Suriya böhranı: "Zeytun Budağı" əməliyyatının Afrindəki həyata təsiri

Afrin sakinləri çörək mağazası qarşısında növbədə dururlar Fotonun müəllifi Getty Images
Image caption Afrin sakinləri çörək mağazası qarşısında növbədə dururlar

"Zeytun Budağı" əməliyyatı Afrin şəhərindəki gündəlik həyatı alt-üst edib. Şəhərdən BBC Türkcəyə məlumat verən jurnalist və mülki şəxslər əməliyyatın həyata necə təsir göstərdiyi barədə danışıblar.

"Kəndlərdən Afrinə köç var - Afrindən kənara yox"

BBC Türkcəyə danışan mənbələr bildirir ki, Türkiyə sərhədindəki bir çox kəndin sakinləri Afrin mərkəzinə üz tutur.



Bu arada əhalinin Afrindən kənara çıxmadığı bildirilir.

Bir kənd sakini deyib ki, Suriya hakimiyyətinin əlində olan ərazilərə aparan Hələb yoluna Suriya əsgərləri və şiə silahlıları nəzarət edir.

Bu yolla yalnız ərzaq daşıyan avtomobillərin hərəkətinə icazə verilir.

Daha bir yerli mənbəyə əsasən "insanlar şimala, Türkiyəyə gedə bilmir, çünki sərhəddə bombardmana tuş gələ bilərlər. İdlibə də getmək mümkün deyil, çünki oradakı islamçıların pis rəftarı ilə üzləşə bilərlər.

Rejim (Bəşər Əsəd hökumətinin əlindəki ərazilər - red.) bölgəsinə də gedə bilməzsən, rejimlə uzun illərdir ki, problemlər yaşanıb".

"Ölənlər arasında mülkilər də var"

Küçələrdə fəallığın səngidiyi, mağazaların çoxunun bağlandığı və gündüzlər açılan bəzi mağazaların axşama doğru bağlandığı bildirilir.

Həmişə açıq olan yerlər yalnız xəstəxanalardır.

Fotonun müəllifi Getty Images
Image caption Əməliyyatda suriyalı silahlı müxalifət qrupları iştirak edir

BBC Türkcəyə danışan şəhər sakinləri, yanacaqdoldurma stansiyaları və fabriklərə hava hücumları nəticəsində ölənlər arasında bir çox dinc sakinin olduğunu bildirir.

"Bir çox evlərdə zirzəmilər var, əhali ərzaq ehtiyatları hazırlayıb"

Evlərin çoxunda zirzəmilər var və hava hücumları vaxtı insanların oraya sığındığı bildirilir.


Afrində illərdir ki, əməliyyat ehtimalı barədə xəbərlər dolaşıb və dinc əhalinin bunun üçün hazırlıq gördüyü bildirilir.

Buna görə şəhər sakinləri öz evlərində ərzaq və təsərrüfat mallarını tədarük ediblər.

"Mülkilər silahlanmaya başladı"

Bəzi yerli mənbələr, mülkilərin də silah aldığını bildirir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Afrin sakinlərinin çoxunun ərəblərdən ibarət olduğunu deyəndən sonra kürdlər şəhəri tərk etməyə başlayıb.

"Müxalifətlə əlaqədar narahatlıq"

Suriyalı müxalif qrupların əməliyyatda iştirakı da narahatlıq doğuran amillərdən biridir.

Mənbələrdən birinə əsasən Azad Suriya Ordusu (ASO) tərəfindən mümkün talançılıq və qadınlara təcavüzlə bağlı narahatlıqlar yaşanır.

"Ən çox reaksiya Rusiyaya verilir"

BBC Türkçe-yə danışan yerli jurnalist əməliyyatla əlaqədar olaraq həm Rusiya, həm ABŞ və həm də ki Suriya hökumətlərinin reaksiyasına münasibət bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Əməliyyatda iştirak edən Türkiyə hərbçiləri

O, ən böyük məyusluğun Rusiya ilə bağlı olduğunu deyir.

"Biz burada illərdir ki, rahat yaşayırıq, bütün münaqişələrdən kənarda qaldıq və bizə bunu niyə etdiyini anlamırıq. Rusların nəyin qarşılığında buranı buraxıb getdiyini başa düşmürük."

"Əlaqələr məhdudlaşdı"

Faktiki olaraq ətraf bölgə ilə fiziki əlaqələrdən məhrum olan şəhərdə infrastrukturunda çətinliklər yaşanır.

Əməliyyatdan dərhal sonra Türkiyə vasitəsilə internet şəbəkələrinə çıxışın yararsız halda olduğu deyilir.

Çətinliklər telefon rabitəsində də yaşanır. Belə ki, Afrinə telefon etmək üçün eyni nömrəyə saatlarla zəng eləməli olursan.

Elektrik cərəyanı vaxtaşırı kəsilsə də, ümumən təchizatın mövcud olduğu bildirilir.

"YPG silahlıları gündüz yox, gecə çıxırlar"

Daxil olan məlumatlara görə, YPG silahlıları gündüzlərdən daha çox gecə çağları fəal olur.

BBC Türkcəyə danışan mənbələr YPG döyüşçülərinin gündüz gözə dəymədiyini deyib.

Bildirilir ki, ASO qüvvələrinin gündüz nəzarət altına aldığı bəzi yerlər gecə çağlarında YPG hücumlarına məruz qalır.

Bu barədə daha geniş