Suriya böhranı: Türkiyə Afrindəki PYD hədəflərinə "cavab atəşi açıb"

Reyhanlı yaxınlığına göndərilən bir tank Fotonun müəllifi Reuters
Image caption Reyhanlı yaxınlığına göndərilən bir tank

Türkiyənin rəsmi Anadolu Agentliyi (AA) kürdlərin Afrindəki PYD qüvvələrinə artilleriya zərbələrinin endirildiyini qeyd edib.

Agentlik bildirir ki, Suriya ilə həmsərhəd Hatay bölgəsində yerləşən Türkiyə ordusunun birləşmələri Suriyanın Afrin rayonundakı hədəflərə ən azı 10 dəfə atəş açıblar.

Suriyalı kürdlərin Xalq Müdafiə Birlikləri (YPG) isə cümə axşamı gecəsindən cüməyə keçən gecə Afrin ərazisinə 70 mərminin atıldığını bildirib.

Son aylar Türkiyə terrorçu təşkilat saydığı YPG-ni Afrindən çıxaracağı barədə xəbərdarlıqlar verir. Afrin YPG-nin nəzarəti altına 2012-ci ildə keçib.


Həmçinin oxuyun:


Fotonun müəllifi DHA
Image caption Türkiyənin müdafiə naziri Nurettin Canikli deyir ki, Suriyanın şimalında türk ordusu hücumlara cavab atəşi qaytarmalı olur.

Cümə günü Türkiyənin müdafiə naziri Nurettin Canıklı Suriyanın şimal-qərbindən ölkəsinə qarşı yönələn təhlükə səviyyəsinin günü-gündən yüksəldiyini və Afrin istiqamətində əməliyyatın həyata keçiriləcəyini deyib.

O, Afrindən Türkiyəyə yonəlmiş hücumlara cavab atəşinin qaytarılması ilə əməliyyatın praktiki baxımından başlanmış olduğunu bildirib.

Image caption Suriyanın şimalında ərazilərə nəzarət edən qüvvələrin yerləşməsi

Türkiyənin planlaşdırdığı hərbi əməliyyatın keçirilməsi üçün Afrin üzərində havadan müdafiəni idarə edən Rusiyanın razılığı mühümdür.

Rusiya Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqidir və bir qrup Rusiya hərbçisi Afrinin mərkəzindəki hava limanında yerləşir.

Bu səbəbdən cümə axşamı günü Türkiyə Ordusunun Baş Qərargah rəisi Hulusi Akar və Türkiyə milli kəşfiyyat təşkilatının rəhbəri Hakan Fidan Rusiya silahlı qüvvələrin Baş Qərargah rəisi Valery Gerasimovla görüş üçün Moskvaya yollanıblar.

Türkiyə vaxtaşırı YPG silahlılarına artilleriya və hava zərbələri endirir. YPG isə ərazidən Türkiyəyə raketlər buraxıb.

Rəsmi Ankara YPG-nin qadağan edilmiş və terrorçu təşkilat sayılan Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qolu hesab edir.

Rəsmən YPG bu iddianı təkzib edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiya da YPG-nı terrorçu qurum olaraq tanımır.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyənin Afrində planlaşdırdığı hərbi əməliyyata qarşı YPG-nin nəzarətində olan digər Suriya şəhərlərində keçirilən etiraz aksiyalarının iştirakçıları PKK-nin təsisçisi Abdullah Ocalanın şəkillərini daşıyıblar

ABŞ koalisiyası YPG-nin rəhbərlik etdiyi və kürd və ərəb döyüşçülərdən ibarət olan Suriya Demokratik Qüvvələrinin (SDF) özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizəsində dəstəkləməkdədir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan dəfərlərlə Suriya-Türkiyə sərhədində YPG-nin nəzarəti altında bir "terror dəhlizi"nin yaranmasına yol verməyəcəyini deyib.

Hazırda Afrin özünü azad elan etmiş iki digər kürd muxtar bölgələri - Kobani və Cəzirə ilə quru ilə bilavasitə əlaqəsi yoxdur.

Türkiyə deyir ki, Afrindəki hərbi əməliyyat 2017-ci ilin mart ayında bitən yeddi aylıq Fərat Qalxanı adlı əməliyyatın davamıdır.

Fotonun müəllifi Getty Images
Image caption Prezident Erdoğan Suriya-Türkiyə sərhədində "terror dəhlizi"nin yaranmasına yol verməyəcəyini deyib.

Suriyada YPG nəzarətindəki ərazilərin genişlənməsi və NATO üzrə müttəfiq olan ABŞ-ın YPG-yə dəstəyi Türkiyəni qəzəbləndirir.

Türkiyə ABŞ-ın SDF tərəfindən idarə olunacaq "sərhəd təhlükəsizlik qüvvəsi"nin yaradılması barədə planları pisləyib.

Washington iddia edir ki, ABŞ qüvvələrinin təlimi və dəstəyi ilə yaradılması planlaşdırılan sərhəd qüvvəsinin məqsədi Türkiyə-Suriya sərhəd zonalarına İD-nin qayıtmasına yol verməməkdir.

Bu barədə daha geniş