara gedirsiniz" dedilər. Dedik ki, "anamıza baş çəkməyə gedirik". Dedik və qaçdıq. Bizə bir yoldaşımız kömək etdi".

O deyir kİ, bir çoxları qaça bilməyiblər:

"Çoxunun pulu olmadığına, xəstəsi olduğuna görə qaça bilmədilər və zülm gördülər".

Image caption Yəhyəva düşərgəsində 1500-dək ailə yaşayır. İraq türkmanlarının siyasi partiyaları və təşkilatları, habelə BMT-nin Qaçqınlarla İş Üzrə Ali Komissarlığı burdakılara yardım göstərir

İŞİD döyüşçüləri arasında ərəb, türkman, əcnəbi, hər kəs vardı…

Reykan Kasapoğlu qaçmaq istəsə də, qaça bilməyən telafərlilərdəndir.

Ailəsinin yaşadğı yerlər İŞİD-in işğalından sonra boşalıb. Buna görə də Reykangil bir ara Mosula gedib, sonra Telafərə qayıdıblar.

"Biz İyaziyədə Avgeni kəndindənik. İŞİD gələn kimi hamı qaçdı. Orda heç kim qalmadı. Yalnız İŞİD qaldı. Onlar müxtəlif millətlərdən idilər. Ərəb, türkman, əcnəbilər…Kim desən vardı…"

"Mənə işgəncə verənləri, xalamı öldürənləri tanıyıram"

"Avgeni boşalanda biz də ailəliklə Telafərə getdik. Orda gecələdikdən sonra Mosula yollandıq. 4 ay Mosulda qaldıq"

"İŞİD hər yerdə pis idi. Hər yerdə insanlara iztirab verirdilər. Amma biz iyaziyeli olduğumuza görə bizi Mosulda tanımırdılar. Elə həmişə evdə idik, bayıra çıxmırdıq.

İş-gücümüz də yoxdu. Ev kirayəsini ödəyə bilməyəndə Telafərə döndük. Orda bir bibim qızı vardı, onun evində qaldıq…"

Fotonun müəllifi Mahmut Hamsici
Image caption Reykan Kasapoğlu hələ də yaşadığı travmaların iztirabını çəkir

Reykan daha sonra anasının və atasının gözləri qarşısında xalasının necə öldürüldüyündən, onun özünə necə bir işgəncə verildiyindən danışır:

"Bizi "telefonları var, hökumətə casusluq edirlər" deyib satdılar. İŞİD gəldi, adımı soruşdu. "Reykan" dedim. Sənədlərimizi yığdılar. Üzlərində maskalar vardı.

Sonra sənədlərimizi qaytardılar. Yalnız mənim və öldürülən bacımın sənədlərini saxladılar".

"Telefonunuz varmı" deyə xəbər aldılar, "yoxdur" dedim. Sonra bizdən dörd telefon tapdılar".

"Mənim başıma qara bir torba keçirdilər. Bacımı və məni başqa-başqa maşınlara oturtdular. İŞİD apardığı yerdə mənə çox işgəncələr verdi.

14 gündən sonra bizə "gedin cənazənizi götürün" dedilər, Getdim gördüm ki, bacımın başına iki güllə sıxıblar.

Bütün bədənində işgəncə yerləri vardı. Cənazəni evə gətirmədik, çünki anam görsəydi ağlını itirərdi. Bacımı elə orda dəfn etdik".

Fotonun müəllifi Mahmut Hamsici
Image caption Reykan Kasapoğlunun anası qızının sənədini göstərərək ağlayır

Reykan xəbərçiləri, işgəncə verənləri və bacısını öldürənləri tanıyır, çünki onların da telafərli olduqlarını deyir:

"Bizdən xəbərçilik edənləri tanıyıram. Bacımı öldürənləri, mənə işgəncə verənləri tanıyıram. Hamısını tanıyıram. Onlar Avqani, Telafər və İyaziyədən olanlardır.

Bizdən xəbərçilik edən avqaniliydi, bacımı edam edən və mənə işgəncə verənlər Telafər camaatı idi. Hamısını tanıyıram".

"Haşdi Şabi" qüvvələrinin yanına qaçdıq"

Reykan və ailəsi daha sonra bir kəndə yerləşiblər. İŞİD onları nəzarət altında saxlayırdı.

Amma Haşdi Şabi qüvvələri yaxınlaşanda onlara doğru qaçıblar:

"Bacımı öldürəndən sonra bizi izləməyə başladılar. Çıxıb o kəndə getdik. Şiələrin Haşdi Şabi qüvvələri bizim yaxınlığımızda idi. Eşitdik ki, bir neçə ailə ora qaçıb.

