Gülençilər özlərini tənqid etməyə başlayıb

Türkiyədə hərbi çevriliş cəhdinə qarşı etiraz aksiyasında Fethullah Gülenə bənzədilən fiqur "asılıb" Fotonun müəllifi Getty Images

2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan ABŞ-da yaşayan türk din xadimi Fetullah Gülenin tərəfdarları, ictimai şəkildə gələcəkləri haqqında müzakirələrə və hərəkatın keçmiş fəaliyyətini tənqid etməyə başlayıblar.

Bununla belə, bu sualları irəli sürən və daha çox hesabatlılıq tələb edənlərin əksəriyyəti ya uzun müddətdir ki, xaricdə yaşayan, ya da son illərdə sürgünə məcbur qalan insanlardan gəlir.

Çevriliş cəhdindən sonra, Gülen hərəkatı ilə əlaqədə şübhəli bilinən insanlara qarşı genişmiqyaslı həbs, saxlanılma və işdənçıxarılma əməliyyatları aparılıb.


Həmçinin oxuyun:


Türkiyə bu əməliyyatların iri miqyasına görə kəskin tənqidlərlə üzləşib.

Lakin çevrilişə cəhd edənlərin buraxdığı izlər, məhkəmələrdə təqdim olunan dəlillər və Gülen tərəfdarlarının keçmişdəki zorakı davranışları barədə qeydlər Türkiyənin beynəlxalq tərəfdaşları üçün yetərli olub.

Çevriliş cəhdi gecəsi nələrin baş verdiyi ilə bağlı çox sayda cavabsız suallar mövcud olsa da, bunun arxasında dayanan əsas gücün kimliyinə şübhə yoxdur.

Türkiyədə hökumət tərəfindən terror təşkilatı kimi təqdim olunan gülençilərə qarşı ictimai münasibət pisdir. Son sorğular da, gülençilərin ölkə təhlükəsizliyinə ən böyük təhdidlərdən biri kimi qiymətləndirildiyini göstərib.

Londonda yerləşən Dialoq Cəmiyyətinin sədri vəkil Özcan Keleş bu yaxınlarda Ahval xəbər agentliyinə müsahibəsində, "hərəkatın Türkiyədə sosioloji cəhətdən məhv edildiyini" deyib.

Gülençilərin öz gələcəkləri haqqında narahatlığı məsələsini önə çəkən isə Ahval-ın köşə yazarı Nick Ashdown-dur.

Nick Ashdown-un 2018-ci il 28 fevral ayında "Nifrət olunan, qarşısı alınan Gülən hərəkatının Türkiyədə sonu" adlı məqaləsi dərc olunub. Burada o, bir neçə gülençi akademik və jurnalistlərlə yanaşı, Türkiyəni izləyən müstəqil müşahidəçilərlə həmsöhbət olub.

Fotonun müəllifi Getty Images
Image caption Türkiyədə hərbi çevriliş cəhdində gülençilərin iddia olunan rolu Türkiyə cəmiyyətində Gülen hərəkatına qarşı mənfi ictimai rəyi möhkəmləndirib

Stokholmda Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi Svante E. Cornell deyib ki, Türkiyədəki az qala bütün qruplar gülençilərə nifrət edir. Bu isə hakimiyyət dəyişsə belə, hərəkatın gələcəyini alatoran göstərir.

Özcan Keleş də deyilənləri qəbul edib və deyib ki, "tənqidlərdən nəticə çıxarıb islahat aparmağın əsl vaxtıdır".

Müstəqil müşahidəçilərin böyük əksəriyyəti isə dəyişikliyə çağırışların hərəkatın mərkəzindən gəlmədiyinə və bu mesajların lider Fetullah Gülene birbaşa çatdırılmadığına inanır.

Şəffaflıq, məsuliyyət və hesabatlılığın artırılması naminə islahatlara səsləyənlərin böyük hissəsi Avropada yaşayan elm adamları və ya hərəkatın keçmiş üzvləridir.

London da müzakirənin əsas mərkəzlərindən biri kimi görünür.

Ashdown-un məqalələr seriyasından bir neçə gün əvvəl Londonda yerləşən başqa bir tanınmış gülençi təşkilat Hizmet Tədqiqatlar Mərkəzinin direktoru İsmail Sezgin də xəbərdarlıq edərək bildirib ki, hərəkat "təriqət" halını almamalıdır.

