Serj Sarkisyan Ermənistanın növbəti prezidenti vəzifəsinə səfir Sarkisyanı təklif edib

Sarkisyan Fotonun müəllifi President.am
Image caption Serj Sarkisyan ölkə prezidenti vəzifəsinə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini təklif edib.

Ermənistanın hakim Respublikaçılar Partiyası gələcək ölkə prezidenti vəzifəsinə Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini təklif edir.

Bu qərar ERP idarə heyətinin bu həftəsonu keçirdiyi toplantısında qəbul olunub.

Hakim partiyanın lideri, prezident Serj Sarkisyan səfir Armen Sakisyanı qəbul edib və ona namizədliyinin parlamentdə çoxluq təşkil edən Ermənistan Respublikaçılar Partiyası tərəfindən irəli sürülməsinə razılıq verməyi təklif edib.

Armen Sarkisyan son cavabını vermək üçün parlament, qeyri-parlament, işgüzar və ziyalı adamlarla, siyasi və qeyri-siyası təşkilat, erməni diasporu və Dağlıq Qarabağ nümayəndələri ilə görüşmək üçün vaxt istəyib.

Niyə Armen Sarkisyan?

Cari ilin aprel ayında Serj Sarkisyanın prezidentlik müddəti başa çatır və o, üçüncü dəfə bu vəzifəyə iddia edə bilməz. Növbəti prezident seçkiləri artıq martın 2-də keçirilməlidir.

Sarkisyanın rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının təşəbbüsü ilə təklif edilmiş və 2015-ci ildə qəbul olunmuş yeni ölkə konstitusiyasına əsasən, prezident birbaşa ümumxalq səsvermə nəticəsində deyil, parlament tərəfindən seçilir.

Odur ki, Milli Məclisdə çoxluq təşkil edən hakim ERP-nin öz namizədini irəli sürüb, onun qələbəsini təmin etmək imkanları böyükdür.

Hələ ötən həftə ziyalılarla görüşü zamanı hakim partiyanın rəhbəri, prezident Serj Sarkisyanın gələcək namizədin keyfiyyətləri barədə fikrini bildirmişdi.

Serj Sarkisyanın sözlərinə görə, gələcək prezident ölkəni xaricdə layiqincə təmsil etməyə qabil olan, ölkədə və xaricdə tanınmış, Ermənistanda və diaspor soydaşları arasında geniş əlaqələrə və nüfuza malik, xarici dillərini bilən şəxs olmalıdır.

Bundan başqa, Sarkisyan istərdi ki, namizəd qərəzsiz, bitərəf, siyasıtlə məşğul olmayan insan olsun.

Prezident Sarkisyanın mülahizələri onun, həmçinin, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanı nəzərdə tutduğunu ehtimal etməyə əsas vermişdi.

Armen Sarkisyan kimdir?

Fotonun müəllifi President.am

Ermənistanın Böyük Britaniyadakı səfirinin 65 yaşı var. O, nəzəri fizika və riyaziyyat ixtisası üzrə Yerevan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib.

1984-1995-ci illərdə gənc alim kimi Cambridge Universitetində dərs deyib.

Armen Sarkisyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun və Britaniya Astronomiya Cəmiyyətinin üzvüdür. Nəzəri fizika, astrofizika və kompüter modelləşdirilməsi üzrə 50-də çox elmi məqalə və 3 dərslik vasitəsinin müəllifidir.

1992-cu ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderlandlar, Lüksemburq və Vatikanda səfiri olub.

1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub.

Armen Sarkisyan 2001-2013-cü illərdə "British Petroleum", "Alcatel", "Telefonica", "Merrill Lynch" və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb.

Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda Sarkisyanın Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir.

Bəs Serj Sarkisyan?

Aprelin 9-da prezidentlik səlahiyyətlərini itirən Serj Sarkisyanın yeni hakimiyyət strukturunda rolu barədə hələlik konkret bir fikir söylənməsə də, onun istər baş nazir, istərsə də hər hansı başqa bir simada faktiki hakimiyyət başçısı rolunu əlindən verməyəcəyindən heç kəs şübhələnmir.

Yeni konstitusiya üzrə də prezident ölkə başçısı sayılır, lakin onun səlahiyyətləri xeyli məhdudlaşır və təşrifat xarakteri daşıyır. Faktiki ölkə başçısı səlahiyyətlərinə isə ölkənin baş naziri sahiblənir.

Yeni konstitusiyaya əsasən, ölkə silahlı qüvvələrinin ali baş komandanı artıq prezident deyil, baş nazir olur. Silahlı qüvvələr isə ölkə hökumətinə tabe olur.

Təhlükəsizlik Şurasına da baş nazir rəhbərlik edir. Prezidentin nə sülh, nə də müharibə elan etmək hüququ olur. Hökumətin təklifi ilə bu səlahiyyətə Milli Məclis malikdir.

Hökumət hərbi vəziyyət elan edib, xalqa müraciətlə çıxış edə bilər.

Xarici siyasət də hökumət proqramı əsasında işlənib hazırlanır və hökumət tərəfindən həyata keçirilir.

Ermənistan prezidenti kim ola bilər?

Yeni Konstitusiyaya əsasən, Ermənistan prezidenti son altı il ərzində Ermənistanda yaşayan, səsvermə hüququna malik olan, erməni dilini bilən və 40 yaşına çatmış Ermənistan vətəndaşı ola bilər.

Prezident Milli Məclis tərəfindən 7 il müddətinə seçilir, və səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir partiya üzvü ola bilməz. Eyni şəxs ikinci dəfə bu vəzifəyə iddia edə bilməz.

Seçilmək üçün namizədin lehinə 105 nəfərdən ibarət parlamentin ən azı 79 üzvü səs verməlidir.

Bu isə o deməkdir ki, ümumilikdə 65 səsə malik olan parlamentdə çoxluq təşkil edən hakim ERP və onunla koalisiya təşkil edən Daşnaksutyun fraksiyaları birlikdə belə istədikləri namizədin qələbəsini təmin edə bilməzlər.

Parlamentin müxalif "Yelk" (Çıxış) fraksiyası öz namizədini təklif edir və iqtidar namizədinin əleyhinə səs verəcəyini bəyan edib.

Belə ki, hakim koalisiyaya namizədinin qələbəsini səsvermənin ilk mərhələsində təmin etmək üçün parlamentin sayca ikinci, liderinin adını daşıyan, "Tsarukyan" fraksiyasının dəstəyi gərəkdir.

"Tsarukyan" fraksiyası öz münasibətini Armen Sarkisyanın razılığından sonra bildirər, fraksiyanın üzvü Naira Zohrabyan jurnalistlərə deyib.

Bu barədə daha geniş