Təhlil: Türkiyə niyə "azad olmayanlar" siyahısına düşdü?

media azadlığı üçün nümayiş Fotonun müəllifi YASIN AKGUL/AFP/Getty Images
Image caption Arxiv foto

Washington-da mənzillənən Freedom House insan haqları təşkilatı deyir ki, dünya boyunca demokratiya basqılar və geriləmə təhlükəsi altındadır və azadlıqların ən dramatik enişi bir zaman böyük perspektivləri olan Türkiyədə baş verib.

Çərşənbə axşamı yayımlanan Dünyada Azadlıq 2018 hesabatına əsasən, Türkiyə artıq azad ölkə deyil.

Türkiyənin "qismən azad" kateqoriyasından "azad olmayan" kateqoriyasına düşməsi demokratik standartlarda kəskin, silsilə enişlərin kulminasiyası kimi görülür.

Yeni hesabatda qeyd olunub ki, ötən il keçirilmiş, hakimiyyəti prezidentliyin əlində cəmləyən konstitusiya referendumu ədalətsiz və dərindən qüsurlu olub.

2016-cı ilin iyulunda baş tutmayan çevriliş cəhdindən sonra hökumət, opponentlərinə qarşı genişhəcmli təzyiqlərə başladı. Böyük sayda dövlət işçisi aradan qaldırıldı, insan haqları fəalları məhkəməyə cəlb olundu.

Hesabata görə, fərmanla qərarlar verərək və ölkənin əsas institutlarını zəiflədərək Türkiyə hökuməti qanunun aliliyini dramatik şəkildə sarsıtdı.

Freedom House deyib ki, hökumətin, müxalifətin nəzarətində olan bələdiyyələrdə hakimiyyəti ələ alması və bəzi AKP merlərinin məcburi istefaları da Türkiyənin reytinqlərdə geriləməsinə səbəb olub.

Freedom House Türkiyədə siyasi haqlar və sivil azadlıqların vəziyyətində sürətli eniş qeydə alıb. Hesabatda hökumət, azlıqların hüquqlarına, azad sözə və ictimai haqlara dözümsüzlük nümayiş etdirməkdə təqsirləndirilir.

Korrupsiya ilə bağlı da narahatlıqlar ifadə olunub.

Jurnalistlərin və görkəmli vətəndaş cəmiyyəti fiqurlarının təqibi, media qurumlarının bağlanması, sosial media üzərindən paylaşılan mesajlara görə həbslər də Türkiyənin statusunu "azad olmayan"a endirən faktorlar olub.

"Azad olmayan" 49 ölkə arasında Suriya, Şimali Koreya və Özbəkistan da daxil olmaqla 12-nin balı ən aşağıdır.


Firdevs Robinsondan digər təhlillər:


Türkiyə "pisin pisi" kateqoriyasında deyil, amma 100-dən 32 bal onu heç bir demokratik nailiyyətləri olmayan ölkələrdən çox da uzaqda tutmur.

Freedom House 2018 hesabatı Türkiyənin ötən həftə baş vermiş konstitusional böhranından öncə hazırlanıb. Keçən həftə ölkənin ali məhkəməsinin həbsdə olan iki jurnalİsti buraxmaq qərarına aşağı məhkəmələr açıq-aşkar məhəl qoymadı.

Bu da hesabata daxil edilsəydi, qanunun aliliyi və söz azadlığı barədə narahatlıqlar hazırkından daha böyük olardı.

Firdevs Robinson Türkiyə və region barədə təhlillərin müəllifidir.

Bu barədə daha geniş