Britaniya mətbuatı: BMT Trump-ın Qüds qərarını ləğv edən qətnaməyə baxacaq

Fotonun müəllifi AFP

BMT Trump-ın Qüds qərarını ləğv edən qətnaməyə baxacaq

"The Independent" yazır ki, BMT Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trump-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarından bir neçə gün sonra bu şəhərin statusuna aid bütün qərarları etibarsız elan etməyi planlaşdırır.

15 üzvü olan Təhlükəsizlik Şurası hazırda Yerusəlimin statusu haqqında müxtəlif ölkələr tərəfindən qəbul edilmiş bütün qərarları etibardan salacaq qətnamə layihəsini nəzərdən keçirir.

Bu qətnamə layihəsində bütün ölkələrdən Müqəddəs şəhər Qüds/Yerusəlim barədə qərarları BMT-nin qətnamələrindən çıxış edərək qəbul etmək tələb edilir. Bu qətnamə layihəsində Trump-ın adı xüsusi olaraq çəkilmir.

Reuters agentliyinin məlumatına görə, cəmi bir səhifəlik qətnamə layihəsi "Müqəddəs Yerusəlim şəhərinin xarakter, status və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim, etibarsız və hüquqi gücü olmayan qərarlar kimi xaraketrizə edir".

Qətnamə layihəsində habelə BMT-yə üzv öklələrdən Yerusəlimdə səfirlik açmamaları istənir. BMT hesab edir ki, Yerusəlimin "son və qəti statusu" İsrail və fələstinlilər arasında aparılacaq danışıqların məhsulu olmalıdır.

"The Independent" yazır ki, diplomatların dediyinə görə, Misir tərəfindən tərtib edilmiş qətnamə layihəsi geniş dəstəyə malikdir, amma çox güman Washington tərəfindən veto ediləcək.

Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Fransa, Britaniya, Rusiya və Çin veto hüququna malikdirlər, bu isə o deməkdir ki, bu ölkələrin razılığı olmadan heç bir qətnamə qəbul oluna bilməz.

Cənab Trump Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu ayın əvvəllərində verib. Bu onun öz elektoratına seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biri idi.

Trump-ın qərarında habelə ABŞ səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi nəzərdə tutulub.

İsrail müsəlmanların Qüds adlandırdıqları Yerusəlimi öz dövlətinin əbədi və bölünməz paytaxtı hesab edir. Fələstinlilər isə şəhərin şərq sektorunun öz gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər.

İsrail Yerusəlimi tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb.

Cənab Trump özünün Yerusəlim qərarı ilə Birləşmiş Ştatların 70 ildən çox müddətdə davam edən siyasi xəttini dəyişib və Amerikanın müttəfiqlərini hiddətləndirib.

Fransa, Almaniya və Səudiyyə Ərəbistanı və Birləşmiş Krallıq Trump-ın qərarını kəskin tənqid ediblər. Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini qəti şəkildə bildirib ki, ittifaq cənab Trump-ın addımından nümunə götürməyəcək.

Trump-ın qərarı elan ediləndən bəri Qərb sahilində və Qəzza zolağında etirazlar başlayıb.

Bu bölgələrdə üç min insan etiraz yürüşü keçirərək Amerika və İsrail bayraqlarını yandırıb, Trump-ın portretlərin tapdalayıb. Əmman, Rabat, Beyrut, Qahirə və İslamabadda da etiraz mitinqləri olub.

50-dən çox müsəlman ölkəsi Trump-ın qərarına birgə bəyanatla etiraz bildirib.

Fələstin prezidenti Mahmud Abbas deyib ki, Birləşmiş Ştatlar Trump-ın bu addımından sonra İsrail-Fələstin danışıqlarında vasitəçi rolunu oynaya bilməz.

Türkiyə prezidenti Erdoğan isə bu qərara etiraz olaraq Şərqi Yerusəlimdə öz ölkəsinin səfirlyini açacağı ilə hədələyib.

"The Independent" Ağ Ev və ABŞ-ın BMT-dəki missiyasından şərh ala bilmədiyini yazır.

Fotonun müəllifi EPA

Öz ölkəsində korrupsiyaya müharibə elan edən Səudiyyə vəliəhdi dünyanın ən bahalı mülkünü alıb

"The Daily Telegraph" yazır ki, öz ölkəsində korrupsiyaya qarşı müharibə elan edərək ən varlı adamları məhbusluqda saxlayan Səudiyyə vəliəhdi dünyanın ən bahalı malikanəsini alıbmış.

Fransanın Versal şəhərinin yaxınlığındakı 4645 kvadrat metrlik mülk əslində Chateau Louis XIV (14-cü Lüdoviqin qəsri) adlı saraydır. Bir vaxt özünün toy məclisi üçün buranı Kim Kardashian gözaltı etmişdi. Saray 2015-ci ildə 275 milyon avroya satılıb.

Satış zamanı alıcının adı elan edilməmişdi, lakin indi "New York Times" qəzeti yazır ki, onun təhqiqatı sarayın yeni sahibinin Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğunu üzə çıxarıb.