Həftəsonu ərzində Gülen hərəkatının başqa aparıcı adları Twitter üzərindən özünütənqid mesajları paylaşıblar.

Londonda məskunlaşan hüquqşünas Özcan Keleşin başda olmaqla hərəkatın bəzi üzvləri keçmişdəki səhvləri barədə açıq müzakirələrin keçirilməsinə çağırırlar. Bununla belə, bəziləri kütlələr qarşısında zəiflik nümayiş etdirməmək və problemləri dilə gətirməməyə səsləyiblər.

Fotonun müəllifi Getty Images
Image caption Bəzi gülençilər artıq təşkilatın kəskin iyerarxik quruluşunu sual atlına qoyurlar

Rəhbər AK Partiya ilə koalisiyanı yeganə səhvləri kimi qiymətləndirənlər ilə yanaşı, hakimiyyət sevdasından peşman olanlar da az deyil.

İstanbuldan veteran türk jurnalisti Ruşen Çakır uzun onilliklərdir ki, Türkiyədəki müxtəlif İslam hərəkatlarını müşahidə edir və onları internet üzərindən yayımlanan Medyascope TV adlı kanalında şərh edir.

Çakıra əsasən, gülençilərə qarşı qanunsuz telefon dinləmə, imtahan suallarını oğurlama və dəlilləri saxtalaşdırma kimi hallar da daxil olmaqla bir çox zorakı təcrübələr haqqında ittihamların bəzi gülençilər tərəfindən qəbul edilməsi çox mühüm bir hadisədir.

Proqnozlarında Çakır üç müxtəlif yanaşmaya diqqət çəkir.

O deyir ki, əsasən jurnalistlərdən ibarət olan ilk qrupun mesajı "hər şey yaxşıdır və gələcəkdə daha da yaxşı olacaq" kimidir.

İkinci kateqoriya müzakirə və özünütənqidə hazır olduğunu iddia edən, lakin tənqidlərini açıq debatlar istəyənlərə tuşlayanlardır.

Ahval-ın yazarı Nick Ashdown ilə söhbət edən şəxslərin də daxil olduğu üçüncü qrup isə keçmiş hadisələr və hərəkatın kəskin iyerarxik quruluşu barədə suallar verən insanlardan ibarətdir.

Onların arasında bəziləri artıq hərəkatdan uzaqlaşıblar və Türkiyədə hərəkat üçün bir gələcək görmürlər.

Hərkatdan kənar müşahidəçilər üçün isə əsas sual "özünü tənqid edənlərin nə dərəcədə səmimi olmasıdır".

Gülen hərəkatında isə görünüşə aldanmamaq lazımdır. Onların keçmiş manipulyasiyaları və qaranlıq əməlləri göstərir ki, hazırki vəziyyətdə onlara diqqətli bir nəzərlə yanaşmaq lazımdır.

Aparıcı tənqidçi Özcan Keleş Gülen tərəfdarlarını Twitter-də oyunu Qərb üsulu ilə oynamağ çağırır və "əks halda biz daha çox batacağıq" deyir. Bu isə tənqidçi gülençilərin səmimiliyi barədə şübhə toxumları əkməyə bəsdir.

Eynilə də bəzi Gülen tərəfdarlarının Ahmet Şık kimi həbs edilmiş jurnalistlərin ifadə azadlığının təmin edilməsinə çağırışları istehzalı görünür.

Ahmet Şık Türkiyənin demək olar ki, ən tanınmış araşdırmaçı jurnalistdir. O, dövlət müəssisələrində gülençi sızıntıları barədə kitabına görə gülençi hüquq-mühafizə orqanları tərəfindən 2011-ci ildə bir il müddətinə həbs cəzası ilə məhkum edilmişdi.

Lakin o, Gülen hərəkatı, PKK və qeyri-qanuni solçu fəaliyyətlərlə əlaqələrində ittihamlar əsasında bir daha həbsdədir. Onun tərəfdarları inanır ki, onun həbsinin səbəbi təkcə gülençilər yox, onların bir vaxtlar müttəfiqi olanlar haqqında bildiyi məlumatlardır.

Firdevs Robinson Türkiyə və region barədə təhlillərin müəllifidir.

Bu barədə daha geniş