Erdoğanın Yunanıstan səfəri qalmaqalla başladı

Erdoğan və Pavlopulos Fotonun müəllifi Reuters
Image caption Yunanıstan prezidenti Prokopis Pavlopulos Erdoğanı rəsmi qaravul dəstəsi ilə qarşılaıb

Türkiyə lideri Recep Tayyp Erdoğanın Afinaya səfəri gərgin bəyanatlarla başlayıb.

Son 65 ildə ilk dəfə Yunanıstana səfər edən Türkiyə prezidenti Yunanıstan həmkarı ilə görüşündə Lozanna müqaviləsinin tətbiqinə dair iradlarını dilə gətirib.

Yunanıstan prezidenti Prokopis Pavlopulos iki ölkə arasında sərhədləri müəyyən edən tarixi razılaşmanın müzakirə mövzusu olmadığını deyib.

Afinada keçirilən görüş vaxtı Recep Tayyip Erdoğan 1923-cü ildə imzalanmış müqavilədə "hələ də aydın olmayan bəzi məqamların" qaldığını deyib.

O, Yunanıstanda yaşayan türklərin ayrı-seçkiliyə məruz qaldığını vurğulayıb.

"Lozanna, Türkiyə ilə Yunanıstan arasında bağlanmış bir razılaşma deyil. Onu imzalayan 11 ölkə var idi".

"Bu 94 il içində dünya sanki yenidən quruldu. Türkiyə ilə Yunanıstan arasında da bir çox şey dəyişdi", cənab Erdoğan deyib.

"Lozannada buradakı türklərə dair "müsəlman azlığı" ifadəsi işlədilir. Doğrudur, amma Avropa İnsan Hüquqları Məhkəməsində "türk" sözü tətbiq olunur", o əlavə edib.

Fotonun müəllifi AFP
Image caption Yunanıstan prezidenti Prokopis Pavlopulos Erdoğanı rəsmi mərasimlə qarşılayıb

Türk azlığı məsələsi

"Qərbi Trakiyada (Yunanıstanda türklərin yaşadığı bölgə - Red.) türk kəlməsinin yazılmasını qəbul etmək belə mümkün deyil" deyən Erdoğan Türkiyədə xristian icmalarının daha böyük azadlıqlara sahib olduğunu deyib.

"Təəssüflər olsun ki, Qərbi Trakiyada yaşayan insanlar özlərinin seçdiyi yox, təyin edilmiş baş müfti tərəfindən idarə olunurlar".

"Türkiyədəki Patriarx isə təyin olunmayıb, onu Sinod Şurası seçir. Demək ki, Lozanna tətbiq olunmur", Erdoğan əlavə edib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Erdoğan Yunanıstana səfər edir

Erdoğan həmçinin Egey dənizi və Kipr məsələsində daha uzunmüddətli qərarlara ehtiyac olduğunu deyib.

"Lozanna müzakirə olunmayacaq"

Türkiyə liderinə cavabında prezident Prokopis Pavlopulos Lozanna müqaviləsinin müzakirə ola biləcəyini qətiyyətlə rədd edib.

"Lozanna müqaviləsi Yunanıstan və Avropa İttifaqının ərazi ilə suverenliyini müəyyən edir və bu müqavilə bizim üçün müzakirə mövzusu deyil," - prezident Prokopis Pavlopulos dedi.

"Onun qüsuru yoxdur, onun nə nəzərdən keçirilməyə nə də ki, yenilənməyə ehtiyacı var", - özü hüquq eksperti olan Prezident Palopulos deyib.

Bu barədə daha geniş