Qəzetin apardığı təhqiqat göstərib ki, Forbes jurnalının "dünyanın ən bahalı mülkü" adlandırdığı malikanənin alqı-satı sənədlərinin izi Səudiyyə taxt-tacının vəliəhdinə gedib çıxır.

"The Telegraph" yazır ki, bu xəbərlər çox güman 32 yaşlı şahzadənin pərtliyinə səbəb olacaq. Axı o öz ölkəsində qənaətcilliyə və sadəliyə çağırıb və krallığın zənginləri üzərinə antikorrupsiya hücumu elan edib.

Səudiyyədən alınan son xəbərlərdə deyilirdi ki, şahanə mülklərdə yatmağa öyrəncəli bir çox Səudiyyə varlısı Riyaddakı Ritz Carlton otelində girov saxlanırdı.

Onlara əldə etdikləri sərvəti təhvil verib azadlığa çıxmaları təklif olunmuşdu.

"The New York Times" yazır ki, 14-cü Lüdoviqin qəsrinə aid alqı-satqı sənədləri Fransa və Lüksemburqda qeydiyyatdan keçmiş bir neçə ofşor şirkətində gizlədilib.

Lakin bütün bu ofşor şirkətləri Eight Investment Company adlı şirkətə bağldır. Bu şirkət isə şahzadə Məhəmmədin şəxsi fonduna daxildir.

"The New York Time" yazır ki, Səudiyyə vəliəhdi Fransadakı bu qəsrlə yanaşı 500 milyon dollarlıq yaxta və Leonardo da Vinci-nin 450 milyon dollarlıq tablosunu da alıb.

Eight Investment şirkəti habelə bu yaxınlarda Paris yaxınlığındakı Konde-sür-Vesqr yaxınlığındakı 2, 5 kvadrat kilometrlik mülkiyyəti əldə edib.

14-cü Lüdoviqin qəsri 17-ci əsr fransız qəsrlərinin üslübünda tikilsə də, əslində bir neçə il bundan əvvəl ucaldılıb.

Burada örtülü və açıq hovuzlar, kinoteatr, iki bal zalı və gecə klubu var.

Malikanədə 10 yataq otağının olduğu, zirzəmisində isə 3 min şüşə şərabın saxlandığı deyilir.

Buradakı akvariumda nəhəng nərə balığı üzür.

Fotonun müəllifi Sarah Idan/Instagram
Image caption Miss Israel and Miss Iraq

İraq gözəlinin ailəsi bir selfiyə görə ölkədən qaçmalı olub

"The Telegraph" və "The Independent" qəzetlərində dərc olunmuş başqa bir məqalədə deyilir ki, "İraq gözəli" titulunu daşıyan qadının ailəsi ölkədən qaçmağa məcbur edilib.

Buna səbəb miss İraqın İsrail gözəli ilə selfi çəkdirməsi olub.

Dünya Gözəli Müsabiqəsinin iştirakçısı Sara İdan İsrail gözəli Adar Qandelsmanla selfi çəkdirdiyinə görə öz ölkəsində kəskin tənqidlərlə üzləşib.

Ötən ay ABŞ-ın Las Vegas şəhərində keçirilən yarışma zamanı iki gözəllik kralıçası birlikdə çəkdirdikləri selfini İnstagram platformasına yükləmişdilər.

Xanım İdan fotoya belə bir başlıq vermişdi: "Miss İraq və miss İsraildən Sülh və Sevgilərlə".

Hər iki şəkilə 5 min "like" qoyulsa da, çox sayda təhqir və hədə də yazılıb.

Məqalədə deyilir ki, özü Birləşmiş Ştatlarda yaşayan İraq Gözəllik kralıçasının ailəsi bu hədələrdən qorxaraq İraqdan qaçmalı olub.

Xanım İdan ailə üzvlərinin harada olduqları barədə məlumat verməyib, eləcə deyib ki, onlar gizlənirlər.

İraq mediası yazır ki, xanım İdanın bikinili fotoları iraqlıların böyük bir qisminin qəzəbinə səbəb olub.

Xanım Qandelsman isə İsrail telekanalına deyib ki, çox güman İraq Saranı gözəllik tacından məhrum edəcək.

Maraqlıdır ki, xanım İdan sözü gedən fotonu Instagram-dan yığışdırmayıb və əksinə ərəbdilli sosial medialardan birində hərəkətinə haqq qazandırmağa çalışıb.

O yazıb: "Mən bu fotolarla yalnız onu vurğulamaq istəyirdim ki, iki ölkə arasında sülhə ümid bəsləyirəm".

27 yaşlı Sara bunu da qeyd edir ki, onun selfiləri internetə yükləməsi İsrail dövləti və onun siyasətinin dəstəklənməsi kimi başa düşülməməlidir.

Buna baxmayaraq iraqlı qadın, bu hərəkəti Fələstin uğrunda mübarizəyə kölgə sayan bir akt hesab edən həmvətənlərindən üzrxahlıq edir.

Bundan əvvəl Livan gözəllik kralıçaları Saly GriegeAmanda Hanna-nın İsraillə əlaqələrinə görə titullarından məhrum edilmələrinə çağırışlar edilib.