Ukraynalı millət vəkili "sui-qəsd cəhdində" yaralanıb

The site of a blast in Kiev, Ukraine. Photo: 25 October 2017 Fotonun müəllifi Reuters
Image caption Müstəntiqlər güman edirlər ki, partlayıcı qurğu yaxınlıqda park edilmiş bir motosikletə yerləşdirilib

Ukraynanın paytaxtı Kiyevdə baş verən partlayış bir nəfərin ölümünə, millət vəkili də daxil olmaqla üç nəfərin yaralanmasına səbəb olub. Rəsmilər hadisənin "sui-qəsd cəhdi" ola biləcəyini deyirlər.

Partlayış zamanı Radikal Partiyasından olan millət vəkili İqor Mosiyçukun cangüdəni ölüb, təşkilatın rəhbəri bildirib.

Hadisə cənab Mosiyçuk və bir neçə digər şəxs televiziya kanalının qərargahını tərk edərkən baş verib.

İstintaqın ilkin nəticələrinə görə, partlayıcı qurğunun yaxınlıqda park edilmiş bir motosikletə yerləşdirildiyi güman edilir.

Daxili İşlər Nazirliyinin məsləhətçisi Anton Heraşçenko çərşənbə günü gecə saatlarında partyalışı "terror aktı" kimi təsvir edib.

Hələ ki, heç kim partlayışın kim tərəfindən törədildiyi barədə məlumat verməyib.

Cənab Mosiyçuk hazırda Kiyevdəki xəstəxanalardan birində müalicə alır.

Radikal Partiyasının lideri Oleq Lyaşkonun sözlərinə görə, cənab Mosiyçuk ağır yaralanıb, ancaq "yaşayacaq".

O, Mosiyçukun siyasi fəaliyyətinə görə hücuma məruz qaldığına şübhə olmadığını söyləyib.

Yaralılar arasında Ukraynanın siyasi təhlilçisi də var.

Radikal Partiyası 2014-cü ildə keçirilmiş seçkilərdən sonra parlamentdə 22 yer qazanıb.

Partiya başlanğıcda prezident Petro Poroşenkonun partiyasının siyasi müttəfiqi olsa da, indi özünü müxalifət qüvvəsi kimi göstərir.

Son illərdə Kiyevdə yüksək profilli siyasətçilərə və jurnalistlərə qarşı bir sıra ölümcül hücumlar baş verib.

Mart ayında ötən il Ukraynaya qaçmış rusiyalı millət vəkili Denis Voronenkov, paytaxtın mərkəzindəki bir otelin qarşısında vurularaq öldürülüb.

2016-cı ilin iyul ayında məşhur belorusiyalı jurnalist və Kremlin tənqidçisi Pavel Şeremet avtomobilində bomba partlaması nəticəsində həyatını itirib.

İki il əvvəl, rusiyayönlü fikirləriylə tanınan ukraynalı jurnalist Oles Buzina, mənzilin yaxınlığında güllələnib.

Əlaqəli mövzular

Bu barədə daha geniş