Çeçenistan lideri Ramzan Kadırov istefa verməyə "hazırdır"

Ramzan Kadırov Fotonun müəllifi Getty Images

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov bazar günü Rusiyanın dövlət telekanalına verdiyi müsahibədə istefa verməyə hazır olduğunu deyib.

Çeçenistanın 41 yaşlı lideri Rossiya 1 kanalında yayımlanan müsahibəsində deyib ki, "bir vaxtlar mübarizə aparıb hər şeyi öz yerinə qoymaq üçün mənim kimi adamlara ehtiyac var idi. İndi isə bizdə qayda-qanun, hörmət və cəmiyyətdə anlayış var. Düşünürəm ki, Çeçenistan respublikasında dəyişikliklər etməyin vaxtı çatıb".

Öz varisi barədə suala isə, cənab Kadırov belə cavab verib: "Bu, dövlət rəhbərliyinin səlahiyyətidir".

"Əgər məndən soruşsalar... deyərdim ki, bu işləri 100 faiz ən yüksək səviyyədə yerinə yetirmək bacarığı olan bir neçə adam var".


Həmçinin oxuyun:


Cənab Kadırov müsahibəsində, həmçinin məhşur rusiyalı müxalifət lideri Boris Nemtsovun 2015-ci ildəki qətlində çeçenlərin təqsirləndirilməsinin "səhv qərar" olduğunu deyib.

2017-ci ilin iyun ayında çeçen silahlısı Zaur Dadayev və dörd başqa etnik çeçenlərə Boris Nemtsovun Kremlin yaxınlığında qətli ilə bağlı uzunmüddətli həbs cəzası verilib.

Dadayev vaxtilə Ramzan Kadırovun rəhbərlik etdiyi elit hərbi "Şimal Batalyonu"nun döyüşçüsü olub.

Bununla bağlı fikirlərini paylaşan Çeçenistan lideri bildirib ki, "hər kəs deyir: "Kadırov Nemtsovu öldürdü!" Şəxsən mənim və bizim komandamız üçün - o yaxşı adam idi".

Bundan sonra, o, Rusiyanın "liberal" siyayətçilərini tənqid edib.

"Onlar kimlərdir? Heç nə deyillər! Mən yüksək səslə Qafqazın Rusiyadan ayrılmasına çağıran liberallar barədə danışıram", Kadırov deyib.

Çeçenistan lideri həmçinin Rusiya atletlərinə qoyulan qadağaları də pisləyib və ABŞ tərəfindən ona qarşı sanksiyaların tətbid olunmasının "yaxşı" olduğunu deyib.

Sanksiyalardan da əvvəl Avropa və ABŞ-ə səyahət etmədiyini deyən Kadırov sanksiyaların ona təsiri olmayacağını deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş