Ermənistan parlamenti sabah Baş nazir seçməlidir

mitinq Fotonun müəllifi Getty Images

Ermənistan Milli Məclisinin mayın 1-nə təyin olunmuş xüsusi iclasında Baş nazir seçkiləri keçirilməlidir. Yeganə namizəd Sarkisyan hakimiyyətinin istefası tələbilə etiraz aksiyalarının lideri, müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyandır.

Fraksiyalar öz namizədlərini bu axşam saat 18-ə kimi təklif edilə bilər, lakin üç saat qalmış hələlik heç bir fraksiya namizəd irəli sürməyib.

Təxminən üç həftə Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın Baş nazir vəzifəsindən və hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdən kənar edilməsi tələbilə etiraz aksiyalarına qatılan yüz minlərlə insan etiraz hərəkatı liderini baş nazir vəzifəsində görmək istəyir.

Lakin Nikol Paşinyanın Baş nazir vəzifəsinə seçilməsi üçün parlament üzvlərinin 50 faizi+1 - 53 səs lazımdır.

Tək Paşinyanın rəhbərlik etdiyi "Yelk" fraksiyasında 9 millət vəkili təmsil olunur.

Sayca ikinci (31 millət vəkili olan) "Tsarukyan bloku" parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan bəyan edib ki, blok "xalqın namizədini" dəstəkləyir və ona da səs verəcək.

ERP ilə təşkil etdiyi koalisiyanı ötən həftə tərk etmiş Daşnaksutyun Erməni İnqilabi Federasiya fraksiyası da Paşinyana 7 səs verə bilər.

Hətta bu halda Paşinyanın Baş nazir vəzifəsinə seçilməsi üçün ən azı daha 6 səs çatışmır.

Fotonun müəllifi Getty Images
Image caption Paşinyan hələ ki Baş nazirlik vəzifəsinə yeganə namizəddir

Paşinyan çatışmayan səslərin 58 nəfərdən ibarət Respublikaçılar fraksiyasından alacağına ümid edir.

"Çox güman ki, hakim ERP fraksiyasının bir sıra üzvləri mayın 1-də xalq namizədinin Baş nazir seçilməsinə səs verər", - bazar günü mitinqdə etiraz hərəkatının lideri bəyan edib.

Hələlik rəsmən hakim fraksiya statusunda olan respublikaçılar namizəd irəli sürməyib, lakin etiraz hərəkatı lideri Nikol Paşinyanla görüşdən sonra fraksiyanın sədri Vahram Bağdasaryan bəyan edib ki, ERP "xalq namizədi"nin baş nazir seçilməsinə maneə törətməyəcək.

Paşinyan Milli Məclis fraksiyaları ilə görüşmək üçün tərəfdarlarını bu gün ərzində kütləvi etiraz aksiyalarını saat 17-dək dayandırmağa çağırıb. Parlamentdə görüşlərdən sonra Paşinyan Yerevanın Şenqavit rayonunda Qaregin Njde meydanında toplaşan tərəfdarları ilə Respublika meydanına axşam mitinqinə yollana bilər.

Bu barədə daha geniş