İD-nin itkin düşən uşaqlarının xilası

Child's eyes Fotonun müəllifi dubrovskaya

İraq və Suriyada özünü İslam dövləti adlandıran qruplaşmaya on minlərlə xarici döyüşçü qoşulub. Onlardan əksəriyyəti Rusiyalıdır. Bəs dağılmaq üzrə olan xilafət üzvlərinin ailələrinin aqibəti necə olur?

Bağdadın dəbdəbəli bir otelinin nahar otağında biznesmenlər və rəsmi nümayəndələr arasında dörd solğun simalı uşaq görmək qəribə mənzərədir. Onlar üç və yeddi yaş arasında olarlar.

Sakitcə sıyıq yeyirlər. Onların ailəvi tətildə olmadıqlarını müəyyən etmək çətin deyil. Yanlarında iki qadın oturub və onlardan birinin qucağında körpə var. Uşaqlardan fərqli olaraq qadınlar İraqlıya bənzəyirlər. Uşaqlar çaşbaş və inamsız görünürlər.


Həmçinin oxuyun:


Birdən yan masadakı mühüm görünüşə malik kostyumlu bir neçə kişi saatlarına baxırlar. Onlar ayağa qalxaraq qadınlar və uşaqlara işarə edirlər. Otelin mərmər döşəməli dəhlizi boyu yeriməyə başlayan kişilərin arxasınca qadınlar və uşaqlar tələsik hərəkətə keçirlər.

Həyətdə onları iki böyük maşın gözləyir. Kamuflyaj şalvarı geyinmiş və gözlərinə tünd eynək taxmış təhlükəsizlik nəfərləri uşaqları və qadınları (onlar muzdlu dayələrdir) maşına saldıqca əl radioları ilə məlumat ötürürlər. Mühafizəçilər də maşına minirlər və qapılar möhkəm örtülür. Maşınlar qapalı karvanda aeroporta tərəf üz alırlar.

Image caption Oteldəki uşaqlar

Rusiyalı diplomatlar və kəşfiyyat agentləri İraqdan azyaşlı vətəndaşlarını çıxarıb evlərinə qaytarırdılar. Hekayənin məğzi bundan ibarətdir.

Onlar üç qardaş və iki bacıdırlar. Mən onlarla gecə Rusiya televiziyasında yenidən görüşəcəyəm. Yəqin ki, masada gördüyümüz kişilərdən biri onları təyyarədən aşağı endirəcək və studiyaya gətirəcək.

Alışan kamera işıqları uşaqları daha da çaşqın hala salır. Onlar sevincdən göz yaşı tökən qohumlarına təhvil verilirlər. Məsul şəxslər arasından 50 yaşlarında, hündürboy bir kişi müsahibə verməyə çalışır və sonda dözmür, göz yaşlarına hakim ola bilmir.

Onun adı Ziyad Sabsabidir. O, Rusiyanın cənubunda yerləşən Çeçenistanın prezidentinin Yaxın Şərqdə rəsmi elçisi və rusiyalı siyasətçidir.

Bir gecə əvvəl mən onunla otelin divanında əyləşib, telefonundakı şəkil və videolara baxırdım. O, mənə Bağdaddakı uşaq evindən götürdüyü bu oğlanlar və qızları göstərirdi. Orada xilas edə bildiyi başqa bir neçə uşaq və hələ də itkin olanlar da var idi.

Mənimlə söhbətləşərkən belə o ağlayırdı.

Fotonun müəllifi Obyektiv
Image caption Ziyad Sabsabi bir uşağı Suriyadan Çeçenistana qaytarır.

Onlar, vətənini tərk edərək İraq və Suriyanı dağıtmağa gedən İslam Dövlətinin könüllü döyüşçülərinin uşaqlarıdır.

Amma bu qeyri-rəsmi görünüşlü rəsmi şəxs, dönə-dönə uşaqların nə günahı olduğunu soruşur.

O deyir ki, uşaqların anaları - rusiyalı cavan müsəlman qadınlar - da ərlərinə aldanaraq İD-ə qoşulublar. Onlara Türkiyəyə istirahətə, yaxud işləməyə getdikləri deyilsə də, Suriya və İraqa aparılıblar.

Artıq müharibədə məğlub olan İD-li ərlər ya ölüb, ya da həbs olunublar. Onların arvad və uşaqları isə itkindirlər. İD-nin yüzlərlə xarici döyüşçülərinin ailələri İraqda saxlanılır və adları heç qohumlarına da açıqlanmayıb.

Oteldəki bu azyaşlılar kimi uşaqlar uşaq evlərinə yerləşdiriliblər. Ziyad Sabsabinin müəyyənləşdirə bildiyi və uzun danışıqlardan sonra, icazə alaraq götürə bildiyi uşaqlar isə şanslıdırlar.

Qızları və nəvələri haqqında bir məlumat almağa can atan bir neçə çeçenistanlı nənə ilə telefonda söhbət edə bildim.

Onlardan birinin adı Zamiradır. Qızı Seda iki il yarım ərzində mütəmadi olaraq ona zəng vurub. Əvvəl Suriyada yaşayan Sedanın əri döyüşdə ölür, sonra yenidən evlənib İraqa köçür.

Image caption Seda və qızı

Lakin İraq qüvvələri Mosulun mərkəzinə irəliləyib, şəhəri iyulda bomba yağışına tutduqdan sonra, telefon zəngləri də kəsilib. O vaxtdan Zamira qızı və iki azyaşlı nəvəsinin sağ və ya ölü olduğundan xəbərsizdir.

İndi belə o, qızının təqsirsiz olduğuna inanır. "Seda dəfələrlə ərini geri qayıtmağa məcbur etmişdi," o deyir.

"Amma oraya bir dəfə girən tələyə düşür."

Seda tapılsa da, Rusiya dövləti onu qəbul etməyə bilər. Bəzi İD döyüşçülərinin dul arvadları vətənə qayıdarkən həbs olunublar.

Bununla belə, Çeçenistanın repressiv lideri Ramzan Kadırov uşaqların ata yurdlarına geri gətirilməsini özünə şərəf bilir.

Kampaniya illərcə çəkə bilər. Bağdad otelində isə bir tapşırıq bitər-bitməz digərinə keçən Kadırovun elçisi Sabsabi, telefonunda növbəti mələk üzlü uşağı göstərdikcə gözündən yaşlar süzülürdü.

Bu barədə daha geniş