Azərbaycan və Ermənistan təmas xəttində gərginliyi azaltmağa razılaşıblar

Azərbaycan və Ermənistan prezidentləri, XiN-ləri Fotonun müəllifi President.az
Image caption Bazar ertəsi keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri də iştirak ediblər

Bu gün ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə, tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar, birgə bəyanatda bildirilir.

Prezidentlərlə yanaşı, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və Azərbaycan və Ermənistan xarici işlər nazirləri iştirak ediblər.

ATƏT həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər "danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa" razılaşıblar.

Bununla yanaşı, bəyanatda qeyd edilir ki, növbəti addım olaraq, həmsədrlər "xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüşü təşkil edəcəklər".


Həmçinin oxuyun:


Fotonun müəllifi PRESİDENT.AM
Image caption Son dəfə Serj Sakisyan və İlham Əliyev 2016-cı ilin iyun ayında Sankt-Peterburqda görüşüblər

Azərbaycan prezidenti Ermənistan tərəfini danışıqlardan qabaq şərtlər irəli sürməkdə günahlandırıb və Azərbaycanın heç bir şərt qəbul etmədiyini bildirib.

"Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar", - bazar ertəsi Azərbaycan Nazirlər Kabinetinin iclasında nitqində prezident İlham Əliyev deyib.

"Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil", - Azərbaycan prezidenti bəyan edib.

Ötən ilki "aprel müharibəsi" adını almış Dağlıq Qarabağ təmas xəttində dörd gün davam edən döyüşlərdən sonra Ermənistan prezidenti "Bloomberg"-ə müsahibəsində danışıqların bərpa olması üçün müəyyən şərtlər irəli sürmüşdü.

"Bunun üçün yaxşı olardı ki, həmsədrlər müəyyən etimad tədbirləri keçirsinlər. Araşdırma [təmas xəttində] mexanizmləri yaradılsın ki, atəşkəsin hansı tərəfən pozulması müəyyən edilsin və onlar [həmsədrlər] atəşkəsin kimin tərəfindən pozulduğuna dair ünvanlı bəyanatlar etsinlər", - Serj Sarkisyan deyib.

"Və bizim qarantiyalarımız olmalıdır ki, bundan sonra belə hallar [atəşkəsin pozulması] olmayacaq. Əks təqdirdə, danışıqlar mənasızdır. Biz orada danışıqlara başlayaq, hərbçilər burada müharibə etsin?!" - Sarkisyan əlavə edib.

Lakin Serj Sarkisyanın bu müsahibəsindən sonra Ermənistan və Azərbaycan prezidentləri ötən il may və iyun aylarında Vyana və Sankt-Peterburqda görüşüblər.

Fotonun müəllifi President.az
Image caption Görüş Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə təşkil edilib

Qarabağ münaqişəsi üzrə Bakı ilə Yerevan arasında yüksək səviyyədə danışıqların yenidən başlanmasının mümkünlüyü haqqında Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Andrew Schofer-in (ABŞ) oktyabrın 6-da Ermənistan və oktyabrın 7-də Azərbaycan prezidenti ilə görüşlərdən sonra bəyan ediblər.

"Prezidentlərin hər ikisi də münaqişənin dinc yolla həllinə nail olmaq məqsədilə danışıqların yenidən başlanılmasına hazır olduqlarını bildiriblər", - həmsədrlərin bəyanatında deyilir.

Son dəfə İlham Əliyevlə Serj Sakisyan 2016-cı ilin iyun ayında Sankt-Peterburqda, bundan təxminən bir ay əvvəl isə Vyanada görüşüblər.

Bu barədə daha geniş