Putinin reytinqinin aşağı düşməsi qeydə alınıb. Nə baş verir?

Putin Fotonun müəllifi Getty Images
Image caption Yanvarın 19-da Seliger gölündə ənənəvi çimmək mərasimində iştirak edən prezidentliyə namizəd Putinin reytinqi ayın ikinci yarısında aşağı düşüb

Rusiya prezidenti Vladimir Putinin seçki reytinqi seçki kampaniyası başladıqdan sonra ilk dəfə olaraq 70 faizdən aşağı düşüb. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) apardığı araşdırma bunu göstərir. Ekspertlər bunu seçicilərin alternativ hisslərinin yaranmasıyla əlaqələndirirlər.

Ötən ilin dekabrın ortalarında Putinə 74,8% rusiyalı səs verməyə hazır idisə, onların sayı indi 69,9%-ə düşüb. TASS agentliyi ÜİRÖM apardığı sorğuya istinadən yayıb. Sorğu 26-28 yanvarda keçirilib.

Hələ yanvarın 11-15-də hazırkı prezidenti 73,2% respondent dəstəkləməyə hazırlaşırdı.

Bu, dekabrda dördüncü müddətə prezident seçilməyə hazır olduğunu bəyan etdikdən sonra Putinin qeydə alınan ən aşağı reytinqidir.

Kampaniya zamanı rekord rəqəm dekabrın ortalarında əldə edilib: dekabrın 18-20-də keçirilən sorğuda respondentlərin 76,8%-i hazırkı prezidentə səs verməyə hazır olduqlarını söyləmişdilər.

Putinin qərargahından prezidentliyə namizədin reytinqinin aşağı düşməsinin səbəblərini izah edə bilməyiblər.

"Bizim reytinqə təsir göstərən amillər barədə kifayət qədər təsəvvürümüz yoxdur. Ona görə də ən yaxşısı bunu tərtib edənlərə müraciət etməkdir", - deyə Putinin seçkiqabağı qərargahının mətbuat katibi Andrey Kondraşov BBC Rusca xidmətinə bildirib.

Putinin reytinqi yalnız "düzəldilir" və onun aşağı düşməsi Putinin son həftədəki bəyanatlarından və hərəkətlərindən asılı deyil, ÜİRÖM-nin siyasi araşdırmalar şöbəsinin rəhbəri Stepan Lvov BBC-yə bildirib.

Onun sözlərinə görə, prezident seçkiləri mövzusu getdikcə daha da aktuallaşır, əvvəllər insanlar kimə səs verəcəkləri barədə düşünmürdülərsə, indi "elektoral seçim kristallaşır".

"Emosional motivlər də ortaya çıxıb və bizim respondentlərin cavabına bu da öz təsirini göstərib ", - deyən Lvov Putinin reytinq dəyişikliyini belə izah edib.

"Bir neçə il ərzində müşahidə edilən bir nümunə var - seçki kampaniyası gedişatında rəhbərliyin reytinqi aşağı düşür. 2011 və 2016-cı ildə Dumaya keçirilən seçkilərdə "Vahid Rusiya" da bununla qarşılaşmışdı ", - deyə politoloq Abbas Hallamov bildirib.

Onun sözlərinə görə, insanlarda seçki dövründə olmayan hansısa alternativin olması hissləri yaranır və buna görə də rəhbərliyin reytinqi aşağı düşür:

"Hazırda Putinin reytinqinin aşağı düşməsi qanun çərçivəsindədir və onun qərargahında xüsusi narahatlıq yaratmamalıdır".

Politoloqun sözlərinə görə, bununla yanaşı vətəndaşlarda bir tərəfdən stabilliyə, digər tərəfdən dəyişikliklərə ziddiyyətli tələblər yaranıb:

"Putin dəfələrlə "dəyişikliklər" sözündən istifadə edib, lakin heç bir konkretlik yoxdur və üstünlük stabilliyə verilib. Bununla bağlı seçicilərdə məyusluğun yaranması qaçılmazdır."

Politoloq Konstantin Kalaçev hesab edir ki, Putinin reytinqinin aşağı düşməsi vətəndaşların doğrulmayan ümidlərini əks etdirir:

"İnsanlar seçki kampaniyasından çox şey gözləyirdilər. Bəlkə də, prezidentin Federal Məclisə göndərdiyi müraciət bu vəziyyəti dəyişə bilər. Hələki kampaniyada texnologiya məsələləri çoxdur, lakin məzmun çatışmır".

Kalaçev etiraf edib ki, Putindən ölkənin necə təchiz olunması, iqtisadi inkişafı təmin etmək, əhalinin gəlirlərini qaldırmaq və onun sorğularına cavab vermək kimi mövzularla bağlı konkret sözlər gözləyib.

"Bunun hiyləgər plan olduğunu istisna etmirəm. Bizi Putin kampaniyasının güclü finalının gözləməsi mümkündür. Və səfərbər layihələr onun seçkiqabağı proqramı kimi möhkəmlənəcək", - politoloq əlavə edib.

ÜİRÖM-nin yanvarın 26-28-də keçirdiyi sorğuda 1800 nəfər iştirak edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş