Serj Sarkisyan istefa verib

Serj Sarkisyan Fotonun müəllifi Getty Images

Ermənistanda etirazların 11-ci günü Baş nazir Serj Sarkisyan istefa verib.

10 il prezident olmuş və yenicə baş nazir təyin edilmiş Serj Sarkisyana qarşı etirazlar günlərdir ki, davam edirdi.

On minlərlə insan Yerevanın küçələrində Serj Sarkisyanın istefası tələbilə etiraz aksiyalarına qatılıb.

İstefa bəyanatında Sarkisyan deyib: "Küçə aksiyaları mənim vəzifədə qalmağımın əleyhinədir. Mən sizin tələblərinizi yerinə yetirirəm".

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

İki müddət prezident olduqdan sonra Sarkisyan ötən həftə Baş nazir təyin olunmuşdu. Etirazçılar onu hakimiyyətdən yapışmaqda ittiham edərək istefasını tələb edirdilər.

Bu gün etirazlara onlarla erməni əsgəri qoşulub.

Öz bəyanatında Sarkisyan Ermənistan parlamentinin deputatı Nikol Paşinyanın rəhbərliyində durduğu müxalifətin haqlı olduğunu bəyan edib.

"Nikol Paşinyan haqlı idi. Mən haqsız idim", - bəyanatda deyilir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Yerevanda etirazçılar Sarkisyanın istefa xəbərini bayram edib

Video açılmırsa, Youtube-da izləyin.

Serj Sarkisyan kimdir?

Cənab Sarkisyan 2008-ci ildən bu il aprelin 9-dək Ermənistan prezidenti vəzifəsində ardıcıl olaraq iki müddət olub.

İlk dəfə bu vəzifəyə 2008-ci ildə onun seçilməsi hakimiyyəti dəstəkləyənlərlə müxalifət tərəfdarları arasında şiddətli toqquşmalara gətirib çıxarmışdı.

Nəticədə, 8 adam həlak olmuşdu.

Sarkisyan bu vəzfəyə ikinci dəfə 2013-cü ildə seçilib.

Həmin seçki kampaniyası zamanı onun bir neçə opponenti seçkidən çıxdığını elan etdi, daha bir namizədə isə güman edilən qətl cəhdi zamanı atəş açılmışdı.

Müxalifət Sarkisyan administrasiyasını Rusiya ilə sıx bağlılığına görə tənqid edib.

Sarkisyana qarşı nədən bu dərəcədə qəzəb var?

Sarkisyan Azərbaycan və Türkiyə ilə münasibətlərdə davam edən gərginliyi aradan qaldıra bilməməkdə, ölkə daxilində geniş yayılmış yoxsulluğun öhdəsindən gələ bilməməkdə ittiham olunub.

Onun höküməti, hakimiyyəti əlində saxlamaq üçün prezidentlikdən baş nazir vəzifəsinə keçid etmiş Vladimir Putinin rəhbərlik etdiyi Rusiya ilə sıx əlaqələrinə görə müxalifət tərəfindən tənqid olunub.

Sarkisyanın prezidentliyi müddətində ölkə prezident üsul idarəsindən parlament respublikası sisteminə keçid edərək, real hakimiyyəti baş nazirə ötürüb.

O, prezident vəzifəsini maksimum mümkün olan 10 il müddətində tutduqdan sonra baş nazir vəzifəsinə keçib, baxmayaraq ki, bunu etməyəcəyinə söz vermişdi.

Ermənistanda nə baş verir? - 5 suala cavabda

Əlaqəli mövzular

Bu barədə daha geniş