Ermənistanda nə baş verir? - 5 suala cavabda

Image caption Etirazçılarla əlbəyaxadan sonra polis cərgəsi önünə tikanlı məftil çəkilib

1. Hazırda vəziyyət nə yerdədir?

Ermənistan paytaxtında minlərlə adamın etirazı davam edir. Nümayişdə tələbələr fəallıq edirlər.

Yerevanda səhər tezdən başlayan aksiyalarda etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi və Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar.

Keçmiş prezident Serj Sarkisyanın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri "məxməri inqilaba" qoşulmağa çağırıb.

Polis onlarla adamı həbs edib.

2. Etirazlar necə başladı?

Image caption Yürüşün əsas şüarı - "Rədd et Serji"

Etiraz aksiyaları bir qrup ictimai fəallar tərəfindən Serj Sarkisyanın prezidentlik müddəti başa çatdığı gündən, aprelin 10-dan başlanıb.

Məqsəd Serj Sarkisyanın parlament tərəfindən baş nazir seçilməsinə yol verməmək olub. Hərçənd ki, aprelin 17-də o, artıq baş nazir təyin olunub.

Etiraz hərəkatına parlamentin müxalif "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyan rəhbərlik edir.

Aprelin 9-da Serj Sarkisyanın son, ikinci prezidentlik müddəti başa çatıb və onun rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının (ERP) təşəbbüsü ilə ölkə prezidenti vəzifəsinə Ermənistanın Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan seçilib.

Lakin hakim ERP öz liderinin namizədliyini, 2015-ci il Konstitusiyasına əsasən, daha geniş səlahiyyətlərə malik olacaq ölkənin baş naziri vəzifəsinə irəli sürüb.

Səsvermə zamanı namizədinin qələbəsini təmin etmək üçün Daşnaksutyun Partiyası ilə koalisiya təşkil etmiş hakim ERP fraksiyası kifayət qədər səsə malikdir.

3. Hadisələrə kim necə reaksiya verib?

Image caption Yerevanda etirazla çıxanların sayı artmaqdadır

Serj Sarkisyanın baş nazirliyi əleyhinə səs verəcəyini hələlik yalnız müxalif "Yelk" ("Çıxış") fraksiyası bəyan etmişdi.

Lakin 9 nəfərdən ibarət bu fraksiyanın təmsil olunduğu üç siyasi partiyadan - İşıqlı Ermənistan, Respublika Partiyası və Vətəndaş Müqaviləsi - yalnız Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi etiraz aksiyalarına qatılıb.

Müxalifət və bir çox siyasi ekspert daha əvvəl də ölkənin parlament idarəetmə üsuluna keçid üçün keçirilmiş Konstitusiya islahatının məhz Serj Sarkisyanın hakimiyyətdə qalmasını təmin etmək üçün düşünüldüyünü deyirdilər.

Ermənistan Baş Prokurorluğu toqquşmalardan sonra "kütləvi iğtişaşlar" maddəsilə cinayət işi açıb.

Polisin bəyanatında deyilir ki, Nikol Paşinyanın təşkil etdiyi "aksiyaların böyük hissəsi Ermənistan Respublikası sərbəst toplaşmaq azadlıqları haqqında qanununa ziddir və cinayət əlamətləri ehtiva edir".

Aparıcı media vasitələri etirazları məhdud həcmdə işıqlandırır.

TV kanalları etirazlar barədə xəbər bülletenlərində məlumat verir, lakin hadisələrin canlı yayımı verilmir.

İctimai TV bu gün bildirib ki, polis etirazçılara aksiyanı zor gücünə dağıdıcağı barədə xəbərdarlıq edib.

Ermənistanın əsas televiziya kanalları isə Serj Sarkisyanın baş nazir vəzifəsinə seçildiyi parlament iclasını canlı yayımlayıb.

4. Etirazların təşkilatçısı Paşinyan kimdir?

Image caption Müxalif millət vəkili Nikol Paşinyan Serj Sarkisyanın baş nazirliyinə yol verməmək üçün "itaətsizlik tədbirlərinin" keçirilməsinə çağırış edir.

Nikol Paşinyan öz tərəfdarları ilə Serj Sarkisyanın baş nazirliyinə qarşı aksiyalara qatılmaq çağırışları edən və hazırkı hərəkəta başlayıb rəhbərlik edən şəxsdir.

Paşinyan Ermənistan jurnalisti və siyasi fəaldır, 2012-ci ildən Ermənistan parlamentinin üzvüdür.

O, bazar ertəsi polislə toqquşmada xəsarət aldıqdan sonra xəstəxanada ilk yardım alıb yenidən meydana qayıdıb.

"Mənim addımım" etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının sədri, millət vəkili Nikol Paşinyan bəyan edib ki, Serj Sarkisyanın baş nazir seçilməsinin qarşısını almaq üçün mübarizəni davam etdirəcəklər.

Paşinyan jurnalist kimi 1995-ci ildən, Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirəndən bəri çalışıb. 1999-cü ildən "Haykakan jamanak" qəzetinin baş redaktorudur.

2008-ci ildə Levon Ter-Petrosyanın seçkiqabağı qərargahının üzvü olub. 2012-ci ildə Ermənistan parlamentinin üzvü seçilib. 2016-cı ildən "Yelk" partiyasının üzvüdür. 2017-ci ildə yenidən deputat seçilib.

Nikol Paşinyan xalqa müraciət edərək, hamını itaətsizlik aksiyalarına qatılmağa, iş yerlərini qoyub küçəyə çıxmağa, nəqliyyatın hərəkətini dayandırmağa, hüquq mühafizəçilərə qarşı nəzakətli olmağa, lazım gələrsə, polis qüvvələrinin cərgələrini yarıb Milli Məclisin ətrafına toplaşmağa çağırıb.

Image caption "Davay do svidaniya" şüarı yazılmış plakat: Tibb təhsili olan hakim partiyanın rəsmiləri sabiq prezidenti "klinik ölümdən" ayıltmaq istəyir.

5. Baş nazir vəzifəsi niyə bu qədər önəmlidir?

Hakim ERP öz liderinin namizədliyini 2015-ci il Konstitusiyasına əsasən daha geniş səlahiyyətlərə malik olacaq ölkənin baş naziri vəzifəsinə irəli sürüb.

Yeni Konstitusiyaya görə, respublikanın baş naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı sayılır və Təhlükəsizlik Şurasının iclaslarına başçılıq edir.

Güc strukturları - polis, Milli Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Nəzarət Xidməti də baş nazirə tabedir.

Etiraz aksiyalarına baxmayaraq, aprelin 17-də Ermənistan Milli Məclisinin xüsusi sessiyasında Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsinə seçilib.

105 üzvü olan Ermənistan Milli Məclisinin 97 üzvünün iştirak etdiyi səsvermənin nəticəsinə görə, Serj Sarkisyan 77 lehinə, 17 əleyhinə səslə Ermənistanın baş naziri olub.

Serj Sarkisyanın namizədliyi onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası və Daşnaksutyun Erməni İnqilabi Federasiyası tərəfindən təklif edilib.

Bu barədə daha geniş