Əvvəl istədik ki, bir uşağı kəşfiyyata göndərək. O çıxa bilsəydi, demək biz də çıxa bilərdik.

Amma mən dedim ki, "bu uşağı tutsalar hamımızı öldürəcəklər, gəlin birlikdə çıxaq".

"Beləliklə birlikdə çıxdıq və Haşdi Şabiyə yetişdik".

"Haşdi Şabini keçdikdən sonra Mosula getdik və ordan da Kərkükə yollandıq. Allaha şükür. Türkmanlar bizdən heç bir köməyi əsirgəmədilər".

"Türkiyə kafirdir" deyirdilər

Düşərgədə sonuncu dəfə Şekip Kasapoğlu ilə görüşürük.

Bu düşərgəyə ən son gələnlərdir. Ötən aylardakı Telafər əməliyyatından sonra ordan qaçıb.

Fotonun müəllifi Mahmut Hamsici
Image caption Şekip Kasapoğlu İŞİD-in üç il müddətində etdiklərinin telafərli şahididir

Şekip İŞİD-in gəlişini belə xatırlayır:

"İŞİD Mosulu tutandan sonra hamı çıxıb getdi. Əsgərlər də çıxıb getdilər. Bizim tərəflərə gəldilər.

Şiə türkmanlar Sincara, oradan da Bağdada qaçdılar. Çünki şiələri öldürürdülər.

"Gəldilər, insanlara zülm etməyə başladılar. Çörək yox, pul yox, iş yox…Hamı çıxıb getdi. Pulu olanlar qaçdı, olmayanlar qaldı…"

"Adamları daşqalaq edamına tamaşa elətdirdilər"

Şekip sağ qalanların çəkdiyi zülmlərdən danışır:

"İnsanlara "məscidə gedin, belə edin, elə edin" deyirdilər, amma adamlar bunu etmirdilər.

"Bizə qoşulun, cihad edirik" deyirdilər, amma elədikləri cihad yox, başqa bir şeydi"

"İnsanlara zorla saqqal saxlatdırırdılar, şalvarların balaqlarını kəsdirirdilər…"Türkiyə kafirdir" deyirdilər".

"Uşaqlara "gəlin bizə qoşulun, cənnətə gedərsiniz" deyirdilər".

"Qadın olsun, ya kişi, daşlayaraq, bıçaqlayaraq öldürürdülər. Bir dəfə Merve adlı bir qadını və adını bilmədiyim başqa bir adamı daşqalaq edərək öldürdülər.

"Bu qadınla bu adam zina etdi" deyirdilər. Camaata da "gəlin baxın bunları necə öldürəcəyik" deyirdilər. Bax bunu etdilər millətə…"

Fotonun müəllifi Getty Images
Image caption Tel-Afər əməliyyatı zamanı güclü müqavimət göstərmişdi

"Qaçmaq istəyirdim, amma 500 dollarım yoxdu…"

"Bu son vaxtlaradək orda idik. Əlləri altındaydıq. Heç yerə gedə bilmirdik. Pulumuz yoxdu. Qaçanları öldürürdülər.

İnsanlar aclıq keçirirdilər. Özlərinin telefonları vardı, amma başqalarına qadağan etmişdilər.

Qaçmaq istəyirdim, amma 500 dollarım yoxdu…Pulu olanları özləri keçirirdilər, amma bunun əvəzində 500 dollar istəyirdilər".

Fotonun müəllifi Getty Images
Image caption İraq ordusu və şiə qüvvələri avqust ayının son günlərində Tel-Afəri İŞİD-dən geri alıb

İŞİD-də Türkiyədən gələnlər də vardı…

"İŞİD döyüşçüləri haralıydılar" sualına Şekip "hər yerli idilər" cavabını verir və sayır:

"Vallah hər yerdən gələnlər vardı…Türkiyədən, Azərbaycandan, Amerikadan…Telafərdən, Ərbildən, Kərkükdən, Bağdaddan… Hər yerdən…Türkiyədən gələnlərin arasında antalyalılar, diyarbakırlılar, qazianteplilər vardı…

"Bizim aramıza soxulub çıxdılar…Mərmilər uşaqları, qadınları da vururdu…"

Şekip Kasapoğlu danışır ki, Telafər əməliyyatının bir məqamında cihadçılar mülkilərə "siz gedə bilərsiniz" dedilər.

Şekip bunun səbəbini belə izah edir:

"Biz axırda qaçdıq. İŞİD də camaata qoşulub çıxdı. Sonra ayrılıb başqa yerə getdilər".

Şekip deyir ki, "o bombardmanda çox adam öldü. Uşaqlar…qadınlar…İŞİD adamların arasında idi. Onlara mərmi atılanda başqaları da ölürdülər".

Bu barədə daha geniş