Türkiyə seçkilərində nələr olacaq?

Recep Tayyip Erdoğan Fotonun müəllifi Getty Images
Image caption 1994-cü ildə İstanbulun meri seçildikdən bəri cənab Erdoğan seçkilərdə heç bir dəfə də məğlubiyyətlə üzləşməyib.

24 iyunda baş tutacaq prezident və parlament seçkilərinə görə Türkiyə müxalifəti gərgin qrafikə uyğunlaşmağa çalışır. Siyasi partiyalar mayın beşinə qədər prezident namizədlərini təqdim etməlidirlər.

Müstəqil namizədlərin isə mayın ikisinə qədər 100.000 imza toplaması üçün cəmi bir neçə günü var idi.

Seçilmiş namizədlərin siyahısı mayın 13-ü Resmi Gazete-də elan olunacaq və seçki kampaniyasına start veriləcək.

Namizədlərini seçmək, onların manifestini hazırlamaq və kampaniyaya başlamaq üçün müxalifətə verilən vaxt olduqca azdır.

Erkən seçkilərin mümkünlüyü fikrini dəfələrlə inkar etməsinə rəğmən, cənab Erdoğanın partiyası olan AKP uzun zamandır ki, buna hazırlaşırdı.


Həmçinin oxuyun:


Seçki qanunu yenidən yazıldıqdan sonra, insanlarda yeni qanunvericiliyin seçki fırıldaqçılığı üçün bir imkan yaradacağı qorxusu yaranıb. Hakim partiya isə daxili dəyişiklərlə təşkilatlanaraq seçkilərə hazırlanıb.

Bu arada müxalifətin bir çox mühüm üzvləri həbs edilib. Mediada az qala, bütün tənqidi səslər susdurulub.

Hakim AKP və milliyyətçi müxalifət MHP seçkilər elan olunmamışdan uzun müddət qabaq rəsmi şəkildə seçki müttəfiqliyini elan etmişdi.

Müxalifətin vahid namizəd axtardığı əsnada aprelin 30-u hökumət borcların yenidən qurulması və sosial rifah layihəsinin hazırlanmasını elan edib. Təqaüdçülərə iki əsas dini bayramdan öncə 1000 lira (təxminən 410 manat) ödəniş olunacağı sözü verilib.

Bir sözlə, oyunçuların meydandakı səviyyəsi fərqli olacaq.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi bildirib ki, dövlətin fövqəladə vəziyyəti və "fundamental azadlıqlar üzərindəki qəbuledilməz qadağalar" şəraitində ədalətli və açıq seçkinin əsası sayılan demokratik debat şansı çox aşağıdır.

Bir şərhçinin dediyi kimi: "Türkiyənin siyasi müxalifəti hakim partiya yox, dövlətə qarşı yarışır."

Seçkilər hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır.

Bu seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.

Fotonun müəllifi Getty Images
Image caption İYİ Partiyası artıq lider Meral Akseneri namizəd elan edib.

Ötən il ölkənin mütləq prezidentlik sisteminə çevrilməsi üçün konstitusiyaya dəyişiklər əsasında baş tutan referendumda cənab Erdoğan az fərqlə qalib gəlmişdi.

Prezident Erdoğan erkən seçkilərin keçirilməsinə dair qərar dəyişikliyini "regiondakı tarixi əhəmiyyətli hadisələr və Türkiyənin sərhəd boyunca Suriya ilə apardığı əməliyyatları" ilə izah edib. Bir çoxları inanır ki, Türkiyənin pisləşən iqtisadi görünüşü ilə iqtidarın tələskənliyi arasında böyük əlaqə var.

Bu yaxınlarda Beynəlxalq Maliyyə Fondu (IMF) Türkiyə iqtisadiyyatı üçün "isinmə əlamətləri ilə bağlı" xəbərdarlıq edib.

Mayın 1-i qlobal reytinq agentliyi Standard & Poor Türkiyənin kredit reytinqinin aşağı düşdüyünü bildirib. S&P Türkiyənin suveren valyutada kredit reytinqini BB-/B-ə endirib ki, bu da investisiya üçün tövsiyə edilən səviyyədən iki pillə aşağıdır.

"Bu enmə bizim pisləşən inflyasiyaya baxışımızı və Türkiyənin valyuta məzənnəsinin uzun müddətli dəyərsizləşməsi və dəyişkənliyi ilə bağlı narahatçılığımızı əks etdirir," S&P bəyanatında bildirib.

"Fövqəladə vəziyyətin uzadılması və prezidentlik sisteminə keçid, bizim qərarverici proses və tarazlı nəzarət üzrə aşınma narahatçılığımıza əsas verir," S&P əlavə edib.

Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ (Yaxşı) Partiyası, Səadət Partiyası (SP) və Demokrat Partiyası (DP) seçki ittifaqı əsasında bir araya gəliblər. Onlar ilk mərhələdə cənab Erdoğanın qələbəsini inkar etmək üçün kifayət qədər səs toplamaq ümidi ilə öz namizədlərini irəli sürəcəklər.

Onlar ikinci mərhələdə ən güclü namizədə birgə dəstək barədə razılığa gəliblər.

İYİ Partiyası artıq lider Meral Akseneri namizəd kimi elan edib. Səadət Partiyası da lideri Temel Karamollaoğlunu namizəd göstərib.

İndi isə hər kəs mayın 4-ü elan olunacaq ana müxalifət CHP-nin namizədinin adını gözləyir.

Fotonun müəllifi Getty Images
Image caption CHP lideri Kemal Kılıcdaroğlu namizədliyini irəli sürməsə də, partiyanın seçimində son söz sahibidir.

CHP parlamentdə yer tutan ən böyük müxalifət qrupudur və onların namizədinin reytinqi prezident seçkisinin nəticəsi üçün ya qurucu, ya da dağıdıcı faktor rolunu oynayacaq.

CHP lideri Kemal Kılıcdaroğlu namizədliyini irəli sürməsə də, partiyanın seçimində son söz sahibidir. Namizədin kimliyi hələ heç kəsə məlum deyil, amma onların seçimi bilikli, iqtisadiyyatdan başı çıxan və mümkün qədər ən geniş seçici kütləsinə xitab edə bilən biri olacaq. Sürprizə hazır olun!

Müxalifətin ittifaqına kürdyönlü Xalq Demokratik Partiyası (HDP) daxil deyil. HDP-nin namizədi partiyanın bir ildən artıqdır ki həbsdə olan keçmiş lideri Selahattin Demirtaşdır. Cənab Demirtaş seçki kampaniyasını barmaqlıqlar arxasından aparacaq.

1994-cü ildə İstanbulun meri seçildikdən bəri cənab Erdoğan seçkilərdə heç bir dəfə də məğlubiyyətlə üzləşməyib. Hökumətyönlü media və tərəfdarları bu dəfə də onun rahatlıqla seçiləcəyinə arxayındırlar. Bəziləri hətta təklif edir ki, o, qalib gələnədək seçkiləri təkrarlayacaq.

Əgər ana müxalifət CHP anı yaxalaya bilsə, demokratik prinsiplər əsasında inşa olunan siyasi ittifaqa liderlik edə bilsə və etibarlı namizəd irəli sürə bilsə, cənab Erdoğan qarşı uğur qazanmağın ehtimalı artacaq.

Firdevs Robinson Türkiyə və region barədə təhlillərin müəllifidir.

Bu barədə daha geniş