İran: bir qrup tələbə azərbaycan dilinin rəsmi dil olması tələbiylə "prezidentə müraciət edib"

Təbriz Fotonun müəllifi Social media

İran İslam Respublikasında bir qrup etnik azərbaycanlı tələbə azərbaycan dilinin rəsmi dil olması tələbi ilə prezident Həsən Ruhaniyə müraciət ünvanlayıb, bu barədə BBC Azərbaycancaya ABŞ-da yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı bildirib.

Müraciətdə tələbələr İran daxilində "fars dili ilə yanaşı türk dilinin (azərbaycan dili red.) bütün səviyyələrdə rəsmi dil olmasını" istədiklərini bildirirlər.

"Ölkədə bu dildə danışan insanların sayının çox olması və İranın başa-başında yaşadıqlarını nəzərə alaraq, bu önəmli işin yerinə yetirilməsi ölkədə sosial və mədəni problemlerin həllində əsas rol oynayacaqlar", müraciətdə deyilir.

Müraciətdə həmçinin İranda yaşayan digər etnosların dilinin də çoxluq təşkil etdiyi bölgələrdə rəsmi dil olması tələb edilir.

Bundan əvvəl İrandakı azərbaycanlılar dəfələrlə prezident Həsən Ruhanini seçki kampaniyası zamanı onlara ana dillərində təhsil barədə verdiyi vədi yerinə yetirməməkdə ittiham ediblər.

Bu ilin fevral ayında Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələrinin "ana dilində təhsil tələbi" ilə etiraz aksiyası keçirdiyi bildirilib.

Aksiyada, "Ruhani, Ruhani, vədlərin hanı?" şüarının səsləndiyi deyilir.

"Bu tələb İran Azərbaycanında İslam inqilabından sonra aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər", Kanadada yaşayan İran azərbaycanlısı, hüququ müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya deyib.

Bu barədə daha geniş