Güllələnərək yaralanmış azərbaycanlı bələdiyyə namizədinin "vəziyyəti yaxşılaşıb"

Polis maşını Fotonun müəllifi 1tv.ge

Marneuli rayonunun Qızılhacılı kəndində silah atəşi nəticəsində yaralanan azərbaycanlı bələdiyyə üzvülüyünə namizəd Ceyhun Çoydarovun vəziyyəti yaxşılaşıb, onun qohumu bildirib.

"Bir neçə saat əvvəl süni nəfəs aparatından ayrılan Çoydarovun səhhəti stabildir", bunu BBC Azərbaycancaya onun qohumu İsmayıl Bayramov deyib.

Eyni zamanda Ceyhun Çoydarovla birgə güllə yarası alan Vüqar Bayramovun də vəziyyəti normaldır. Atası İsrafil Bayramov deyir ki, yaxın günlərdə yaralıların xəstəxanadan evə buraxılmasını gözləyirlər.

Oktyabrın 19-u saat 23:00 radələrində Gürcüstanın Marneuli rayonunda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim partiyadan 4 nəfəri yaralayıb, rəsmilər bildirib.

"Marneuli rayonunun Qızılhacılı kəndində, "Gürcü Arzusu" partiyasının seçki qərargahı yaxınlığındakı ərazidə naməlum şəxs avtomatdan açdığı atəşlə 4 nəfərə xəsarət yetirib", - Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir.

Cümə günü yayılan məlumatda bildirilir ki, sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

DİN-in açıqlamasına əsasən xəstəxanaya çatdırılmış yaralıların həyatına təhlükə yoxdur.

Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernator müavini Zaur Darğalı xəbəri BBC Azərbaycancaya təsdiq edib.

"Hadisə Qızılhacılı kəndində seçki qərargahının qarşısında baş verib", Zaur Darğalı deyib.

Fotonun müəllifi 1tv.ge
Image caption Gürcüstanın Daxili işlər naziri Giorgi Mğebrişvili istintaqın aparıldığı müddətdə hadisəni sırf siyasi müstəvidə görməməyə səsləyib.

Onun sözlərinə görə, insident zamanı "Gürcü Arzusu" Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndindən üzrə majoritar namizəd Ceyhun Çovdarov və daha üç şəxs yaralanıb.

Yaralılar Anar Məmişov, Vüqar Bayramov Azad Çobanov xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri stabildir, o, əlavə edib.

Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili və səhiyyə naziri hadisə yerinə gedib və vəziyyətlə maraqlanıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş