Şüarların müxtəlifliyi İran etirazlarının nizamsız olduğunu göstərir - təhlil

Etiraz Fotonun müəllifi Getty Images
Image caption 30 dekabrda Tehran etirazları

İranda etirazçıların şüarları getdikcə daha siyasi və daha radikal ton alır.

İranı son günlərdə silkələmiş etirazlar zamanı ən müxtəlif şüarlar səsləndirilir. Bunlar adi iqtisadi çətinliklərdən tutmuş bütün islami sistemin dəyişdirilməsi tələbinədək geniş bir spektri əks etdirir.

Şüarların müxtəlifliyi nümayişçilərin ümumi bir mesajının olmadığını göstərir. Bu həm də ondan xəbər verir ki, bu etirazların nə indiki hökumətdən, nə də xaricdən konkret lideri yoxdur.

Şüarlardan bəziləri 2009-cu ildə yer almış böyük etirazlar zamanı səslənib.

Lakin şüarların bənzərliyi məhduddur. O etirazlara prezident seçkisi nəticələrinin saxtalaşdırıldığı barədə iddialar səbəb olmuşdu.

Bu saxtalaşdırma nəticəsində islahatpərəst liderlər Mirhüseyn Musəvinin və Mehdi Kərrubinin səslərinin oğurlandığı iddia olunurdu.

Bu iki şəxs həm də həmin etirazların lideri sayılırdılar və nəticədə 2011-ci ildən bəri ev məhbusluğuna məhkum ediliblər.

Hazırkı şüarlardan bəzilərinə diqqət yetirək:

"Ruhaniyə ölüm!" - İranın mötədil prezidentinə qarşı bu şüar xüsusilə də etirazların başlandığı Məşhəd şəhərində dekabrın 28-də daha çox səslənmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmin nümayiş hökumətin iqtisadi siyasətini pisləyirdi və bəzi iddialara görə Ruhaniyə qarşı olan mühafizəkarlar tərəfindən qızışdırılmışdı.

"Bahalığa ölüm" - Bu şüar da Məşhəddə səslənib.

"Diktatora ölüm" şüarı əsasən ali rəhbər Seyid Əli Xameneyiyə ünvanlanıb.

Bu şüardan etirazların birinci günündə və daha sonra başqa şəhərlərdəki etirazlarda istifadə olunub. Dekabrın 29-da Urmiyyədə keçirilən nümayişdə də "Diktatora ölüm" şüarını səsləndiriblər. Bu şüarı 2009-cu ildə də qışqırırdılar.

"Xameneyiyə ölüm!" - Birbaşa ali rəhbəri hədəfləyən bu cəsur şüar da bir neçə etiraz yerlərində səslənib.

İnternetdə geniş yayılmış videolardan birində polislə mübahisə edən bir qadın məhz bu şüarı təkrarlayır. Bu şüardan da 2009-cu ildə istifadə olunub.

"Nə Qəzza, nə Livana - can ver bizim İrana" şüarı da 2009-cu ildən qalıb və İslam Respublikasının regiondakı müttəfiqlərinə səxavətli yardımından narazılıq ifadə edir. Adamlar deyirlər ki, bu pullar İran xalqının ehtiyaclarına sərf oluna bilərdi.

"Suriyadan çıx, bizi düşün!" - Bu şüar da İranın regional müttəfiqlərinə geniş hərbi və siyasi dəstəyini hədəfləyir.

"Rusiyaya ölüm!" - Bu şüar bir neçə dəfə səslənib. Ehtimal ki, şüar Rusiya hökumətinin İranın hakim zümrəsi ilə müttəfiqliyini hədəfləyir. Şüar 2009-cu ildə də səslənmişdi, çünki o vaxt Moskva İran prezident seçkisinin nəticəsini tanımışdı.

"Bağışla Seyid Əli, amma getmək vaxtıdır" və ya "Seyid Əli bu ölkədən əl çək" kimi şüarların ünvanı və məqsədi kifayət qədər bəllidir.

"İslahatçılar və mühafizəkarlar, oyun qurtardı!" - Tehran Universitetində səslənmiş bu şüardan tələbələrin İrandakı oturuşmuş siyasi paradiqmadan bezikdiyi görünür. Başqa sözlərlə onlar hətta islahatçıları da hökumətin icazəsi ilə seçdiklərinə işarə edirlər.

"Rza şah, Allah sənə rəhmət eləsin" - Bu şüarı 20-ci əsrin modernizator, amma avtoritar İran monarxının şərəfinə və İslam teokratiyasına acıq vermək üçün işlədirlər.

Bu barədə daha geniş