Rusiya əsgəri erməni ailəsini qətlə yetirdiyini etiraf edib

russian_military_armenia Fotonun müəllifi RIA Novosti

Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov Gümri şəhərində bütün bir ailənin üzvlərini qətlə yetirdiyini etiraf edib.

Bu barədə jurnalistlərə Ermənistan Polis rəisinin birinci müavini Hunan Poğosyan məlumat verib.

Valeri Permyakov Gümri şəhərində Seryoja Avetisyanın ailənsinin 6 üzvünü öldürüb, 6 aylıq uşağa süngü ilə ağır xəsarət yetirməkdə şübhəli bilinirdi.

“Valeri Permyakov cinayəti boynuna alıb. O deyib ki, şəhərdə gəzmək istəyirmiş, sonra təsadüfən həmin evə girib”, - general Poğosyan deyib.

Hadisə bazar ertəsi səhər saat 6:30 radələrində baş verib. Hadisə yerində Kalaşnikov tipli avtomat, 5,45 mm çaplı avtomat patronları, bir ədəd dolu, bir ədəd içində 1 güllə qalmış avtomat darağı və üzərində əsgərin ad-soyadı yazılmış bir cüt botinka aşkar edilib. Burada Permyakovun hərbi paltarını dəyişdiyi ehtimal olunur.

Sərhəddə saxlanılıb

Çərşənbə axşamına keçən gecə Valeri Permyakov Ermənistan-Türkiyə sərhədi yaxınlığında sərhədə keşik çəkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Ermənistan Polisinin İctimai Əlaqələr İdarəsinin rəhbəri Aşot Aharonyan Permyakovun Türkiyə tərəfinə keçməyə cəhd etdiyi zaman yaxalandığını deyib.

Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Gümri şəhərində bir ailənin 6 üzvünü qətlə yetirməkdə ittiham olunur. Bazar ertəsi Ermənistan Polisi onun barəsində axtarış elan edib.

İstintaq orqanlarının ilkin məlumatına görə, bazar ertəsi saat 6:30 radələrində Gümri şəhər sakinləri Avetisyan ailəsinin 6 üzvü öldürülüb.

Hadisə yerində 54 yaşlı ailə başçısı Seryoja Avetisyan, onun arvadı, oğlu ilə gəlini və iki uşaq (biri 2 yaşında) meyiti aşkar edilib.

Hazırda Valeri Permyakov Gümridə 102-ci Rusiya bazası ərazisində saxlanır.

Erməni tərəfinə verilməyəcək

Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinən 102-ci Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun Ermənistan hüququ-mühafizə orqanlarına təhvil verilməsi məsələsi müzakirə olunmayıb, Ermənistan Baş Prokurorluğunun çərşənbə axşamı yaydığı bəyanatında deyilir.

Fotonun müəllifi BBC World Service
Image caption Erməni ailəsinin 6 üzvünü öldürən Valeri Permyakov Ermənistanda Rusiya hərbi bazası ərazisində saxlanılır

Ermənistan və Rusiya prokurorluqları Gümri qətlinin detallarını müzakirə edib, günahkaqların qanunun “tam ciddiliyi ilə cəzalandırılmasının labüdlüyünü” qeyd ediblər.

“Şübhəli bilinən şəxs Valeri Permyakov Rusiya Federasiyası vətəndaşıdır və hazırda RF hüquq-mühafizə orqanlarının nəzarəti altındadır; bu isə, onun faktiki RF yurisdiksiyası tabeliyində olması deməkdir. Rusiya Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndinə əsasən, RF vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz, bunun əsasında Permyakovun Ermənistan hüquq-mühafizəçilərinə ötürülməsi məsələsi müzakirə olunmur”, - bəyanatda deyilir.

İstintaqın Ermənistan və Rusiya hüquq-mühafizə strukturlarının birgə aparıldığı bildirilir, erməni tərəfi isə “bütün günahkarların qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edilməsi işində ardıcıl olacaq”.

Ermənistan prokurorluğunun bu izahatı bir çox yerli mütəxəssisləri məyus edib, bəziləri bəyanatın heç bir qanuni əsası olmadığını qeyd edir.

Vəkil Yervand Varosyan hesab edir ki, erməni ailəsinin qətlə yetirilməsi işi Ermənistanda baxılmalıdır.

Ermənistanla Rusiya arasında sazişin 4-cü və 5-ci maddələrinə əsasən, hərbi baza ərazisindən kənarda törədilən cinayət işini Ermənistan tərəfi araşdırmalıdır, yalnız baza hərbçisinə və ya onun ailə üzvünə qarşı cinayətlər işi istisna olaraq, RF orqanlarına verilə bilər, News.am saytı vəkili iqtibas edir.

“Ermənistan Respublikasında axtarışa elan edilmiş və Ermənistan ərazisində tutulan həmin şəxs Ermənistana təhvil verilməlidir. Ermənistan polisi bütün gün ərzində Gümridən çıxan və daxil olan maşınları yoxlayıb. Necə olub ki, əsgər gedib sərhədə çata bilib? Nə üçün xarici bir ölkənin [Rusiyanın] silahlanmış hərbçiləri Ermənistan Şirak vilayəti ərazisində cinayət-axtarış işləri aparır? Onların Ermənistan ərazisində cinayət törətmiş bir kəsi tutub Ermənistana təhvil verməməyə nə haqqı var? Bu işdə sual doğuran məqam çoxdur”, - vəkil Varosyan deyib.

Bu barədə daha geniş