Rusiya: "Xarici agent" olan KİV-lərə 5 milyon rubl cərimə kəsilə bilər

граффити "иностранный агент" Fotonun müəllifi ITAR-TASS / Sergei Karpov

Rusiya Dumasına "xarici agent" sayılan KİV-lərin cərimələndirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Layihə müəllifləri "agentlər" barədə qanunu ciddi sürətdə pozanları 5 milyon rubl (təxminən 85 750 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırmağı təklif edib.

Qanun layihəsinə görə, cərimələr həm "agent" sayılan media vasitəsinə qarşı, həm də həmin KİV-in təsis etdiyi hüquqi şəxsə qarşı tətbiq oluna bilər.


Həmçinin oxuyun:


Sənədə əsasən "xarici agentlər" barədə qanunun ilk dəfə pozulmasına görə vətəndaşlar üçün 10 min rubl, hüquqi şəxslər üçün isə 500 min rubl cərimə nəzərdə tutulub.

Təkrar pozuntuya yol veriləndə isə, cərimələr vətəndaşlar üçün 50 min rubl, vəzifəli şəxslər üçün 100 min rubl, hüquqi şəxslər üçün isə 1 milyon rubladək artırılır.

Qanun layihəsi Dumaya təqdim ediləndən 4 gün əvvəl Rusiya prezidenti xarici KİV-lərin "xarici agent" olduğunu təsbit edən qanuna imza atıb.

Layihənin müəlliflərindən biri, Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişasın qeyd etdiyi kimi, cərimələr "yaydıqları informasiya məhsulunun xarici agent olan KİV tərəfindən hazırlanmasını göstərməyən" media vasitələrinə qarşı tətbiq ediləcək.

Qanun layihəsinin ilk oxunuşu Yeni ildən sonra, ehtimal ki, Dumanın yaz sessiyasında keçiriləcək.

Bu arada, noyabrın 25-dən Rusiyada prezident Putinin imzaladığı və xarici KİV-ləri xarici agent saymağa əsas verən qanun qüvvəyə minib.

Rusiyalı parlament üzvləri bu qanunun qəbul edilməsini ABŞ-da Ədliyyə Nazirliyinin, RT America kanalını xarici agent qismində qeydiyyatdan keçirməsinə Moskvanın cavabı olduğunu qeyd edirlər.

Deputatların bundan əvvəl bildirdiyinə görə, xarici agent haqqında qanunun maddələri "Azadlıq radiosu", "Amerikanın səsi", "Deutsche Welle" və CNN-ə qarşı tətbiq oluna bilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş