Gürcüstanın Azərbaycana gələn baş naziri: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili və Azərbaycan prezidenti İlham Əliyev Fotonun müəllifi Gov.ge

Çərşənbə axşamı günü Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

Cənab Kvirikaşvilini qəbul edən prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında ticarətin "ildən-ilə" artdığını və bundan məmnun olduğunu deyib.

Cənab Kvirikaşvili isə Azərbaycanı Gürcüstanın "xüsusi strateji tərəfdaşı" adlandıraraq iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin ikişaf etməsindən məmnun olduğunu vurğulayıb.

Hər iki lidər Azərbaycanın Gürcüstanın "bir nömrəli sərmayəçisi" olduğuna diqqət yetirib.


Həmçinin oxuyun:


Görüşdə hər iki dövlət başçısı TANAP qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dilə gətirərək, bu cür layihələrin iqtisadi əlaqələrə müsbət təsirini qeyd ediblər, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti bildirib.

Baş nazir Kvirikaşvili Gürcüstanın rəsmi statistikasına istinadən deyib ki, keçən il Gürcüstana səyahət edənlər sırasında azərbaycanlılar çoxluq təşkil edib.

O, həmçinin prezidenti Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edərək, bunun "həm Gürcüstan, həm də Azərbaycan üçün mühüm" tarix olduğunu deyib.

"Bizim bunu layiqincə qeyd edəcəyimizə ümid bəsləyirəm", o əlavə edib.

Gürcüstan sərmayəsində Azərbaycan liderdir

Gürcüstan Milli Statistika Şöbəsinin məlumatına əsasən, 2017-ci ildə 482 milyon ABŞ dolları həcmində yatırımları ilə ölkəyə birbaşa xarici investisiya edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

İkinci yerdə gələn Türkiyə isə Gürcüstana, sadəcə 279 milyon ABŞ dolları yatırıb.

Əfqan Muxtarlı qalmaqalı

Gürcüstana təkcə sərmayə yatırmaq istəyən azərbaycanlılar üz tutmayıb, həmçinin, bəzi hakimiyyət tənqidçiləri də Tbilisidə məskunlaşmışdı.

Ancaq bir müddətdir ki, Tbilisidə yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının Azərbaycana gətirilməsi Gürcüstanın azərbaycanlı müxalifyönümlülər üçün təhlükəsizl yer olmadığını üzə çıxardı, bəzi azərbaycanlı hakimiyyət tənqidçiləri bu hadisədən sonra sosial media hesablarında yazıblar.

Fotonun müəllifi Elmir Mirzoyev
Image caption Əfqan Muxtarlıbu ilin yanvar ayında məhkəmə qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib

Əfqan Muxtarlı Azərbaycan sərhədini qeyri-qanuni şəkildə keçməkdə, qaçaqmalçılıq və hakimiyyət rəsmisinə qarşı zor tətbiq etməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlının Tbilisidə yaşayan xanımı həyat yoldaşının saxlanmasından sonra təhlükəsizlik səbəblərindən Avropa ölkələrinin birinə sığınmağa məcbur qaldı.

Bu barədə daha geniş