Suriya Türkiyə təyyarələrini “vurmağa hazırdır”

Suriya sərhədində Türkiyə texnikası Fotonun müəllifi Getty Images
Image caption Bir müddətdir ki, həmsərhəd bölgədə Türkiyə qüvvələrinin cəmləşməsi müşahidə olunur.

Hava həmləsi baş verdiyi təqdirdə Suriyanın havadan müdafiə sistemləri ölkənin hava məkanında hücuma keçən Türkiyə təyyarələrini vurmağa hazırdır, Suriya xarici işlər nazirinin müavini bildirib.

Suriya dövlət televiziyasına müsahibə verən Feysal Mekdad Afrində həyata keçiriləcək hər hansı əməliyyatın "həmlə hərəkəti" kimi dəyərləndiriləcəyini qeyd edib.

"Türkiyə hökumətini xəbərdar edirik ki, bu istiqamətdə heç bir addım atmasın", - Suriya hökumətinin nümayəndəsi deyib.

Suriyanın havadan müdafiə sisteminin əsasını Latakiya bölgəsində quraşdırılan Rusiyanın S-400 raket kompleksləri təşkil edir.

Həmçinin oxuyun:

Yüksək hərbi hazırlıq

Türkiyənin rəsmi Anadolu agentliyi bildirir ki, Afrində mümkün hərbi əməliyyatdan əvvəl Suriya ilə sərhəddəki Türkiyə qoşunlarına təhlükəsizlik tədbirlərini "ən yüksək hazırlıq vəziyyətinə" gətirmək əmri verilib.

Suriya ilə həmsərhəd Türkiyənin Hatay bölgəsində olan BBC Ərəbcənin müxbiri Shahdi Alkashifin xəbərinə görə, Türkiyə ordusu Suriya ilə sərhəddəki təhlükəsizlik hasarında 12 yeni keçid yaradıb.

Kürdlərin nəzarətindəki Afrin şəhərinin qərb sərhədlərində yerləşən hasar Türkiyə tərəfindən çəkilmişdi.

Türkiyənin baş naziri deyib ki, Washingtonun Suriya siyasəti ilə bağlı bəyanatları Türkiyə ABŞ müttəfiqliyi ilə ziddiyyət təşkil edir.

"ABŞ-ın atdığı addımlar müttəfiqliklə uzlaşmır. ABŞ qərarlarını dəyişdirməlidir. Birləşmiş Ştatlardan 3 gün ardı-ardınca fərqli açıqlamalar gəlməkdədir", - Binali Yıldırım deyib.

"ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır. Bir-birinə zidd bəyanatlar var. Bir gün sərhəd təhlükəsizlik ordusunun qurulacağını deyilir, daha sonra sonra isə "elə deməmişdik" deyirlər. Sərhədlərimizdə terror ordusunun qurulmasına icazə verməyəcəyik".

Fotonun müəllifi Getty Images
Image caption Mevlüt Çavuşoğlu Rex Tillerson-un Suriyada sərhəd qoşunları barədə bəyanatının onu qane etmədiyini bildirir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu isə deyib ki, Suriyada sərhəd qüvvələrini yaratmaq niyyətində olmadığı barədə ABŞ dövlət katibinin bəyanatı onu qane etmir.

Rex Tillerson daha əvəl məsələnin yanlış anlaşıldığını demişdi.

CNN Türk kanalına danışan Mevlüt Çavuşoğlu əlavə edib ki, ABŞ Mənbic və Raqqaya dair verdiyi vədləri yerinə yetirməyib və Washington-a dair etimadsızlıq davam etməkdədir.

Türkiyənin xarici işləri naziri Moskvanı Afrin şəhərindəki hərbi əməliyyata qarşı çıxmamağa səsləyib.

O, deyib ki, Türkiyə vəziyyəti Moskva ilə əlaqələndirəcək.

Bu arada Türkiyə Ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə milli kəşfiyyat təşkilatının rəhbəri Hakan Fidan Rusiya silahlı qüvvələrin Baş Qərargah rəisi Valery Gerasimovla görüş üçün Moskvaya yollanıblar.

Bu barədə daha geniş